Afrikadakı “milis” qrupları və təhlükəsizlik atmosferinə mənfi təsirlər – ANALİZ

2023/11/1700286577.jpg
Oxunub: 13227     13:32     21 Noyabr 2023    
Afrikadakı təhlükəsizlik problemlərinin və qeyri-sabitliyin əsasında “milis” qruplarının yaratdığı mənfi atmosfer dayanır.

Bütün Afrikada müşahidə olunan xroniki problemlərlə yanaşı, təhlükəsizlik sektorunda çoxaktorlu struktur region ölkələrində qeyri-sabitliyin, etnik/klan əsaslı münaqişələrin və vətəndaş müharibələrinin əsas səbəblərindən biridir. Təhlükəsizlik sektoru bir növ coğrafi faktorlar, iqtisadi çətinliklər, müstəmləkə dövrünün mirası, korrupsiya və terrorizm kimi alt başlıqların təzahürüdür. Ancaq təşkilatlanma, motivasiya, ideologiya və fəaliyyət metodları baxımından bir-birindən fərqlənən çoxlu sayda Qeyri-Dövlət Silahlı Aktorları (QDSA) Afrikada təhlükəsizlik atmosferini daha kövrək edir.

Ədəbiyyatda bir çox QDSA tipologiyalarına daxil edilən milis qrupları mənşəyi, istifadəsi və rəsmi təhlükəsizlik qurumları ilə əlaqələri baxımından mühüm müzakirə mövzusuna çevrilib. Təbiətinə görə, milis qrupları dövlətlər daxilində kövrək sayıla bilən parçalanmış və siyasiləşmiş təhlükəsizlik sektorunun nəticəsidir. Post-müstəmləkə dövrü nəzərə alındıqda, siyasi, iqtisadi və sosial institutlaşmasını başa çatdırmamış dövlətlərdə təhlükəsizlik bürokratiyası (ordu, polis, kəşfiyyat və digər təhlükəsizlik qüvvələri) klanlar, siyasi partiyalar və etnik qruplar arasında maraqların toqquşması nəticəsində meydana gəlir, hakimiyyətə gələn liderə sədaqət və itaətlə formalaşır. Başqa sözlə, milislər siyasi güclərini və iqtisadi imtiyazlarını qorumaq üçün status-kvonu idarə edən elitalar tərəfindən qurulan nizamın ən kritik komponentləridir.


Afrikadakı nümunələr

Liviyada 2011-ci ildən sonra yaranan hakimiyyət boşluğu milis qruplarının yaranmasına yol açdı. İcma əsaslı, mənfəət yönümlü və ya dövləti dəstəkləyən silahlı qruplar nəinki təhlükəsizlik bürokratiyası daxilində ikililik yaratdı, həm də siyasi proseslərdə böyük pozulmalara səbəb oldu. Bu qruplar prosesdə müxtəlif təhlükəsizlik vahidlərinə inteqrasiya olundu və güclü legitimlik sahəsi qazandılar. Əslində, Liviya timsalında “milis diplomatiyası” anlayışı ölkə siyasətini izah etmək üçün önəmli bir anlayışdır. Çünki 2011-ci ildən bəri qurulan siyasi hakimiyyətlər ümumilikdə ölkənin qərbində və şərqində fəaliyyət göstərən silahlı qrupların hakimiyyət bölgüsü çərçivəsində meydana çıxıb və bu qrupların maraqlarının toqquşduğu ssenarilərdə milli barışıq pozulub.

Liviyada əsas problemlərdən biri bu qrupların 2014 və 2019-cu illərdəki vətəndaş müharibələrində dövlət təhlükəsizlik qüvvələri ilə iç-içə olmasıdır. Fəaliyyət göstərdikləri bölgələrdə rəsmi təhlükəsizlik orqanları tərəfindən onlara verilən yarı və ya tam legitimlik çərçivəsində bu rola nail olan milislər bəzi hallarda nüfuz və səlahiyyətlərindən etnik, azlıq və müxalifətdən təmizləmə aləti kimi istifadə ediblər. Hökumətlərin bu problemli legitimlik dövründən irəli gələn hərəkətlərin monitorinqi, nəzarəti və təqibi ilə bağlı strateji qazanclarını prioritetləşdirərək müvafiq qruplara müəyyən çeviklik verdiyi müşahidə edilib.

Məsələn, sonuncu dəfə 2023-cü ilin avqustunda başlayan münaqişələri bu hakimiyyət mübarizəsi çərçivəsində oxumaq olar. Paytaxt Tripolinin strateji nöqtələrinə nəzarət edən Xüsusi Çəkindirici Qüvvələr (Rada) milisləri ilə hökumətin 444-cü briqadası arasında qarşıdurmalar qruplardan birinin qüvvələr balansında ön plana çıxması və ya digərindən daha çox qazanclar əldə etməsi nəticəsində yaranan münaqişə dinamikaları altında izah edilə bilər. Yerli muxtariyyət və ya müəyyən mənada müstəqillik kimi qəbul edilə bilən bu vəziyyət dövlətə dövlətin deyil, milis qruplarının nəzarət etdiyi arqumentini gücləndirir.


