Radioelektron Mübarizə (REM) müharibənin elektromaqnit spektrində istifadəçiyə üstünlük və ya düşmənə mənfi cəhətlər verməyə əsaslanan bir konsepsiyadır. REM əsasən düşmənin fiziki və ya radioelektron döyüş qabiliyyətinin öyrənilməsini, ona qarşı ehtiyat tədbirlərinin görülməsini və elektromaqnit spektrində dost qoşunların qorunmasını əhatə edən mürəkkəb bir döyüş sahəsidir.
İlk nümunəsi 1904-cü ildə Yaponiya-Rusiya müharibəsində radio müdaxiləsi kimi görülən Radioelektron Mübarizə anlayışı illər keçdikcə genişlənməyə davam edib və bugünkü müharibə dünyasının ən “mürəkkəb və gizli” hissəsinə çevrilib.
Bu mürəkkəb “dünya” ən mühüm silah olaraq məxfilikdən istifadə edir. Əslində REM sistemlərinin fəaliyyəti təxminən antenalar vasitəsilə göndərilən “siqnallar”dan ibarət olduğu üçün gözə görünmür. Əslində döyüş meydanında istifadə etdiyiniz 155 mm-lik haubitsanın təsirindən yaranan qorxulu partlayış effekti yaratmır. Bununla belə, bütöv bir briqadanın Hava Hücumundan Müdafiəsini (HHM) təmin edən yüz milyonlarla dollarlıq HHM sistemlərinin radarını qarışdıraraq, yüzlərlə hərbi qulluqçunu hava hədəfləri qarşısında müdafiəsiz qoya bilər.
Bugünkü REM sistemlərinə baxdığımızda fərqli tiplər önə çıxır:
Rabitə REM Sistemləri
Radar REM Sistemləri
Naviqasiya REM Sistemləri
Bu sistemlərin müxtəlif rolları (tək rollu və ya çox rollu sistemlərdə mövcuddur) olan növləri var. Bu növlər aşağıdakılardır:
Radioelektron Hücum (REH)
Radioelektron Dəstək (RED)
Radioelektron Əks Tədbir (REƏT)
Son 30 ildə ABŞ-nin rəhbərlik etdiyi qərb sistemlərində REM xüsusilə hava sistemlərində təyyarələrə investisiyaların artdığı bir sahə olaraq ortaya çıxıb. ABŞ-nin texnoloji üstünlüyü sayəsində bir-birindən çox uzaq məsafələrdə fəaliyyət göstərmək və bu mürəkkəb sistemləri uçan elementlərə yerləşdirmək qabiliyyəti ilə belə bir yol getməsi məntiqli və ağlabatan bir addımdır.
Türkiyə isə 90-cı illərin sonunda bu sahədə kifayət qədər bilik və potensiala malik olmadığı üçün quru əsaslı REM sistemlərinə üz tutub. Çünki quru platformalarında nə yer, nə çəki, nə də enerji təchizatı problemi yoxdur. REM sistemləri ölçüləri ilə müqayisədə çox enerji istehlak edən və minimuma endirmək üçün çoxlu bilik və mühəndislik gücü tələb edən sistemlərdir. Bu gün Türkiyənin “Koral”, “Milkar”, “Sancak”, “Seymen” kimi REM sistemlərinin formalaşmasında əsas amillərdən biri budur.
Texnoloji imkanlar quru əsaslı kompleks REM sistemlərinin istifadəsinin yeganə səbəbi deyil. REM sistemləri, radarlar kimi, fəaliyyət göstərdikləri mühitdən və yerdən asılı olaraq performanslarında dəyişikliklərlə üzləşirlər. Yenə də bu sistemlərin istifadəçilərinin əməliyyat konsepsiyaları və potensial istifadə coğrafiyaları onların dəniz, hava və ya quru əsaslı REM sistemlərindən hansını seçəcəklərinə təsir göstərir. Bu məqamda təsir məsələsi xüsusi qeyd olunub.
Çünki, xüsusilə müasir dünyada, şəbəkə mərkəzli müharibə yanaşmasında olduğu kimi, REM sistemlərinin ümumi istifadəsi müəyyən bir spektrdə istifadə etməkdən daha çox ön plana çıxır. Buna görə də, hər sahədə güclü REM qabiliyyəti müasir döyüş sahəsinin əvəzsiz elementinə çevrilib. Məsələn, Rusiyada da güclü quru əsaslı REM sistemləri var. İsrail həm quru, həm də hava əsaslı REM sistemlərinə böyük sərmayə qoyur.
Türkiyənin istifadə etdiyi “Koral”, “Redet” və “Milkar” kimi quru əsaslı REM sistemləri Suriya və İraqda həyata keçirilən əməliyyatlarda özünü sübut edib və Türkiyənin bənzərsiz döyüş doktrinasının əsas elementlərindən birinə çevrilib. Əslində Radar REM sistemləri də “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatının (PUA) “Pantsir” kimi HHM sistemlərini məhv etməsində mühüm rol oynayır.
Bundan əlavə, Türkiyə bu sistemlərdən yüksək dərəcədə inteqrasiya olunmuş şəkildə istifadə edir. Təfərrüatlar məlum olmasa da, REM sistemləri əməliyyat mərkəzi ilə birbaşa və ya dolayı yolla çox sürətli əlaqə saxlamaq imkanına malikdir. Müəyyən sistemlər əməliyyat ehtiyaclarına uyğun olaraq tez bir zamanda işə salına bilir və hava və quru qüvvələrinin manevrlərinə çox aktiv dəstək verir. Əslində quru əsaslı qabaqcıl REM sistemlərinin mövcudluğunun bu baxımdan nə qədər zəruri olduğu Türkiyə tərəfindən sübut edilmiş bir həqiqətdir.
Firuz Bağırov
Ordu.az