Açıq Mənbə Kəşfiyyatı – Nasistlərə qarşı tətbiq edilən düstur bu gün də keçərlidir

2023/11/544-1700302300.jpg
Oxunub: 27238     16:21     20 Noyabr 2023    
Bu yazıda Azərbaycan dilinə açıq mənbə kəşfiyyatı olaraq çevrilən OSINT-nin (Open Source Intelligence) hərbi məqsədlə istifadəsindən tarixi nümunələr verərək danışacağıq.

Açıq mənbə kəşfiyyatı nədir?

Açıq mənbə kəşfiyyatı ictimaiyyətə açıq olan məlumatlardan kəşfiyyat əldə etmək üsuludur. İctimaiyyətə açıq məlumatlar ümumiyyətlə xəbər kanalları, qəzetlər, jurnallar, sızan məlumatlar kimi mediadan və çox vaxt internetdən əldə edilir.

Açıq mənbə kəşfiyyatı məlumat vermək, bir adamı yerindəcə izləmək və bir ölkədə casusluq etmək qədər təhlükəsizlik problemlərini ehtiva etmədiyi və ucuz başa gəldiyi üçün bu gün dünyada hər bir kəşfiyyat xidmətinin edə biləcəyi ən əsas kəşfiyyat üsuludur. Hesablamalara görə, kəşfiyyat xidmətləri işlərinin 80%-ni açıq mənbələrdən həyata keçirir.

Açıq mənbə kəşfiyyatının hərbi məqsədlə istifadəsi

Ölkələrin kəşfiyyat bölmələri digər ölkələrin hərbi inventarları, effektivliyi və yeni texnologiyaları haqqında məlumat əldə etmək üçün tez-tez açıq məlumatları axtarır.

Misal üçün:

İnternetə yüklənən bir fotoşəkildə əks olunan döyüş təyyarəsindəki sadə seriya nömrəsi həmin ölkənin eyni modeldən neçə döyüş təyyarəsinə sahib olduğu barədə təxmini məlumat verə bilər.

“Gizli təlim düşərgəsi” kimi elan edilən yerin yayımlanan videosundan ətrafdakı tikililərə, bitki örtüyünə və litosferə baxaraq, o yerin məkanını öyrənmək olar.

Təbliğat məqsədilə yayımlanan hərbi məşğələ və ya təlim videosundan hərbi qulluqçuların istifadə etdiyi avadanlıqlara baxaraq, qarşı tərəfin hansı texnologiyaya sahib olduğunu anlamaq olar.

Nasistlərə qarşı tətbiq edilən açıq mənbə kəşfiyyatı

İkinci Dünya müharibəsi zamanı müttəfiqlərin statistikləri nasistlərin ayda neçə tank istehsal etdiyini öyrənmək üçün çox funksional və az səhvli bir düsturdan istifadə etdilər və bu düsturla real rəqəmə yaxın rəqəmlər əldə etməyi bacardılar. Ələ keçirilən nasist tanklarının üzərində olan seriya nömrələrini siyahıya alaraq, nasistlərin ayda neçə tank istehsal etdiyini öyrənmək üçün aşağıdakı düsturdan istifadə etdilər:

N = m + m/k – 1

N - tank sayı, m - əldə edilən ən böyük seriya nömrəsi, k - əldə edilən seriya nömrələrinin ümumi sayı.

Nasistlərin açıq şəkildə “Panter” tanklarına seriya nömrələri əlavə etməsi ədəbiyyata “Alman tank problemi” kimi keçdi. Əslində, bu, bir çox insan tərəfindən “açıq mənbə kəşfiyyatı” sayılmaya bilər, çünki il ərzində mediadan və internetdən əldə olunmayan məlumatları ehtiva edir. Bununla belə, nasistlərin “Panter” tanklarının “açıq” seriya nömrələri açıq məlumat olduğundan, bunun açıq mənbə kəşfiyyatı olduğu qənaətinə gələ bilərik. Üstəlik, açıq mənbə kəşfiyyatı yalnız internet və mediadan aparılmamalıdır, qəzetlər, jurnallar, broşürlər və s. mənbələrdən də açıq məlumat kimi istifadə olunur.


Açıq məlumatlarla İran Hərbi Hava Qüvvələrində (HHQ) nə qədər F-14 olduğunu tapırıq

Açıq mənbə kəşfiyyatını izah edib, praktiki bir misal göstərməmək düzgün olmazdı. Bu misal üçün biz İran HHQ-də nə qədər F-14 olduğunu öyrənməyi seçdik. Əslində, ABŞ-nin İrana 79 ədəd F-14 satdığı məlumdur, amma biz bunu izah etmək məqsədilə etdiyimiz üçün fərz edəcəyik ki, xəbərimiz yoxdur. Üstəlik, İran bu gün F-14-lərinin əksəriyyətini istismardan çıxarmağa məcbur olub.

İlk olaraq bizim metodumuz yuxarıda izah etdiyimiz kimi statistiklərin nasistlərə qarşı işlətdiyi düstur çərçivəsində formalaşacaq. Bu düsturdan istifadə etmək üçün bizə seriya nömrələri lazımdır və İran HHQ hər bir təyyarənin görünən hissəsinə seriya nömrəsi yazır.


Qısa bir şəkil axtarışından sonra ən böyük seriya nömrəsi 3-6077 olan 13 fotoşəkil tapırıq. İran F-14-lərinə 3-60 ilə başlayıb davam edən (3-6077 kimi) nömrələr verdiyindən burada nəzərə alacağımız hissə yalnız son iki rəqəmdir (77). İndi bütün məlumatlar hazırdır, rəqəmləri əvəz edərək düsturumuzu tətbiq edirik:

N = 77 + 77/13 – 1

N = ~80

Nəticə olaraq N-nin təxminən 80 olduğunu gördük. Bu rəqəmi reallıqda alınan 79 ədədlə müqayisə etdikdə, çox kiçik səhv payı olan bir nəticə alınır. Lakin ümumilikdə 79 alınan təyyarələrin ümumi sayını, qəzaya uğrayan və istismardan çıxarılan təyyarələrin sayını nəzərə alsaq, İranın bu rəqəmdən qat-qat az F-14-dən aktiv şəkildə istifadə etdiyi qənaətinə gələ bilərik. Bəs İran bu gün F-14-lərdən neçəsini aktiv şəkildə istifadə edir?

İran HHQ aktiv inventar nömrəsini gizlətdiyi üçün bu rəqəmi dəqiq deyə bilmərik. Ancaq 1988-ci ildə ilk F-16-ları alan Türkiyə HHQ-nin ilk gündən bəri 30-35 qəzasının olduğunu nəzərə alsaq, sadə bir nisbətlə 1979-cu ildən bəri F-14-lərdən istifadə edən İranın 40-a yaxın təyyarə itirdiyi və bu gün 40-a yaxın təyyarənin aktiv şəkildə istifadə edildiyi qənaətinə gələ bilərik.

Təbii ki, Türkiyə HHQ ilə İran HHQ-nin uçuş tezliyi və texniki-təmir vəziyyəti eyni olmasa da, bu müqayisə təxmini nəticə əldə etməyə imkan verir. Bundan başqa, ümumilikdə dəqiq rəqəmləri təqdim edən dünyaca məşhur “flightglobal.com” saytı İran HHQ-də 41 aktiv F-14 təyyarəsinin olduğunu bildirib.

Açıq mənbə kəşfiyyatı ilə terror düşərgəsinin aşkarlanması

2016-cı il mayın 26-da Suriyada fəaliyyət göstərən “Ceyş-ul İslam” terror təşkilatı “YouTube”a terrorçuların təbliğat məqsədilə təlim keçdiyi iki video yükləyib. Yüklənmiş videolar mayın 30-da internetin qaranlıq tərəfi olduğu deyilən və bütün istifadəçilərinin anonim qaldığı “4chan” adlı internet forum saytına köçürülüb. “4chan”dakı istifadəçilər də videoda yerin məkanını tapmağı hədəfləyiblər.


“4chan”da anonim istifadəçilər terrorçuların təlim keçdiyi videoda arxa planda görünən gərginlik xəttinin köməyi ilə terrorçuların təlim keçdiyi yerlə gərginlik xətti arasındakı məsafəni hesablayıblar və “Google Earth”ün köməyi ilə Şimali Latamina bölgəsində oxşar yüksək gərginlikli xətti aşkar ediblər.


“4chan” istifadəçiləri peyk görüntülərində ərazidə 5 dirəkli struktur tapıblar. Lakin terror təşkilatının yaydığı videoda belə bir struktur görünmədiyi üçün videodakı yerin tapdıqları yerlə eyni olduğunu təsdiq edə bilməyiblər. Terror təşkilatı başqa bir video yayımlayana qədər, yayımlanan videoda 5 dirəkli bina da görünürdü.


Toplanan bütün sübutlar Rusiya müdafiə nazirinin dostu olduğunu iddia edən “İvan Sidorenko” adlı şəxsə göndərilib. Ertəsi gün “4chan” istifadəçilərinin müəyyən etdiyi ərazi Rusiya tərəfindən hava hücumuna məruz qalıb.

“4chan”dakı istifadəçilərin bölgədəki “yüksək gərginlik xətti” sayəsində terror düşərgəsinin vurulmasına səbəb olacaq qədər irəli getməsi bizə bu gün açıq mənbə kəşfiyyatının nə qədər əhəmiyyətli olduğunu göstərir.

Mənbə:

https://www.theguardian.com/world/2006/jul/20/secondworldwar.tvandradio
https://www.flightglobal.com/download?ac=90688

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Açıq-Mənbə-Kəşfiyyatı  


Bizi "telegram"da izləyin