“Bir Kəmər, Bir Yol” Təşəbbüsünə qarşı IMEC layihəsi: Dəhliz rəqabəti nələr gətirəcək?

2023/10/mecme-1697007036.jpg
Oxunub: 31136     16:49     16 Oktyabr 2023    
Hindistanı Körfəz ölkələri və Avropa ilə birləşdirəcək dəhlizin Asiya, Yaxın Şərq və Avropa arasında ticarət əlaqələrini genişləndirərək, iqtisadi inkişafı təşviq etməsi planlaşdırılır.

Mövcud qlobal nizam dağılmağa meylli bir təcil ilə müşayiət olunan yeni dünya nizamına doğru çevrilməyə başlayıb. Böyük güc rəqabətinin ön plana çıxdığı bu yeni normalda əsl döyüşün iqtisadi cəbhədə gedəcəyini söyləmək olar. Bu yaxınlarda keçirilən Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət BRICS və G20 sammitlərində də bu döyüşün izləri var.

Hindistanda keçirilən G20 Sammitinin ən mühüm nəticəsi Hindistanı Yaxın Şərqə və Yaxın Şərqi Avropaya birləşdirəcək dəmir yolu və liman şəbəkəsinin yaradılması planının elan edilməsi oldu. Bir çox ekspertin Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsünə alternativi kimi qəbul etdiyi bu yeni Hindistan-Orta Şərq-Avropa İqtisadi Dəhlizi Amerika Birləşmiş Ştatları (ABŞ), Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Fransa, Almaniya, İtaliya və Avropa İttifaqı (Aİ) liderləri tərəfindən birgə elan edildi. Dəhlizlə bağlı anlaşma memorandumu da imzalandı.

Hindistanı Körfəz ölkələri və Avropa ilə birləşdirəcək dəhlizin Asiya, Yaxın Şərq və Avropa arasında ticarət əlaqələrini genişləndirərək, iqtisadi inkişafı təşviq etməsi planlaşdırılır. Təşəbbüs çərçivəsində 2 fərqli dəhliz var. Bunlar Hindistandan Yaxın Şərqə uzanan Şərq Dəhlizi və Yaxın Şərqdən Avropaya uzanan Şimal Dəhlizidir. Dəhliz 3 qitə arasında fəaliyyət göstərəcək və limanları dəmir yolu, avtomobil və dəniz yolu ilə birləşdirəcək. Dəhlizin əsas məqsədləri regional təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsi, xərclərin azaldılması, Asiya-Yaxın Şərq və Avropa arasında geniş inteqrasiyanın təmin edilməsi kimi sıralana bilər.

Ev sahibləri nə düşünür?

Anlaşma memorandumunu imzalayan ölkələr 60 gün ərzində tez hərəkət etmək və fəaliyyət planı hazırlamaq niyyətindədirlər. Bu mərhələdə sözügedən dəhliz haqqında kifayət qədər məlumat yoxdur. Bununla belə, ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, dəhliz “əzbər pozan tarixi addım” kimi təsvir olunur. İsrailin Baş naziri Benyamin Netanyahu Hindistanı Yaxın Şərq vasitəsilə Avropaya bağlayan təşəbbüsü “Tarixdə Yaxın Şərq və İsrailin simasını dəyişdirəcək və bütün dünyaya təsir edəcək ən böyük əməkdaşlıq layihəsi” kimi xarakterizə edir.

Netanyahu xüsusilə vurğulayır ki, Asiyadan Avropaya infrastrukturu birləşdirəcək bu beynəlxalq layihənin mərkəzində İsrail dayanır. Anlaşma memorandumunu imzalayan ölkələr arasında olmasa da, İsrailin Hayfa limanı dəhlizin ən kritik tranzit məntəqələrindən biri olacaq.

Bu arada, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dəhlizi “Hindistan, Yaxın Şərq və Avropa arasında ən səmərəli marşrut” olaraq xarakterizə edərək, daşıma vaxtının 40 faiz azalacağını və bunun xərclərdə əks olunacağını vurğulayıb. Bu çərçivədə Süveyş kanalı üzərindən Hindistan və Avropa arasında 20-25 gün davam edən yük axınlarının əhəmiyyətli dərəcədə sürətlənə biləcəyi təxmin edilir. Bununla belə, daşıma zamanı dəmir yolu ilə dəniz arasında daşınma xərclərinə dair heç bir araşdırma aparılmayıb.

