3 sualda HƏMAS-ın 7 oktyabr hücumları – ANALİZ

2023/10/1696933726.jpg
Oxunub: 31923     14:25     10 Oktyabr 2023    
İsrailin hədəfindən asılı olmayaraq HƏMAS-ın hücumuna cavab verəcəyi təqdirdə Livandakı fələstinli və şiə milis qruplarının koordinasiyalı bir strategiyaya əməl edəcəyi də gözlənilir.

1. HƏMAS-ın İsrailin cənubuna hücumu ilə bağlı hazırkı vəziyyət necədir?

İzzəddin Əl-Qəssam Briqadaları 2023-cü il oktyabrın 7-də səhər saat 06:30-da İsrailin cənubundakı yaşayış məntəqələrinə genişmiqyaslı hücuma keçib. İzzəddin əl-Qəssam Briqadaları adlı silahlı qrupun komandiri Məhəmməd əl-Def hücumun səbəbini radikal israillilərin Məscidül-Əqsaya daxil olması ilə izah edib və “əməliyyat”ın adının “Əqsa Tufanı” olduğunu bildirib.

Hücum 20 dəqiqə ərzində İsrailin cənubundakı şəhərlərə təxminən 5000 raket atılması ilə başlayıb. Eyni zamanda HƏMAS-ın bəzi üzvləri qurudan və sadə planerə bənzər cihazlardan istifadə edərək, havadan İsrailə sızıblar. HƏMAS üzvləri İsrail təhlükəsizlik qüvvələrinə hücum edərək, şəhər meydanlarına nəzarəti ələ keçirməyə cəhd ediblər. İsrail polisi və hərbi qulluqçularının əsir götürülərək, Qəzzaya köçürüldüyü və beləliklə onlardan İsrailin mümkün hava hücumlarına qarşı “qalxan” kimi istifadə etmək niyyəti olduğu anlaşıldı. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə video yayımlayıb və hücumun davam edəcəyinə dair mesaj verib.

İslami Cihad Hərəkatı öz bəyanatında HƏMAS ilə birlikdə hərəkət edəcəyini açıqlayıb. HƏMAS-ın onlara qoşulmağa çağırdığı digər Fələstin və Livan silahlı qrupları hücumun ilk saatlarında bu çağırışa cavab verməyib. Fələstinli qrupların parçalanmış quruluşu səbəbiylə qiymətləndirmə prosesinə məruz qalan bu vəziyyət zamanla ağırlıq mərkəzinin qurulmasında zəiflik yaratdı.

Ancaq Fələstin Prezidenti Mahmud Abbasın Ramallahda “Fələstinlilərin özlərini müdafiə etmək və işğala son qoymaq hüququ var” açıqlaması hadisələrin daha da genişlənə biləcəyini göstərir. Digər tərəfdən, İsrailin hədəfindən asılı olmayaraq HƏMAS-ın hücumuna cavab verəcəyi təqdirdə Livandakı fələstinli və şiə milis qruplarının koordinasiyalı bir strategiyaya əməl edəcəyi də gözlənilir.

2. İsrail necə cavab verdi?

Oktyabrın 6-dan 7-nə keçən gecə 24 saat boyunca icra edilən Şabbat dini günü səbəbindən israillilərin evlərində olduğu dövrə təsadüf edən hücumun vaxtı əhəmiyyətlidir. İsraildə şənbə günü işlərin dayandırıldığı məlumdur. İsrail yəhudiləri yer və göylərin altı gündə yaradıldığına, yeddinci gün dincəlmək lazım olduğuna və hər hansı digər davranışın ən pis ölümlə nəticələnəcəyinə inandıqlarına görə şənbə günü ibadət edir, lakin işləmirlər.

Üstəlik, bu hadisə Misirin 1973-cü il oktyabrın 6-da başlatdığı Yom Kippur hücumunun ildönümündən dərhal sonra başlayıb. Bu səbəbdən də israillilərə Yom Kippura edilən “basqın” üslublu hücumu xatırladan bu hadisə İsrail üçün dərhal reaksiya tələb edən bir məna daşıyır.

Hücumdan dərhal sonra verdiyi açıqlamada İsrail vətəndaşları evdə qalmağa çağırıb. Bölgədəki hava limanlarında kritik materiallar ölkənin mərkəzi və şimal bölgələrinə daşınıb, təhlükəsizlik qüvvələri bölgəyə göndərilib. Bundan başqa, Hərbi Hava Qüvvələri (HHQ) və Ordu Aviasiya Birlikləri də ani əmrlə səfərbər edilərək, Qəzzada müəyyən edilən hədəfləri nəzarətə götürüb.

İsrailin Baş naziri Binyamin Netanyahu videomüraciətində İsrailin müharibə vəziyyətində olduğunu açıqlayıb və buna sərt cavab veriləcəyini bildirib. Bu çərçivədə səfərbər olunan İsrail ordusu və ehtiyat qüvvələrinin genişmiqyaslı cəza hücumu həyata keçirə biləcəyi nəzərdə tutulur.

3. HƏMAS-ın hücumundan sonra digər dövlətlərin münasibəti necə oldu?

HƏMAS-ı silah və sursatla təmin etdiyi bilinən İran hücumun ilk saatlarında səssiz qalıb. İranın xəbəri və təşviqi olmadan belə bir hücumun baş verə bilməyəcəyi real təxmindir. HƏMAS-ın əldə etdiyi uğuru və İsrailin reaksiyasını nəzərə alsaq, İranın Livan və Suriyadakı silahlı milisləri hərəkətləndirə biləcəyi düşünülə bilər. Hesab etmək olar ki, Rusiyanın Suriyadakı boşluğunu doldurmağa çalışan İran indiki qazanclarını gücləndirmək üçün daha aktiv strategiyaya gedə bilər.

Qərb ölkələri isə İsrailə dəstək bəyanatları verərək, İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayırlar. Digər tərəfdən, Misir soyuqqanlılığa çağırıb və gərginliyin artmasının ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Görünür, münaqişənin ilk saatlarında digər ölkələr “vəziyyəti anlamaq” mərhələsində idilər və öz reaksiyalarını bildirərkən, ənənəvi və əsas xarici siyasət prinsiplərindən kənara çıxmadan bəyanatlar verdilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin