Brüssel şantaj siyasətinə keçib? O, soyuq qış ərəfəsində kimi inandırmağa çalışır?

2022/12/1671005776.jpg
Oxunub: 35737     09:21     15 Noyabr 2023    
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Aİ xarici işlər nazirlərinin görüşündən sonra bəyan edib ki, Aİ xarici işlər nazirləri Ermənistanda Aİ-nin müşahidə missiyasını genişləndirmək və “sərhədin həssas hissələrində” müşahidəni gücləndirmək niyyətini təsdiqləyiblər.

Eyni zamanda, Borel Aİ Sülh Fondundan Ermənistana yardım göstərmək və vizaların liberallaşdırılması imkanlarını nəzərdən keçirdiklərini açıqlayıb. Avropa komissarı təxribatçı açıqlamalar verməkdən də çəkinməyib: “Aİ Ermənistanın daxili və xarici sabitliyinə ayıq olmalıdır, Ermənistanın demokratik yolla formalaşmış hökumətini dəstəkləyir, Azərbaycana isə mesaj göndərir ki, Ermənistanın ərazi bütövlüyünə qəsd ciddi nəticələrə gətirib çıxaracaq və Aİ-Bakı münasibətlərinin keyfiyyətinə təsir edəcək”. Bəyanatlar əlbəttə ki, qəbuledilməzdir.

Azərbaycan Xarici İşlər Nazirliyi Cozep Borelin Azərbaycan əleyhinə əsassız ittihamlarına cavab verərək bildirib ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq.

Bildirilib ki, Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və insanlıq əleyhinə cinayətləri, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktını qınamaqdan çəkinməsi fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib.

Əsas sual budur ki, bütün bunların arxasında duran əsl motiv nədir? Azərbaycan İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan üçtərəfli müzakirəsindən öncə Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsini vurğulayır. Brüsseldəki danışıqlar prosesində əldə olunan prinsiplərdən və onlara sadiq qalmaqdan danışan İrəvan isə hələ də Zəngəzur dəhlizi və anklavlarla bağlı tələbləri yerinə yetirməyib. Brüssel İrəvanın bu prinsiplərə sadiq qalmaq və onlardan qaçmamaq öhdəliyi və ya sadiqliyinin vacibliyindən danışmır. Avropa İttifaqı rəsmilərinin davranışı belə bir təəssürat yaradır ki, onlar İrəvanın ümumən danışıqlar formatını uğursuz etməsini xüsusi hal hesab etmirlər.

Digər tərəfdən İrəvanın ünvanına kifayət qədər ümidverici bəyanatlar Bakının davranışını dəyişmək məqsədi daşıya bilər. Məqsəd bunu göstərmək ola bilər ki, İrəvanın tələbləri yerinə yetirməməsinə baxmayaraq, Azərbaycan üçün Brüsselə getməməyin nəticəsi Ermənistanın Avropaya inteqrasiyasının dərinləşməsi, Aİ-nin dəstəyi şəklində olacaq. Bəs Bakı tələblər yerinə yetirilməsə Brüsselə gedəcək? Bu, qeyri-mümkündür.

Belə bir şəraitdə Bakını Brüsselə getməməyin Azərbaycan üçün problem yaradacaq dərəcədə Ermənistan-Aİ yaxınlaşmasına səbəb olacağına “inandırmaq” və ya “qorxutmaq” mümkündürmü? Yoxsa Avropa İttifaqı ümidverici bəyanatları ilə Bakını “inandırmağa” və Brüsselə gətirməyə” yox, İrəvanı razı salmağa çalışır ki, Brüsseldə sülh müqaviləsi layihəsi ilə bağlı Bakının tələb etdiyi yanaşmaları müzakirə etsin və razılaşdırsın?

Bunu Azərbaycanın sentyabrda verdiyi təkliflərdən sonra İrəvanın ən azından noyabrın əvvəlinə kimi hələ də onlara cavab verməməsi sübut edir. Brüssel kimi inandırır? Ən azından sualın bir cavabı yoxdur.

Şübhə yoxdur ki, Aİ-nin müşahidə missiyasının genişləndirilməsi və Ermənistana yardım, sabitliyin pozulmasını cilovlamaq əvəzinə, regiona kənar qüvvələrin daxil edilməsi ilə onu daha da kəskinləşdirir. Eyni zamanda sabitliyin pozulması, eskalasiya riskləri və amilləri hazırda daha çox “çoxvektorlu” məntiqlə və bu gün artıq mahiyyətcə Yaxın Şərq kraterində baş verənlər çərçivəsində formalaşır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Təxribat   Borel  


Bizi "telegram"da izləyin