Türkiyənin F-35 proqramından çıxarılmasından sonra milli və yerli istehsala üz tutan Türkiyə təcili döyüş ehtiyacları üçün parkını modernləşdirməyə ehtiyac duyur. Xüsusilə radar və proqram təminatı baxımından F-16-lar üçün istifadəyə verilən “Özgür” Layihəsi döyüş təyyarələrinə olan ehtiyacı doldurdu, lakin Türkiyə F-16-ların modernləşdirilməsi ilə yanaşı, mümkün döyüş tapşırıqları, təhlükə və risk qiymətləndirmələri və büdcə limitləri daxilində yeni təyyarələr almaq istəyir.
Bu təyyarələrin hansı tip ola biləcəyinin seçimini görmək üçün hazırda HHQ-nin yerinə yetirdiyi döyüş tapşırıqlarını araşdırmaq lazımdır. Türkiyə HHQ böyük və ya orta gücə malik dövlətlər də daxil olmaqla, eyni anda 2 və ya daha çox şərti təhlükə ilə hava, dəniz və quru hədəflərini vura bilməlidir. Yəni həm strateji, həm operativ, həm də taktiki vəzifələri eyni vaxtda yerinə yetirməlidir. Bundan əlavə, adi qüvvələrlə birlikdə asimmetrik təhlükə yarada biləcək terror təşkilatları kimi nizamsız ünsürlərə qarşı hazır olmalıdır.
Bu səbəbdən tədarük edilən təyyarələrin müxtəlif tapşırıqları yerinə yetirmək üçün çox funksiyalı bir quruluşa sahib olması tələb olunur. Bu anda F-16 və ya “Eurofighter” təyyarələri kimi variantlar ön plana çıxır. Digər tərəfdən, sözügedən tədarük Türkiyə aviasiya sənayesi üçün “layihədən istehsal və inventara keçid” prosesini idarə etmək üçün bir ara düsturdur.
F-16 seçimi dayandırılıbmı?
Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı Türkiyənin tələbi ilə bağlı hələ də proses başlatmayıb. F-16 döyüş təyyarələri Türkiyə üçün məntiqli seçimdir, lakin ABŞ-də bu vəziyyətə mənfi yanaşma var. Əslində ABŞ senatorları dövlət katibi Entoni Blinkenə təyyarə satışını dayandırmaq üçün məktub göndəriblər. Artıq bu məsələdə yunan və erməni lobbiləri mənfi təşəbbüslər irəli sürərkən, yəhudi lobbisi də bu partiyasız qrupa daxil edilib. Ona görə də Türkiyəyə F-16-ların satışı zəif bir ehtimaldır. Bu ehtimala qarşı Türkiyə artıq alternativ axtarışını dilə gətirirdi.
Məsələn, Türkiyənin keçmiş milli müdafiə naziri Hulusi Akar 2022-ci ilin oktyabrında Britaniyada, HHQ komandanı general Ziya Cemal Kadıoğlu isə 2023-cü ilin oktyabrında Pakistanda Çin istehsalı olan J-10 döyüş təyyarəsini incələmişdi. Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles tez-tez “Eurofighter” proqramı ilə Türkiyəyə gəlirdi. ABŞ F-16-ların satışına icazə verməzsə, Türkiyə “Hürjet” və “Kaan” istehsal olunana qədər digər tədarükçülərə müraciət edərək, ara düstur tapmağa çalışır. Təchizatçıların bu axtarışdan narahat olduğunu söyləmək olmaz.
F-35, “Eurofighter” və F-16 döyüş təyyarələri arasındakı fərqlər
Bu təyyarələrin konsepsiyaları, başqa sözlə, istifadə üsulları fərqlidir. F-35 döyüş təyyarəsi stels texnologiyası ilə hədəfə yaxınlaşmaq və uzaqdan sursatları hədəfə çatdırmaq üçün nəzərdə tutulmuş kəşfiyyat təyyarəsidir. Proqram təminatı qabaqcıldır və ani məlumat ötürülməsi ilə tapşırıqların səmərəliliyi yüksək səviyyədədir. Mənfi tərəfi odur ki, təyyarənin tədarük, texniki xidmət xərcləri yüksəkdir və o, ABŞ-dən mərkəzi nəzarətə tabedir. Yəni F-35-lərlə milli missiyaların yerinə yetirilməsi ABŞ-nin “razılığı”na bağlıdır. Hazırda yaşanan texniki çətinliklər təyyarəyə olan inamı sarsıdır.
“Eurofighter Typhoon” və F-16 döyüş təyyarələrində stels texnologiyası yoxdur. F-16 döyüş təyyarəsi yeni dəstlərlə modernləşdirilərsə, 4,5-ci nəsil təyyarə ola bilər. Bu çərçivədə, radar sisteminin və ya uçuş idarəetmə proqramının dəyişdirilməsi kimi əlavə əməliyyatların həyata keçirilməsi lazımdır.
Digər tərəfdən, “Eurofighter” texnologiya və tutum baxımından çox funksiyalı missiyaları yerinə yetirə bilən yaxşı bir təyyarədir. Onun xidmət tavanı, yəni çata biləcəyi hündürlük F-16-dan yaxşıdır. Çeviklik yüksək olsa da, sürət yanacaq sərfiyyatını, yəni iş vaxtını məhdudlaşdırır. Müqayisə üçün qeyd edək ki, “Eurofighter” Fransanın “Rafale” təyyarəsinə ekvivalent bir təyyarədir, lakin onun manevr qabiliyyəti, xidmət tavanı və sürəti “Rafale”dən daha yaxşıdır.
Yadınızdadırsa, Yunanıstan aldığı 20 “Rafale” ilə Egey cinahında Türkiyənin F-16-larına qarşı hava üstünlüyü qazanmışdı. Ona görə də Türkiyənin bu addımı Yunanıstanın fransız “Rafale” komandasına qarşı Türkiyənin Avropa “Eurofighter” komandası kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Yunanıstan 58 F-16, eləcə də 24 “Rafale” döyüş təyyarəsini modernləşdirir. Bundan əlavə, 20 F-35 də alır.
Qəzza məsələsi ortaya çıxanda ABŞ-nin Şərqi Aralıq dənizinə aviadaşıyıcı gəmilər göndərdiyini nəzərə alsaq, Türkiyə HHQ-nin çəkindirici və missiyaya hazır bir quruluşa sahib olmasına təcili ehtiyac var. Bu çərçivədə “Kaan” Layihəsi sürətləndirilərkən, hazır alışlarla balansın qorunub saxlanılması lazımdır, lakin F-35-lərin 5-ci nəsil təyyarələr olduğunu xatırlamaqda fayda var.
“Kaan” və “Hürjet”in səyahəti nə vaxtdır?
Milli təyyarə layihələri hələ də inkişaf və sınaq mərhələsindədir. İlk uçuşunu 2023-cü ilin dekabrında edəcək “Kaan” və ilk uçuşunu keçdiyimiz may ayında edən “Hürjet” Türkiyə aviasiya sənayesində yerlə səmanı birləşdirəcək. “Kaan”ların texniki xüsusiyyətləri “Türk Uçak Sanayii Anonim Ortaklığı” (TUSAŞ) tərəfindən hələ ictimaiyyətlə paylaşılmayıb.
Ancaq 5-ci nəsil təyyarə olan “Kaan”ın ilk 20-si üçün F110 mühərriki xarici tədarüklə alınacaq, proqram təminatı isə milli olacaq. “Kaan”ın sonrakı istehsallarında isə milli mühərrikdən istifadə olunacaq. Eyni şey “Hürjet”ə də aiddir. “Türk Motor Sanayi (TEI) tərəfindən milli mühərrikin istehsalı ilə xaricə asılılıq böyük ölçüdə sona çatacaq. “Kaan” Türkiyə HHQ-nin strateji missiyalarında, “Hürjet” isə hava-quru missiyalarında iştirak edə biləcək.
Digər tərəfdən, “Hürjet”in F-16 ekvivalenti təyyarəsi olmaq üçün paralel araşdırma və inkişaf (Ar-Ge) prosesindən keçməsi lazımdır. Bu təyyarələr Türkiyə HHQ-nin inventarına daxil olacaq və 2028-ci ildən sonra döyüş tapşırıqlarını yerinə yetirəcək. Lakin “Kaan” və “Hürjet”in kəmiyyət və keyfiyyət adekvatlığı baxımından inventarda öz yerini tutması ən azı 5-7 il çəkə bilər. Bu səbəbdən Türkiyənin bu 10 illik müddət ərzində “Eurofighter”, F-16 və ya digər oxşar təyyarələrə ehtiyacı var.
Almaniyanın münasibəti
Almaniya daha əvvəl Türkiyəyə qarşı örtülü silah embarqosu tətbiq edib. Türkiyənin terrorla mübarizədə alman silahlarından istifadə etməsi almanların şüurunda problem yaradır. Almaniya hökuməti koalisiya olduğu üçün belə qərarlar hökumət böhranlarına da səbəb ola bilər. Əslində Səudiyyə Ərəbistanının 2023-cü ilin iyul ayında almaq istədiyi “Eurofighter” döyüş təyyarələri Yəməndə istifadə olunma ehtimalına görə Almaniya hökumətində müzakirələrə səbəb olub. Odur ki, Almaniya hökumətinin belə bir müraciətə reaksiyası ilə bağlı yenidən fikir ayrılıqlarının olacağı ehtimal edilir.
Lakin İspaniya və Böyük Britaniya Almaniyanın təyyarə satışını əngəlləmək cəhdlərindən narahatdır. Təyyarənin qiyməti ilə bağlı tənqidlər olsa da, maya dəyərini azaltmağın ən məntiqli yolu olan “daha çox istehsal”ın qarşısının alınması konsorsiumun davamlılığına şübhə ilə baxılmasına səbəb olur.
Böyük Britaniya və Almaniyanın Gələcəyin Döyüş Hava Sisteminin (FCAS), yəni 6-cı nəsil təyyarələrinin istehsalı ilə bağlı işlərinə vəsait toplamaq üçün “Eurofighter” döyüş təyyarələrinin bazara çıxarılmasına maneələr aradan qaldırılmalıdır. Bu layihənin dəyəri təxminən 100 milyard avrodur. Almaniya da bu xərcə görə layihədən çıxmaq istəyir. Bundan əlavə, Almaniya Böyük Britaniyanın “Tempest” Layihəsində iştirak etmək və iki ayrı layihə yerinə Böyük Britaniya, Yaponiya və İtaliya ilə birlikdə 6-cı nəsil təyyarələr istehsal edə biləcəyi tək layihəyə daxil olmaq istəyir. Hazırda Avropa dövlətlərinin F-35, “Rafale” və F-16-ya üz tutduğu bir vaxtda Almaniyanın Türkiyəyə satışı əngəlləməsi əslində Almaniyanın bahalı hesab etdiyi 6-cı nəsil təyyarə proqramını çətinliyə salacaq bir yanaşmadır.
Digər tərəfdən, Almaniyanın mənfi qərar verəcəyi təqdirdə Türkiyənin “Eurofighter”ə başqa alternativlərinin olduğu, hətta Milli Təyyarə Proqramının sürətləndirilməsinin də nəzərdən keçirilə biləcəyi görünür.
Dəyanət Ağalarlı
Ordu.az