Səudiyyə Ərəbistanı yeni iqtisadi dəhlizin tam mərkəzindədir. Xüsusilə son zamanlar Səudiyyə Ərəbistanı Çinlə münasibətlərini dərinləşdirib və İranla problemlərini minimuma endirən perspektiv inkişaf etdirib. Ona görə də dəhliz Bayden administrasiyasının Səudiyyə Ərəbistanını Çindən uzaqlaşdırmaq və İsrailə yaxınlaşdırmaq cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər.

ABŞ-nin bu layihə ilə bağlı digər strateji hədəfini həm BRICS, həm də G20-nin mühüm aktoru olan Hindistanı Çin-Rusiya xəttindən çıxarmaq kimi oxumaq olar. Xüsusən də Çin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İranın yaxınlaşması, habelə son BRICS sammitində baş verənlər ABŞ-nin bu addımını sürətləndirmiş kimi görünür.

Türkiyəsiz heç bir dəhliz yoxdur

Dəhlizlə bağlı xəritələrdən də göründüyü kimi, Türkiyə dəhliz daxilində deyil. Müvafiq açıqlamanın verilməsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Türkiyəsiz heç bir dəhliz yoxdur. Şərqdən Qərbə nəqliyyat üçün ən uyğun xətt Türkiyədən keçməlidir”. Ərdoğan bununla münasibətini açıq şəkildə ortaya qoydu.

Bu məqamda yada Türkiyənin də daxil olduğu “İnkişaf Yolu Layihəsi” gəlir. Türkiyəni Fars körfəzindəki Fav limanına birləşdirən 1200 kilometrlik dəmir yolu və avtomobil yolunu özündə birləşdirən “İnkişaf Yolu Layihəsi” yeni İpək Yolu olaraq təyin olundu. Türkiyə və İraq bu mövzuda konkret addımlar da atıb.

İnkişaf Yolu Layihəsinin məqsədi Süveyş kanalından çıxan xəttə alternativ yaratmaqla daha sürətli və daha ucuz variant yaratmaq idi. Ancaq İnkişaf Yolu Layihəsi Çinin “Bir Kəmər, Bir Yol”, yəni Türkiyənin də daxil olduğu Orta Dəhliz ilə birlikdə təhlil edilməlidir. Daha dəqiq desək, “İnkişaf Yolu” layihəsini cənubdan yaradılacaq Orta Dəhlizlə çox mühüm əlaqə hesab etmək olar.

Türkiyənin IMEC-ə aid edilən xəritələrdə yer almaması bir qədər də bundan qaynaqlana bilər. IMEC ilə edilən hərəkətin Süveyş kanalına alternativ xətt yaradıb-yaratmayacağı bəlli deyil. Bu formada təşəbbüs bizə 2021-ci ildə keçirilən G7 Sammitini xatırlatdı. 2021-ci ildə Britaniyada keçirilən G7 Sammitində Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə alternativ plan elan edilib. “Daha yaxşı bir dünyanı yenidən qur” və ya B3W kimi elan edilən planda yol xəritəsi yox idi. Buna səbəb lazımi maliyyənin olmaması olub. Hətta Almaniyanın ozamankı kansleri Angela Merkel G7-nin bu plan üçün hələ maliyyələşdirmə mərhələsində olmadığını xüsusilə vurğulayıb.

IMEC necə işləyəcək?

IMEC layihəsi həm Balkanlarda dağlıq bölgə, həm də körfəzdəki səhralar boyunca dəmir yolu şəbəkəsinin tikintisini tələb edəcək ki, bu da layihənin dəyərini əhəmiyyətli dərəcədə artıracaq. Bunun necə maliyyələşdiriləcəyi hələlik bəlli deyil. IMEC layihəsinin ABŞ-nin G7 Zirvəsində açıqladığı “Daha yaxşı bir dünyanı yenidən qur” və Aİ-nin 2021-ci ildə açıqladığı “The Global Gateway” kimi gecikməyə məruz qalması mümkündür.

Dəhlizin xəritələrində Yunanıstanın Pirey limanı Avropa qitəsi ilə əlaqə nöqtəsi kimi göstərilir. Lakin bununla bağlı rəsmi açıqlama verilməyib. Pirey limanının səhmlərinin 67 faizi Çin nəhəngi COSCO şirkətinə məxsusdur. Ona görə də transfer nöqtəsi Yunanıstanın yerinə İtaliya limanı ola bilər. İtaliyanın son dövrdə Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsündən ayrılma yönündəki motivasiyası da bu kontekstdə müzakirə oluna bilər. Yeri gəlmişkən, Yunanıstan da sıraya daxil olsa, Kavala, Volos və Dedeağaç kimi başqa variantların da olduğunu söyləmək olar.

