Kritik Zamanda Balkanlarda Türk Gücü – Ankara KFOR-ə Liderliyi Üzərinə Götürür

2023/10/1698039394.jpg
Oxunub: 31714     15:35     23 Oktyabr 2023    
Komandanlıq mövqeyi Türkiyəyə həm Serbiya, həm də Kosovo ilə diplomatik əlaqələri gücləndirməklə dialoqu asanlaşdırmağa və sabitliyi qorumağa imkan verir.

NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) komandanı italiyalı general-mayor Ancelo Mişel Ristuccia vəzifəsindən ayrılma ərəfəsində Priştinada keçirdiyi mətbuat konfransında KFOR-un öz missiyasını yerinə yetirməsi üçün Kosovodakı birliklərin sayının artırılması zərurətini dəyərləndirib. O qeyd edib ki, Şimalda baş verən son hadisələr Kosovoda vəziyyətin hələ də qeyri-sabit olduğunu və tezliklə gərginləşə biləcəyini göstərir.

Türkiyə oktyabrın 10-da Kosovodakı NATO qüvvələrinin komandanlığını İtaliyadan təhvil alıb. General-mayor Özkan Ulutaş ötən həftələrdə təxminən 1000 türkiyəli hərbi qulluqçunun daxil olduğu sülhməramlı qüvvələrin komandanlığını təhvil almaq üçün Kosovoya gedib.

Türkiyənin Balkanlarda təsiri

Son 20 ildə Türkiyə ümumilikdə Balkanlarda, xüsusilə Kosovoda əhəmiyyətli iqtisadi, mədəni və siyasi təsir yaratdı. Etibarlı hesablamalara görə, vətəndaşların 80 faizindən çoxu Türkiyəni Kosovonun siyasi və iqtisadi tərəfdaşı kimi görür. Kosovalıların 13 faizi Albaniyanı, 14 faizi Amerika Birləşmiş Ştatlarını (ABŞ) Kosovoya təhlükə kimi qəbul etdiyi halda, yalnız 10 faizi Türkiyəni təhlükə olaraq görür.

Türkiyə 512,5 milyon avro və ümumi investisiyaların 9,2 faizi ilə Kosovoya ən çox birbaşa investisiya yatıran 3-cü xarici ölkədir. Türkiyədən sonra Almaniya və İsveçrənin Kosovoya daha çox birbaşa investisiyaları var. Türkiyənin də Kosovonun ticarət balansına təsiri var. Ölkədəki bütün idxalın 13 faizi Türkiyədən olarkən, ixracın yalnız 2,3 faizi Türkiyəyə edilir.

Türkiyə də tarixdə ilk dəfə Kosovodakı KFOR komandanlığını öz üzərinə götürür. KFOR-un 1999-cu ildən bəri 27 komandiri var, onlardan 13-ü italyandır. Onlardan 7-si alman, 3-ü fransız, 1-i britaniyalı olduğu halda, ABŞ-nin komandiri olmayıb.

Kritik zamanda missiyanın həvalə edilməsi

Avropa Soyuq Müharibədən sonra daha bir mürəkkəb təhlükəsizlik vəziyyəti ilə üzləşib. Yəni Qərb öz daxili problemlərinə köklənib. Ukrayna-Rusiya müharibəsi, Rusiyanın təsiri və təcavüzü Avropanın təhlükəsizlik narahatlığını artırıb. Qlobal Şimalın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan Qarabağı geri ala bildi. Son illərdə ABŞ Əfqanıstan və Yaxın Şərqdəki bir çox qlobal missiyalardan geri çəkilərək, “müdafiə mövqeyi”nə keçib. Bu gün ABŞ-də Respublikaçılar və Demokratlar arasında fikir ayrılığı Ukrayna ilə bağlı fundamental əhval-ruhiyyəni sual altına qoyur.

Belə görünür ki, NATO və digər Qərb təhlükəsizlik ittifaqları XXI əsrin çoxsaylı müharibələrindən tükənib və hazırda enerji və hərbi resurslarla həddən artıq yüklənib. Bu kontekstdə Türkiyə NATO üzvü və yüksələn regional güc olaraq Kosovo kimi ölkələrdə daha çox diqqət çəkir və mövqe qazanır. Kosovo Türkiyədən “Bayraktar” Pilotsuz Uçuş Aparatları (PUA) alıb. Bununla belə, Türkiyənin KFOR Komandanlığı vəzifəsinə rəhbərlik etməsi daha əvvəl görmədiyimiz yeni təhlükəsizlik inkişafıdır.

Türkiyənin KFOR-da mühüm rol oynadığı bu dövr Serbiyanın Banjka şəhərində baş verən terror aktlarından sonra çox həssas təhlükəsizlik anıdır. KFOR-un üzləşdiyi ən böyük problemlərdən biri Serbiya ilə hərbi və hərbiləşdirilmiş silah və maşınların keçdiyi 381 kilometrlik sərhəd xəttidir. Hazırkı mərhələdə KFOR qoşunlarında əvvəlcə britaniyalı və almanlardan, sonra isə ola bilsin ki, başqa ölkələrdən də artım müşahidə olunur.

Türkiyənin həm Serbiya, həm də Kosovo ilə sıx əlaqələri olan ölkə kimi unikal mövqeyi onun komandanlığı öz üzərinə götürməsində mühüm rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiya Prezidenti Aleksandr Vuçiçlə şəxsi münasibəti gərginliyi azaltmaq və zorakılığın qarşısını almaq üçün potensial yol təklif edir. Serbiya ilə ticarət əlaqələri və Kosovoya döyüş təyyarələri göndərməsi Türkiyənin balanslaşdırılmış yanaşmanı davam etdirmək qabiliyyətini nümayiş etdirir.

Regional sabitlik

Türkiyənin KFOR əməliyyatında iştirakı onun regional sabitliyi dəstəkləmək və potensial təhlükəsizlik təhdidlərinə qarşı çıxmaq kimi geniş xarici siyasət məqsədlərinə uyğundur. Türkiyə əməliyyata rəhbərlik etməklə Balkan bölgəsində gərginliyin daha da artmasının qarşısının alınmasında fəal rol oynamağı hədəfləyir. Komandanlıq mövqeyi Türkiyəyə həm Serbiya, həm də Kosovo ilə diplomatik əlaqələri gücləndirməklə dialoqu asanlaşdırmağa və sabitliyi qorumağa imkan verir.

Banjskadakı son terror aktları Kosovoda güclü sərhəd təhlükəsizliyi tədbirlərinin vacibliyini nümayiş etdirdi. Türkiyənin terrorla mübarizə və sərhəd nəzarəti sahəsində təcrübəsi bu problemlərin həllində dəyərli ola bilər. Komandanlığı təhvil alan ölkə olaraq Türkiyə Kosovo-Serbiya sərhədində təhlükəsizliyi gücləndirmək və qeyri-qanuni silah və yaraqlıların axınının qarşısını almaq üçün öz təcrübəsini və resurslarını töhfə verə bilər.

Türkiyənin missiyada iştirakı onun Kosovo-Serbiya münaqişəsinin siyasi həllini tapmaq əzmini gücləndirir. Hər iki tərəflə balanslaşdırılmış münasibətlərə malik olan Türkiyə Serbiya və Kosovo arasında dialoq, danışıqlar və barışığa kömək edə bilər. Türkiyə siyasi həll yolunun vacibliyini vurğulayaraq, gələcək münaqişələrin qarşısını almağı və bölgədə uzunmüddətli sabitliyə töhfə verməyi hədəfləyir.

Bundan əlavə, Türkiyə sülhyaratma və sabitləşdirmə səylərində fəal iştirak etməklə NATO daxilində öz mövqeyini gücləndirə və regional təhlükəsizlik dinamikasının formalaşmasına töhfə verə bilər. Onun Kosovodakı liderlik rolu Türkiyənin imkanlarını və sülh və təhlükəsizliyi təmin etmək əzmini nümayiş etdirir. Bunun Türkiyənin digər beynəlxalq missiyalar və tərəfdaşlıqlardakı rolu üçün daha geniş təsirləri ola bilər.

Nəticə etibarilə Türkiyənin Kosovodakı NATO missiyasına komandanlığı öz üzərinə götürməsi onun regional təhlükəsizlikdə artan nüfuzu və rolu baxımından mühüm mərhələdir. İqtisadi sərmayələri, mədəni əlaqələri və diplomatik səyləri ilə Türkiyə Kosovo üçün etibarlı tərəfdaş kimi özünü təsdiqlədi. Kosovodakı kövrək təhlükəsizlik vəziyyəti xüsusilə son terror hücumlarından sonra güclü rəhbərlik və koordinasiya tələb edir. Türkiyənin Serbiya və Kosovo ilə əlaqələrin dəstəklənməsi prosesinə qoşulması sabitliyə töhfə vermək və siyasi həlli asanlaşdırmaq imkanı verir. Türkiyənin KFOR missiyasındakı uğuru regionda sülh və təhlükəsizliyin inkişaf etdirilməsi üçün həyati əhəmiyyət kəsb edəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Serbiya   Kosovo  


Bizi "telegram"da izləyin