ABŞ NATO-dan bütün kəşfiyyat təyyarələri və PUA-ları geri çəkmək qərarı verib

2026/06/1780666195.jpg
Oxunub: 303     17:28     05 İyun 2026    
ABŞ-nin NATO-ya artıq ayırmağı planlaşdırmadığı hərbi texnikaların siyahısını təqdim etdiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.

Məlumata görə, dəyişikliklər NATO Force Model sisteminə təsir göstərəcək. Bu sistem vasitəsilə alyans 10 gündən 6 aya qədər qısa müddətdə cəbhə xəttinə hansı qüvvələri operativ şəkildə göndərə biləcəyini əvvəlcədən müəyyənləşdirir.

Vaşinqton ən çox aviasiya və hərbi dəniz qüvvələri sahəsində ixtisarlara getmək niyyətindədir. ABŞ çoxməqsədli F-16 qırıcılarının sayını 99-dan 63-ə, F-15E qırıcı-bombardmançılarının sayını isə 54-dən 36-ya endirməyi planlaşdırır.

İxtisarlar yanacaq dolduran təyyarələri də əhatə edəcək. ABŞ KC-135 təyyarələrinin sayını 71-dən 63-ə endirmək, ən müasir KC-46 təyyarələrinin isə bütün 8 ədədini siyahıdan çıxarmaq niyyətindədir.

Dəniz kəşfiyyat aviasiyası və Pilotsuz Uçuş Aparatlarının (PUA) sayı da azaldılacaq. Dəniz patrul missiyaları üçün nəzərdə tutulmuş P-8A “Poseidon” təyyarələrinin sayı 26-dan 15-ə endiriləcək. ABŞ bütün uzaqmənzilli kəşfiyyat PUA-larını geri çəkməyi, MQ-9 “Reaper” tipli iri PUA-ların sayını isə demək olar ki, iki dəfə azaltmağı planlaşdırır.

Bundan əlavə, NATO iki aviadaşıyıcı zərbə qrupundan yalnız birinə arxalana biləcək. Alyans qanadlı raketlər buraxa bilən ABŞ sualtı qayıqlarından, həmçinin hava hücumundan müdafiə, raketdən müdafiə, raket zərbələri və donanmanın müşayiəti üçün cavabdeh olan kreyser və esmines birləşmələrinin təxminən yarısından məhrum olacaq. İki bombardmançı birləşməsindən isə yalnız biri qalacaq.

ABŞ Avropa ölkələri və Kanadanın yaranacaq boşluqları öz imkanları hesabına daha sürətlə doldurmasını istəyir. Bu barədə NATO-nun hərbi planlaşdırıcılarının görüşündən sonra alyansın Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviç bildirib.

NATO-da konkret rəqəmlər rəsmi şəkildə təsdiqlənmir. Alyans nümayəndəsi Elison Hart qeyd edib ki, əvvəllər ABŞ silahlı qüvvələrindən həddindən artıq asılılıq mövcud olub, lakin Avropa və Kanadanın hərbi xərclərinin artması fonunda məsuliyyət balansı dəyişə bilər.

Onun sözlərinə görə, bu proses uzunmüddətli perspektivdə NATO-nun müdafiə planlarını daha dayanıqlı etməlidir. “Welt”in məlumatına əsasən, əlavə məsləhətləşmələrin iyunun ortalarında keçirilməsi planlaşdırılır. Artıq iyulun 7-si və 8-də Ankarada NATO sammiti baş tutacaq və müttəfiqlər burada razılaşdırılmış mövqeni təqdim etməyə çalışacaqlar.

ABŞ qüvvələrinin əvəzlənməsi ilə bağlı qərarların qəbul edilməsi üçün Avropanın cəmi bir neçə həftə vaxtı qalıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   PUA  


Bizi "telegram"da izləyin