İtaliya yeni ümumavropa müdafiə sisteminin yaradılmasını təklif edib

2026/03/1773647283.jpg
Oxunub: 173     17:31     05 İyun 2026    
İtaliyanın müdafiə naziri Avropa ölkələrinin iştirakı ilə yeni ümumavropa müdafiə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.

Ordu.az- xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Məlumata görə, İtaliyanın müdafiə naziri Quido Krozetto Böyük Britaniya, Norveç, Türkiyə və Ukraynanın da daxil olacağı yeni ümumavropa müdafiə sisteminin yaradılmasının zəruri olduğunu bildirib.

Nazir “The New York Times” qəzetinə müsahibəsində qeyd edib ki, “ümumavropa müdafiə sistemi yaradılmalıdır”. Onun təklifinə əsasən, Avropa İttifaqının 27 üzv dövləti birlikdən kənarda qalan daha 13 Avropa ölkəsi ilə ittifaq qurmalıdır.

Nəşrin qiymətləndirməsinə görə, bu təşəbbüs Avropanın kollektiv müdafiə sistemində əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Belə ki, ABŞ rəhbərliyində fəaliyyət göstərən mövcud NATO sisteminə paralel olaraq Avropa İttifaqının rəhbərlik etdiyi yeni struktur formalaşa bilər.

Məqalədə qeyd olunur ki, bu yanaşma Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın Avropadakı ABŞ hərbi mövcudluğunu azaltmaq istiqamətində atdığı addımlara nə qədər ciddi yanaşdığını göstərir.

Krozettonun fikrincə, etibarlı Avropa müdafiə siyasəti artıq yalnız Avropa İttifaqına üzv dövlətlərlə məhdudlaşa bilməz və həyati əhəmiyyət daşıyan maraqları bölüşən, eyni zamanda mühüm məsuliyyət daşıyan bütün tərəfdaşların tam iştirakını tələb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya    


Bizi "telegram"da izləyin