İsrail və HƏMAS-ın taktikası – Qəzzadakı döyüşlər necə nəticələnəcək? (ANALİZ)

2023/11/1699698261.jpg
Oxunub: 33457     15:40     11 Noyabr 2023    
Qəzza zolağının şimalında HƏMAS qüvvələri İsrail qüvvələrinə qarşı qəfil hücumlar edərək, Qəzza şəhərini müdafiə etməyə çalışır.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında HƏMAS-ın məsuliyyət daşıdığı ərazini göstərən xəritə yayıb. Bu ərazidə HƏMAS və Fələstin “İslami Cihad” Təşkilatı döyüşçüləri müəyyən küçələrə (Əl Sulatain və Əl Taom küçələri yaxınlığında) tank əleyhinə raket və minaatan hücumları həyata keçirib. Ticarət peyklərindən əldə edilən görüntülərdəki tank izlərinin İsrail əməliyyatları ilə uyğunlaşdığı görünür.

HƏMAS hələ də Əldəqayırma Partlayıcı Qurğular (ƏPQ), qabaqcıl tank əleyhinə raketlər və daha effektiv mürəkkəb yolda quraşdırılmış ƏPQ-lər kimi qabaqcıl sistemlərdən və taktikalardan istifadə etməyib. HƏMAS bu taktikanı Qəzza zolağının şimalında deyil, Qəzza şəhərinin mərkəzində tətbiq etməyi planlaşdırır.


İsrail HƏMAS döyüşçülərinin və bir çox komandirin yerləşdiyi tunellər şəbəkəsi ilə məşğul olmadan müharibə məqsədlərinə nail ola bilməyəcək. Bu tunellərlə mübarizə aparmaq üçün İsrail ordusu itlərdən və hətta labirintlərdən keçə bilən robotlardan istifadə edir. HƏMAS-ın bəziləri on metrlərlə dərinliyə çatan tunellərdə işıqlandırma və havalandırma sistemləri üçün elektrikə ehtiyacı var. IDF tunellərə endirilən hava zərbələri nəticəsində neçə nəfərin öldüyünü müəyyən etməyə çalışır. İsrail komandirləri bu tunelləri HƏMAS yaraqlılarına qarşı taktiki üstünlüyə çevirə biləcək üsul üzərində işləyirlər.

İsrail qüvvələri Qəzza zolağının şimal-şərqində HƏMAS-ın tunellərini hədəfə alan əməliyyatları davam etdirir. Əməliyyatlar Əl Şati Qaçqın Düşərgəsi yaxınlığında da keçirilir. Qəzza zolağındakı fələstinli milislər İsrail ərazisinə yaylım atəşi zərbələri endiriblər. “Əl-Qassam Briqadaları” (HƏMAS), “Əl-Qüds Briqadaları” (Fələstin “İslami Cihad”), “Milli Müqavimət Briqadaları” (Fələstin Demokratik Xalq Azadlıq Cəbhəsi) və “Əl-Əqsa Şəhidləri Briqadaları” (Fəth) daxil olmaqla müxtəlif silahlı qanadlar bu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

İsrailin müharibədən sonrakı Qəzza və Livan sərhədi planları

Bir neçə həftə ərzində İsrail Qəzza zolağında fəaliyyət göstərən qüvvələrinin sayını azaldacaq, lakin bu zolağa təhlükəsizlik nəzarətini saxlayacaq və vaxtaşırı seqmentləşdirilmiş əməliyyatlar keçirəcək. Bundan əlavə, İsrail Qəzza zolağı ilə Misiri ayıran “Rəfah” vasitəsilə Filadelfi dəhlizinə nəzarəti bərpa edəcək.

Filadelfi dəhlizi Qəzza zolağı ilə Misir arasında yerləşən dar bir coğrafi ərazidir. Adı 2002-ci ildə bu ərazinin IDF tərəfindən “Filadelfiya Əməliyyatı” adı altında nəzarətə götürüldüyü vaxta aiddir. Filadelfi dəhlizi Qəzza zolağının “Rəfah” şəhəri yaxınlığından başlayır və Sinay yarımadasına qədər uzanır. Bu bölgə Misirin Sinay yarımadası ilə Qəzza zolağını ayıran sərhəd bölgəsidir. Dəhliz bir çox hallarda münaqişənin mərkəzi olub və tez-tez sərhəd qaçaqmalçılığı və silah qaçaqmalçılığına qarşı istifadə olunub. Filadelfi dəhlizi müxtəlif vaxtlarda müxtəlif razılaşmalara məruz qalıb, Misirin nəzarəti altında qalıb və ya IDF tərəfindən yenidən nəzarətə alınıb. Bu bölgə Qəzza zolağında mürəkkəb siyasi və təhlükəsizlik məsələlərinin bir hissəsi kimi mühüm olaraq qalır


Qəzzada quru manevrinin sonunda İsrail hökuməti sərhədə yaxın İsrail icmaları ilə fələstinlilər arasında bir neçə kilometrə qədər uzanan heç bir fələstinlinin girə bilməyəcəyi “öldürmə zonası” yaratmağı planlaşdırır. Rəsmilər HƏMAS-ın Qəzza zolağında təşkilati siyasi və hərbi qurum olaraq mövcud olmayacağını açıqlayıblar.

Şimalda “Hizbullah”ın komandanlıq bölmələri olan “Radvan” qüvvələri Litani çayından kənara çıxarılacaq. “Radvan” hakimiyyəti şimal sərhəd bölgələrindən çəkilməsəydi, bu döyüş uğurlu sayılmayacaqdı. Şimal sərhədi Qəzza zolağının ətrafındakı perimetrdən xeyli uzundur və “Hizbullah”ın komando qüvvələri HƏMAS-ın “İzzəddin əl-Qəssam Briqadaları”nın “Nuxbah” xüsusi təyinatlılarından daha yaxşı təlim keçib, daha təhlükəlidir.

Minimum məqsəd “Hizbullah” qüvvələrinin Litani çayının şimalına getməsidir. Bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini yerinə yetirmək üçün diplomatik təzyiq və ya “Hizbullah”a qarşı hərbi güc tətbiq etməklə əldə edilə bilər. Amma diplomatik həll ehtimalı azdır, ona görə də Qəzza zolağında vəziyyət sabitləşdikdən sonra “Hizbullah”la əhəmiyyətli qarşıdurma ehtimalı yüksək olaraq qalır. Təxminən 150 min quru qoşunu və hava qüvvələrinin yarısı son beş həftə ərzində bu münaqişəyə hazırlaşır.

Ən kritik məqamlardan biri odur ki, İsrail əsirləri evlərinə qaytara bilməsə, Qəzza əməliyyatı uğurlu sayılmayacaq. Bu vəziyyət İsrail cəmiyyəti və ordusu üçün böyük sınaq olacaq. İsrail Müdafiə Qüvvələrində, MOSSAD-da, “Şin Bet”də, Dövlət Departamentində, “Onları Gətirin” Mərkəzində və Qal Hirşin işçi qrupunda olan yüzlərlə insan onları geri qaytarmaq üçün gündə 24 saat, həftənin 7 günü işləyir. Bu səylər təkcə əməliyyat və kəşfiyyat imkanları vasitəsilə deyil, həm də ərəb ölkələrini əhatə edən hərtərəfli diplomatik həmlə ilə həyata keçiriləcək.


IDF: Qəzza şəhərinin mühasirəsi başa çatıb, İsrail hərbi qulluqçuları Şifa xəstəxanasına yaxınlaşıb

IDF Qəzza şəhərinin mühasirəsini başa çatdırdığını açıqlayıb. İsrail qüvvələri HƏMAS silahlılarının ən çox cəmləşdiyi tunellərə və nöqtələrə hücumlarını davam etdirir. İsrail əsgərlərinin Şifa xəstəxanasına yaxınlaşdığı da bildirilib.

İsrail ordusunun Qəzzanın ən böyük Şifa xəstəxanasına yaxınlaşması onların böyük çətinliklərlə üzləşəcəyini göstərir. Xəstəxananın daxilində xəstələr və tibb işçiləri var. Minlərlə mülki şəxs IDF-nin hava zərbələrindən qorunmaq üçün xəstəxanada və onun yaxınlığındadır. İsrail bina kompleksinin altında HƏMAS-ın qərargahının olduğunu iddia edir.

Yerli xəbərlərə və geolokasiya edilmiş görüntülərə görə, İsrail qüvvələri noyabrın 7-də Qəzza zolağının şimal-qərbindəki Əl Şati qaçqın düşərgəsinin şimal kənarına daxil olub. Fələstinli jurnalist yerli mənbələrə istinadən bildirib ki, İsrail Silahlı Qüvvələri Şati düşərgəsinin şimalında yerləşən yaşayış binasına çatıb. HƏMAS mənbələri də eyni şəkildə iddia edib ki, IDF binanın şərq və qərbində yerləşən mövqelərdə adı açıqlanmayan fələstinli yaraqlılarla toqquşub. Noyabrın 4-də HƏMAS-ın geolokasiya olunmuş görüntüləri də HƏMAS yaraqlılarının Əl Şati düşərgəsinin şimalında İsrailin zirehli texnikalarına tandem tank əleyhinə raketlər atdığını göstərir.

Tandem tank əleyhinə raketlərdə iki partlayıcı başlıq var. Birinci döyüş başlığı hədəf üzərindəki xarici zirehi dəlmək və ya partlatmaq üçün istifadə olunur. İkinci başlıq isə bu dəlikdən daxili zirehə nüfuz etmək və əsas hədəfi zərərsizləşdirmək üçün nəzərdə tutulub.


İsrail qüvvələri noyabrın 7-də Beyt Hanunda təmizləmə əməliyyatlarını davam etdiriblər. İsrail qüvvələri Beyt Hanundakı iqamətgahın içərisində HƏMAS-ın bir neçə tunelini məhv etdiklərini bildiriblər. Fələstinli jurnalist İsrail ordusunun noyabrın 6-da Qəzzanın cənubundakı Tel əl-Hava məhəlləsinə doğru irəlilədiyini bildirib.

HƏMAS və digər Fələstin yaraqlıları İsrailin irəliləyiş xəttinin arxasında IDF-yə qarşı hücumlarını davam etdirirlər. Fələstin yerli mediası Atatra yaxınlığındakı El Amoudi bölgəsində İsrail qüvvələri ilə fələstinli yaraqlılar arasında toqquşmaların olduğunu bildirib. Müstəqil sosial media hesabı İsrail qüvvələri ilə Fələstin yaraqlıları arasında münaqişənin IDF görüntülərini geolokasiya edib. Fələstinli jurnalistin sözlərinə görə, naməlum fələstinli yaraqlılar noyabrın 7-də Netzarimdəki Şarm əyləncə parkı yaxınlığındakı IDF bölməsinə hücum ediblər.

İsrailin irəliləmə xəttinin arxasındakı münaqişə “təmizləmə” doktrinasının tərifinə uyğun olaraq baş verir. Bu, komandirin təyin olunduğu ərazidə düşmənin bütün qüvvələrinin çıxarılması və mütəşəkkil müqavimətin aradan qaldırılması üçün taktiki tapşırıq tələb edən əməliyyatdır. Təmizləmə əməliyyatları çox vaxt həftələr və hətta aylar çəkə bilər.

Təmizləmə əməliyyatının sonuna qədər düşmən əks-hücumları təmizləmə qüvvələri tərəfindən mütəşəkkil müqavimətin uğurlu bir şəkildə ortadan qaldırılmasına qədər intensiv şəkildə davam edəcək. Təmizləmə əməliyyatı bitdikdən sonra belə hücumlar nadir hallarda baş verə bilər, çünki düşmən qüvvələri yenidən içəri sızacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fələstin   HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin