Brüssel görüşü və Zəngəzur dəhlizində Rusiya FTX-nin iştirakı arasında paralellər – BAXIŞ BUCAĞI

2023/10/16873-1696923628.jpg
Oxunub: 16468     20:20     17 Oktyabr 2023    
Avropa Şurasının anonim mənbəsinin məlumatına görə, Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Nikol Paşinyana və İlham Əliyevə müvafiq təkliflə çıxış edib. Mənbənin sözlərinə görə, İlham Əliyev və Paşinyan Mişelin iştirakı ilə üçtərəfli görüşdə iştirak etmək üçün dəvəti qəbul ediblər. Qeyri-rəsmi məlumata görə, iclasın oktyabrın 25-də keçirilməsi nəzərdə tutulub.

Bundan öncə rəsmi Bakı Qranadada Fransa prezidenti Makron və Almaniya kansleri Şoltsun iştirak edəcəyi görüşə dəvəti rədd edib. Bunun əsas səbəbi Fransanın birtərəfli olmaqdan başqa, təxribatçı mövqe tutması və Türkiyə prezidentinin danışıqlara dəvət edilməməsi idi. Bir həftə sonra İlham Əliyev MDB-yə üzv dövlətlərin Qırğızıstanda keçirilən sammitində iştirak etmək üçün Bişkekə getdi. Ermənistan isə Qərb platformasında çıxış etdiyi halda Bişkekə gəlmədi.

MDB-nin Bişkek sammitindən üç gün sonra İlham Əliyev azad edilmiş Xankəniyə gəldi və Azərbaycan Bayrağını ucaltdı. Prezident Xankəndidə etdiyi çıxışda Ermənistan rəhbərliyinə bir daha xəbərdarlıq edərək onları sülhə dəvət etdi. Ardınca isə, bu gün Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirdi ki, Bakı Ermənistan ərazisi ilə bağlı iddialara malik deyil: "Ancaq bilməliyik ki, qarşı tərəf dəhliz boyunca hərəkətin təhlükəsizliyini təmin edəcək. Bizə Azərbaycanın əsas hissəsindən Naxçıvana, yaxud əks istiqamətə qatara minən hər bir sərnişin üçün təhlükəsizlik təminatı lazımdır”.

Aydındır ki, Paşinyan sözügedən dəhlizlə bağlı verdiyi vədləri unudaraq, yalnız yol məntiqindən çıxış edir və buna paralel olaraq anklavlarla bağlı reallıqları da qəbul etməkdən yayınır. O, məhz bununla bağlı növbəti razılaşmalardan yayınmaq üçün Bişkek görüşündən imtina etdi.

Təbii ki, əgər görüş baş tutarsa, İlham Əliyev Brüsseldə bu məsələləri açıq şəkildə bir daha xatırladacaq və bu, danışıqlarda əsas gündəm olacaq. Böyük ehtimalla, Bişkekdə keçirilən danışıqlarda Rusiya sülhməramlılarının bölgədə qalması və onların mandatı məsələsi müzakirə olunsa da, yekun razılıq əldə olunmayıb. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Qaluzin Rusiya sülhməramlılarının regionda olmasını “tələb olunan” hal kimi qiymətləndirib.

Brüssel danışıqlarından əvvəl Rusiya-Türkiyə danışıqlarında da bölgədəki rus sülhməramlıları və Naxçıvana aparan dəhlizdə təhlükəsizliyin təmin olunması məsələsinin müzakirə olunacağı şübhəsizdir. Təbii ki, hər bir sərnişinin təhlükəsizliyinə İrəvan deyil, yalnız Moskva təminat verə bilər. Yəni Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti avtomobil və dəmir yolu dəhlizlərinə nəzarət etsə, təhdid səviyyəsi azalacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur-Dəhlizi   Rusiya  


Bizi "telegram"da izləyin