Eynilə, Sudanda davam edən vətəndaş müharibəsinin əsas səbəbləri arasında Məhəmməd Hamdan Daqalonun rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələrinin (ÇDQ) təhlükəsizlik bürokratiyası daxilində nəzarətsiz irəliləməsi və onların orduya tam inteqrasiyasında yaşanan çətinliklər var. Darfurdakı vətəndaş müharibəsi zamanı Sudan hökuməti adından ön cəbhədə olan “Cancavit” milislərindən yaranan ÇDQ bir çox böhran nöqtələrində “köməkçi qüvvələr” (auxiliary forces) kimi fəaliyyət göstərib və üsyançı qruplarla mübarizədə rəsmi qoşunlardan daha az ucuz başa gəlməsi baxımından ÇDQ-yə üstünlük verilib.

Darfur müharibəsi zamanı Sudan ordusuna əməliyyat, kəşfiyyat və logistika dəstəyi verən “Cancavit”lərin rəsmi birliklərdən daha sürətli səfərbər olması mikro səviyyədə aparılan əməliyyatların nəticə əldə etməsinə şərait yaradıb. Ancaq ÇDQ-nin tarixi axarda (vətəndaş müharibəsi zamanı) əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər nizami və vahid ordunun yaradılması üçün başladılan təhlükəsizlik sektoru islahatları çərçivəsində Tərksilah, Demobilizasiya və Reinteqrasiya (TDR) mərhələlərinin həyata keçirilməsinə ən böyük maneələrdir.

Digər tərəfdən, praqmatist və ekspansionist gündəliyə malik ÇDQ-yə bənzər milis strukturlarının vahid ordu strukturuna inteqrasiya olunduğu ssenaridə bu qrupların çoxluğu və müxtəlifliyi səbəbindən ordu hissələrində parçalanma və kadr formalaşması ehtimalı var. Bundan əlavə, Sudanda ortaya çıxacaq hibrid quruluş hərbi cinayətlər törətmiş və keçmişində cinayət keçmişi olan şəxslərin silahlı qüvvələrdə söz sahibi olmasına səbəb ola bilər.


Efiopiyada sentyabrın 25-də Amhara bölgəsində Efiopiya Milli Müdafiə Qüvvələri (ENDF) ilə “Amhara” Milli Hərəkatının (FANO) milisləri arasında toqquşmalar baş verib. İtki və yaralananların olduğu münaqişələrdən sonra regionun sabitliyi ilə bağlı narahatlıqlar artıb. Amharadakı qarşıdurmaların başlanğıc nöqtəsi kimi Federal hökumətin Efiopiyada 11 bölgənin təhlükəsizlik bölmələrini Federal təhlükəsizlik qüvvələrinin tabeliyinə toplamaq qərarı göstərilə bilər.

Qərardan sonra yerli icmalar muxtariyyətlərini itirmək narahatlığı ilə öz bölgələrində fəaliyyət göstərəcək “xarici” təhlükəsizlik aparatına müqavimət göstərdilər. Əslində, ÇDQ-də olduğu kimi, Efiopiyada da əsas məsələ FANO milis qrupunun potensial TDR prosesinə müqavimətidir. Bu məqamda TDR proqramının reinteqrasiya hissəsinə diqqət yetirsək, keçmiş döyüşçülərin cəmiyyətə inteqrasiyasında, başqa sözlə, onların “keçmiş döyüşçü” kimliyindən “vətəndaş” kimliyinə keçidində baş verən şəxsiyyət quruculuğu prosesi çox mühümdür.

Bu kontekstdə müvafiq prosesdə tətbiq edilən iqtisadi stimullarla (məşğulluq, peşə hazırlığı, torpaq və maliyyə dəstəyi) yanaşı, keçmiş döyüşçünün hədəf cəmiyyətə reinteqrasiyasında müvafiq cəmiyyətin sosial xüsusiyyətlərini nəzərə almaq kritik əhəmiyyət kəsb edir. Çünki vətəndaş müharibəsi yaşayan cəmiyyətlərdə münaqişədən sonrakı atmosfer qarşılıqlı inam problemi və qorxuya səbəb olur, keçmiş döyüşçülər və onların reinteqrasiya edilməsinə çalışılan cəmiyyət üçün müxtəlif təhlükəsizlik narahatlıqları yaradır.

Nəticədə Afrikadakı çoxaktorlu təhlükəsizlik atmosferi müvafiq administrasiyalar tərəfindən müharibə (vətəndaş müharibəsi), etnik konsolidasiya və terrorizmlə mübarizədə faydalı bir vasitə hesab edilsə də, sülh və dövlət quruculuğu proseslərində əsas maneə kimi önə çıxır. Xüsusilə, araşdırmada qeyd edildiyi kimi, müxtəlif siyasi və iqtisadi nailiyyətlər əldə etmiş milis qruplarının inteqrasiyası həm bu qazanclardan imtina, həm də onlar üçün potensial təhlükələr barədə narahatlıq doğurur.

Dolayısıyla bir çox nöqtələrdə, o cümlədən Afrikanın Sahel bölgəsindəki ölkələrdə (Mali, Niger, Burkina-Faso) fəaliyyət göstərən milis qruplarının inteqrasiyasındakı uğursuzluq domino effekti yaradır və bütün qitəyə yayılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrika   QDSA  


Bizi "telegram"da izləyin