IMEC-in geostrateji əhəmiyyəti

IMEC-i Hindistan və Səudiyyə Ərəbistanı ilə çox regional geoiqtisadi və geostrateji layihə kimi təyin etmək olar. Bu təşəbbüslə Hindistan xüsusilə Yaxın Şərqdə enerji asılılığını təmin edir, ABŞ və Çindən sonra regiona nüfuz edən üçüncü güc profilini öz üzərinə götürür. Hətta deyə bilərik ki, Hindistan həm bu təşəbbüsdə iştirak etdiyi, həm də Çin və Rusiyanın ağırlıq mərkəzində olduğu BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi qruplarla əlaqələrini kəsmədiyi bir mövqe qurub. Ancaq bunun uzunmüddətli perspektivdə dayanıqlı olub-olmayacağı bəlli deyil. Bundan əlavə, Hindistanın qütblər arasında körpü rolunu oynaması çoxqütblülük əvəzinə ikiqütblülüyü gücləndirə bilər.

Bu təşəbbüsdə iştirak edən Səudiyyə Ərəbistanı və BƏƏ də yeni soyuq müharibənin zərərindən qaçmaq üçün hesablamalar apara bilər. Hər iki tərəfi qane edən bu diplomatik fəaliyyət formasının və mürəkkəb iqtisadi layihələrin ortaya qoyduğu asılılığın günün sonunda ortaya çıxacaq zərəri minimuma endirə biləcəyi təxmin edilir. Çinli ekspertlər ABŞ-nin Yaxın Şərqdəki dəhliz planını növbəti “çox danışıq, kiçik iş” kimi qiymətləndirsələr də, bu infrastruktur planını “Bir Kəmər, Bir Yol” Təşəbbüsünə qarşı açıq cəhd kimi şərh edirlər. ABŞ-nin əsas məqsədi Çini Yaxın Şərqdən təcrid etməkdir.

“Bir Kəmər, Bir Yol” Təşəbbüsü qədim İpək Yolu marşrutları boyunca şəbəkə vasitəsilə Asiyanı Avropa və Afrika ilə birləşdirməyi hədəfləyən nəhəng təşəbbüsdür. Son on ildə təşəbbüs çərçivəsində ümumi investisiya miqyası 1 trilyon dollara yaxınlaşıb. Dünya Bankının hesabatlarına görə, 2013-cü ildən 2021-ci ilə qədər Çinin dünya iqtisadi artımına verdiyi orta töhfə 38,6 faizə çatıb.

Yenə də Dünya Bankının məlumatlarına görə, “Bir Kəmər, Bir Yol” Təşəbbüsü coğrafi cəhətdən nəqliyyat dəhlizləri boyunca yerləşən onlarla ölkəni əhatə edir. 2013-2020-ci illər arasında Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsü ölkələri ilə ticarət həcmi 9,2 trilyon dollara çatıb, Çindən bu ölkələrə birbaşa investisiyalar 140 milyard dollar səviyyəsindədir.

ABŞ-nin bu təşəbbüsdəki əsas məqsədi simvolik jest edərək, xətt üzərində olan ölkələri mümkün ikiqütblü nizamda öz tərəfində saxlamağa çalışmaq kimi müəyyən edilə bilər. Sözügedən IMEC böyük resurslar, icra imkanları və mürəkkəb institusional mexanizm tələb edəcək. Bunların nə dərəcədə təmin ediləcəyi və ya həyata keçiriləcəyi bəlli deyil. Ancaq bir şey aydındır ki, dəhlizlə bağlı baxış Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsünə qarşı bir plandır.

Dünya yeni soyuq müharibənin astanasındadır. Bu kontekstdə görürük ki, ABŞ və Çin arasında baş verən və bir çox cəbhələrdə dərinləşən bu hibrid soyuq müharibə ölkələr arasında əməkdaşlığı və kollektiv təşkilatları parçalayır və ayırır. Bu tendensiya, bir tərəfdən, ikiqütblü bloka doğru istiqamətlənərkən, digər tərəfdən Hindistanın rəhbərlik etdiyi birləşməyən xətti də ortaya qoyur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Körfəz   IMEC  


Bizi "telegram"da izləyin