Ermənistan AİB-dən çıxsa, hansı ciddi problemlərlə üzləşəcək? – ANALİZ

2023/12/1702445583.jpg
Oxunub: 2690     14:32     29 Dekabr 2023    
Nikol Paşinyan və onun komanda yoldaşlarının simasında Ermənistan hakimiyyəti artıq gizlətmir ki, onların əsas məqsədi Rusiya ilə müttəfiqlik münasibətlərini pozmaq, bütün inteqrasiya və müdafiə birliklərindən çıxmaq, rus biznesini ölkədən çıxarmaq, Aİ və NATO ilə əlaqələri genişləndirmək, həmçinin Ermənistanı başqa bir Ukrayna və Moldovaya çevirməkdir.

Eyni zamanda, bəzi məlumatlara görə, Ermənistan hakimiyyəti inteqrasiya birliklərindən, xüsusən də Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq risklərini qiymətləndirmək qərarına gəlib və belə bir təftişin məqsədinin nə olduğunu təxmin etmək çətin deyil. Əslində, Paşinyan Qərb kuratorlarına hesabat təqdim etmək və anlamaq niyyətindədir ki, kollektiv Qərb Ermənistanın AİB-dən çıxacağı təqdirdə Ermənistan iqtisadiyyatının çəkəcəyi bütün itkiləri ödəməyə hazırdırmı?

Zərərlər isə az olmayacaq. Bir sıra hesablamalara görə, ilk növbədə Ermənistanın kənd təsərrüfatı, energetika və tikinti sektoru iflic vəziyyətinə düşəcək. Birinci ildə ÜDM 25%-ə qədər, onuncu ildə isə 14%-ə qədər azalacaq.

AİB-dən çıxmaq həm də ikirəqəmli iqtisadi artım proqnozlarını ləğv edəcək və ən çox ixrac sektoruna zərbə vuracaq. Deyilənləri əsaslandırmaq üçün qeyd edək ki, ötən il Ermənistanın ümumi ixracı 5,42 milyard ABŞ dolları, Ermənistanın Rusiyaya ixracı isə 2,463 milyard dram və ya ümumi ixracın 45,5 faizini təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında Ermənistanın ümumi ixracı 5,12 milyard ABŞ dolları, Ermənistanın Rusiyaya ixracı isə 2,645 milyard dram və ya ümumi ixracın 52 faizini təşkil edib.

2023-cü ildə Rusiya Federasiyasına ixracın payı əvvəlki illə müqayisədə Ermənistanın ümumi ixracında 6,5 faiz bəndi artıb. Burada Aİ ilə müqayisələr aparmaq yerinə düşər. 2023-cü ilin 9 ayında Ermənistanın Aİ ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi üçdə bir qədər artaraq, 2,1 milyard dollar təşkil edib, eyni zamanda, Ermənistanın Aİ ölkələrinə ixracının həcmi 5,1 faiz azalıb. Ermənistana idxal 48,5% artaraq, 1,7 milyard dollar təşkil edib. Hesab edirik ki, Ermənistan üçün Aİ bazarının heç bir şəkildə AİB bazarını əvəz edə bilməyəcəyini izah etməyə ehtiyac yoxdur və bu halda oyun bir qapı istiqamətində gedəcək.

Ermənistanın AİB-dən çıxması halında sahibkarlıq subyektləri üçün əlavə xərclər yaranacaq. İndi sahibkarlıq subyektlərinin Ermənistan reyestrində görünməsi avtomatik olaraq rusiyalı tərəfdaşlarda qeydə alınır ki, bu da ixracı xeyli asanlaşdırır. Aydın məsələdir ki, strukturu tərk edəcəyi təqdirdə erməni iş adamları ciddi maliyyə və bürokratik çətinliklərlə üzləşəcəklər.

Lakin problemlər bununla bitməyəcək. Tamamilə məntiqlidir ki, AİB-dən kənarda olan Ermənistan aydın şəkildə başa düşməlidir ki, bu halda Rusiya və AİB-in digər üzv dövlətləri ilə əldə olunan razılaşmalara yenidən baxılacaq. Şübhə yoxdur ki, ilk növbədə Ermənistana təbii qazın satışı üzrə güzəştli tariflərə yenidən baxılacaq. Məsələn, Rusiya Federasiyasından Ermənistan sərhədinə çatdırılan təbii qaz bugünkü güzəştli qiymətlə deyil, məsələn, Moldovada olduğu kimi, 1000 kubmetr üçün 339,9 dollara satılacaq. ECORYS və CASE beynəlxalq şirkətlərinin məlumatına görə, Ermənistan yalnız güzəştli qaz qiyməti hesabına illik əsasda əlavə 2,2 faiz iqtisadi artım təmin edir. Ermənistanın bu imkandan da məhrum olacağı aydındır. Enerji xərclərinin artacağı şübhəsizdir. Əgər bu gün Ermənistan ÜDM-in enerji səmərəliliyinə görə region ölkələrindən və Aİ-dən geri qalırsa, o zaman elektrik enerjisinin qiymətinin artması ölkənin iqtisadi rəqabət qabiliyyətinə mənfi təsir göstərəcək, çünki elektrik enerjisi tariflərinin artması təhlükəli “zəncirvari reaksiya”ya, yəni məhsulun maya dəyərinin artmasına səbəb olacaq.

Burada daha bir mühüm amili qeyd etmək lazımdır. Ermənistanın Atom Elektrik Stansiyası ВВЭР-440 tipli reaktora malikdir və yalnız Rusiyada istehsal olunan nüvə yanacağı ilə işləyir. Ermənistanın AİB-dən çıxması ilə əlaqədar olaraq, Ermənistan AES-in nüvə yanacağının və nüvə reaktorunun istilik yayan elementlərinin cari qiymətlərinə yenidən baxılacağı (artım istiqamətində) gözlənilir ki, bu da elektrik enerjisinin qiymətlərinin artmasına səbəb olacaq.

İqtisadçılar da razılaşırlar ki, AİB-dən çıxacağı təqdirdə Ermənistan ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı bir çox problemlərlə üzləşəcək, çünki bu gün idxal olunan buğdanın 99 faizi, unun 98,4 faizi, tərəvəzin 48,5 faizi, şəkərin 41 faizi AİB-dən, daha dəqiq desək, Rusiya Federasiyasından idxal olunur.

Qaçılması mümkün olmayan başqa bir problem də var. AİB Ermənistan iqtisadiyyatına investisiyaların həcminə görə yenə liderdir. Ötən il AİB-ə üzv ölkələrin investisiyaları 111,8 milyard dram artıb. Əsas sərmayələr Rusiyadan mədənçıxarma və energetika sahələrinə, Belarusdan isə topdansatış ticarət sahəsinə qoyulub. Qeyd edək ki, Avropa İttifaqı ilə Ermənistan arasında investisiya koordinasiyası platforması yenicə formalaşır və onun effektivliyi, Qərbin Ermənistana nə dərəcədə investisiya qoymağa hazır olduğu hələlik məlum deyil.

Paşinyan və ona gözəl vədlər verən Qərb yaxşı bilir ki, Rusiya ilə amansız “boşanma” ağır iqtisadi və sosial böhrana səbəb olacaq, bundan sonra kiçik Ermənistanda bu prosesin təşəbbüskarları öz avantürist siyasətinə görə öz ac xalqı qarşısında cavab verməli olacaqlar.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin