“Əqsa Tufanı”nın İsrail və Fələstinə təsirləri – ANALİZ

2023/10/1696830439.jpg
Oxunub: 34741     11:36     23 Oktyabr 2023    
7 oktyabr terror hücumlarını HƏMAS-ın Qüdsdə və İordan çayının qərb sahilində, eləcə də Qəzzada təsirini artırmaq və Fələstin hərəkatına liderlik etmək üçün atılan addımı kimi oxuya bilərik.

1. “Yom-Kippur” ilə oxşar və fərqli cəhətlər nələrdir?

7 oktyabr hücumları Misir və Suriyanın 1973-cü ildə qəflətən başladığı və müharibənin ilkin mərhələlərində əhəmiyyətli irəliləyiş əldə edən “Yom-Kippur” müharibəsinin 50-ci ildönümündə baş verdi. 7 oktyabr hücumları həm sürpriz və əhatəli hücum olması, həm də İsraili şoka salması baxımından 1973-cü il “Yom-Kippur” müharibəsi ilə bəzi oxşarlıqlara malikdir. Bununla belə, bu iki hadisəni fərqləndirən aşkar fərqlər var. Birincisi, 1973-cü ildə müharibə edən tərəflər dövlətlər idi.

Bu gün oxşar güc simmetriyası və nizami ordular əvəzinə səhnədə HƏMAS və “İslami Cihad” kimi qeyri-dövlət aktorlarını görürük. Bununla əlaqədar olaraq, 1973-cü ildə Misirin hərbi irəliləyişindən və ərazini nəzarət altına almasından fərqli olaraq, HƏMAS strateji irəliləyiş əvəzinə kütləvi hücum həyata keçirərək, itkilərin artırılmasına və girov götürülməsinə diqqət yetirdi.

Misirdən fərqli olaraq, HƏMAS-ın müəyyən bir ərazini ələ keçirib ona nəzarət etmək imkanı, bacarığı və istəyi yoxdur. 1973-cü ildə Misirin məqsəd və vəzifələri xüsusilə aydın idi. Qismən müvəffəqiyyətlə nəticələnən əməliyyatdan sonra sülh prosesi başladı və Misir müharibədən bir neçə il sonra, 1979-cu ildə İsraili tanıyan ilk ərəb dövləti oldu. Bu baxımdan 1973-cü il müharibəsinin sülhə gedən yolu bağlamadığını söyləmək olar.

HƏMAS-ın məhdud hədəfləri və konkret fəaliyyət planının olmaması və mülki insanları da hədəf alması “7 oktyabr hücumları”nın tərəfləri sülh prosesinə məcbur etməsini qeyri-mümkün edir. 1970-ci illərdə Fələstin məsələsi Misirin İsraillə əlaqələrinin mərkəzindən ayırmaq istədiyi bir məsələyə çevrildi. HƏMAS-ın isə belə bir məqsədi və arzusu yoxdur. HƏMAS-ın özünün Fələstinin siyasi aktoru olması onun Misirdən fərqli olaraq Fələstin davasının mərkəzinə və hətta liderliyinə yönəldiyini göstərir. Bu baxımdan 7 oktyabr hücumları Fələstin hərəkatında HƏMAS-ın rolu və təsiri baxımından yeni bir prosesə işarə edirdi.

2. Fələstin hərəkatı üçün bu nə deməkdir?

7 oktyabr hücumları Qəzzada təşkil edilib və HƏMAS-ın rəhbərliyi altında, “İslami Cihad”ın dəstəyi və iştirakı ilə həyata keçirilib. Digər tərəfdən, Ramallah rəhbərliyi ilk açıqlamalarında hücumların fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun qəsb edilməsinin nəticəsi olduğunu vurğulayaraq, fələstinli qruplar arasında mümkün ayrılığın qarşısını aldı. HƏMAS tərəfindən irəli sürülən bu təşəbbüs həm də İsrail-Fələstin məsələsi tarixinin son fəslini təmsil edən 2021-ci ilin may hadisələrindən fərqlənir.

2021-ci ilin may ayında Qüds ətrafındakı Şeyx Cərrah məhəlləsində başlayan siyasi mülkiyyət davaları və fələstinlilərlə məskunlaşanlar arasında başlayan, əvvəlcə Qüds və İordan çayının qərb sahilinə, sonra isə İsrailin “ərəb-yəhudi şəhərlərinə” yayılan cəmiyyətlərarası zorakılıq hadisələri Fələstin fəallığının aktorluğunu Qəzzadan uzaqlaşdırmışdı. Çünki Qəzzanın İordan çayının qərb sahili, Qüds və ya İsrailin ərəb-yəhudi şəhərləri ilə müqayisədə “homogen” quruluşu bu cür hərəkətləri mümkün etmədi.

Qəzzada fəallıq 2018-ci il Böyük Qayıdış Yürüşünün timsalında olduğu kimi blokadanın yaratdığı məhrumiyyət və qəzəbin səfərbərliyi kimi özünü göstərdi. Onu da vurğulamaq lazımdır ki, mərkəzi İordan çayının qərb sahilində və Qüdsdə olan, “məskunlaşma əleyhinə” mövqeyi ortaya qoyan bu yeni fəallıq Ramallahın səfərbər etdiyi və ya yönləndirdiyi hərəkat deyil.

Bu baxımdan 7 oktyabr terror hücumlarını HƏMAS-ın Qüds və İordan çayının qərb sahilində, eləcə də Qəzzada təsirini artırmaq və Fələstin hərəkatına liderlik etmək üçün atılan addımı kimi oxuya bilərik. HƏMAS-ın çağırışları indiyədək məhdud cavab alsa da, HƏMAS-ın bu istiqamətdə atdığı addımın ilk baxışda İsrailin Qəzza və İordan çayının qərb sahilindəki hərbi əməliyyatları ilə dinamik əlaqədə olduğunu vurğulamaq lazımdır. Bu baxımdan, bu addımın hara doğru inkişaf edəcəyini görmək hələ tezdir. Lakin Qəzzada mövcud şəraitdə İsraillə daha sərt mübarizə istəyən və zaman-zaman HƏMAS rəhbərliyinə meydan oxuyan “İslami Cihad”ın HƏMAS-la birgə, aktiv şəkildə fəaliyyət göstərməsi sonuncunun Qəzzada siyasi aktor müstəvisində mövqelərini gücləndirdiyini göstərir.

3. İsrail siyasətinə təsiri nədir?

7 oktyabr hücumlarının İsrailə təsirini üç başlıq altında ümumiləşdirmək olar: Formal siyasətə təsiri, siyasi-ictimai düşüncəyə təsiri və ifrat sağa təsiri. Bu hücumlar, xüsusilə son bir ildə məhkəmə qaydalarına etirazlar səbəbiylə ciddi təzyiqlərə məruz qalan və ardıcıl seçki proseslərində əvvəllər siyasi spektrin legitim dairəsində olmayan ifrat sağçı aktorlarla əməkdaşlıq edərək təşəbbüsü ələ almaq qabiliyyətini böyük ölçüdə itirən Netanyahuya zərbə oldu.

Bundan əlavə, görünür, İsrailin məhkəmə qayda-qanunları ilə bağlı yaşadığı bölünmələrə dair həftələrdir vurğulanan və xüsusilə ehtiyatda olan əsgərlərin etirazlarda iştirakı ilə bağlı yüksək səslə dilə gətirilən təhlükəsizlik zəifliyi narahatlıqları bu hücumlarla konkret məzmun qazanıb. Bununla bağlı xərcləri kimin və nə dərəcədə ödəyəcəyi sual altında qalır. İkincisi, çox sayda mülki itki və girovlar və qəddar görüntülərin sürətlə və dramatik şəkildə yayılması İsrailin siyasi-ictimai quruluşuna uzunmüddətli təsirlər göstərəcək.

Bu, bütövlükdə İsrail-Fələstin məsələsinin həll olunacağı səviyyəyə təsir edə bilər. Bu təsirlərin istiqaməti hazırkı münaqişə və girov böhranının gedişi ilə müəyyən ediləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fələstin  


Bizi "telegram"da izləyin