“Washington Post”dan Qarabağ təhlili: Kreml Türkiyə-Azərbaycan xəttinin bir parçası olmaq istəyir

2023/10/38453-1696408326.jpg
Oxunub: 17760     12:59     06 Oktyabr 2023    
ABŞ-nin aparıcı qəzetlərindən olan “Washington Post” (WP) Rusiyanın Ermənistanı Qarabağda tək qoyduğunu yazıb.

WP-nin Moskva bürosunun rəhbəri Robin Dikson və Rusiya müxbiri Françeska Ebelin yazdığı “Ermənistandan üz döndərən Rusiya Qarabağda sülhü qoruya bilmədi” başlıqlı təhlildə Kremlin bölgədəki vədlərini yerinə yetirə bilmədiyi bildirilib.

Təhlildə Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə Qarabağ ermənilərinin müdafiəsi, bölgədə atəşkəsin qorunması, Qarabağla Ermənistanı birləşdirən yeganə magistral olan Laçın yolunun təmin edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi yazılıb.

Təhlildə Rusiyanın keçmiş Sovet ərazisindəki təsirinin ağır bir zərbə aldığı bildirilib və aşağıdakı qiymətləndirmə verilib:

“Putin Rusiyanın itirilmiş imperiyasını bərpa etməyə və keçmiş sovet qonşularına hakim olmağa böyük enerji sərf edib. Beləliklə, onun çoxdankı müttəfiqi Ermənistanı müdafiə edə bilməməsi dramatik dəyişiklik yaratdı. Rusiya ilə həmsərhəd olan digər kiçik xalqlar üçün mesaj aydındır: gələcəkdə Rusiyaya kim etibar edə bilər?”

Böyük Britaniyada fəaliyyət göstərən “Chatham House” beyin mərkəzinin əməkdaşı Laurens Broers Türkiyənin 2020-ci ildə atəşkəsdə oynadığı rolun hazırkı vəziyyətdə də vacib olduğuna diqqət çəkib.

Broers deyib ki, Rusiya Ukraynaya qarşı müharibədə və regional enerji xətlərindəki əhəmiyyətinə görə Türkiyəyə yaxın olmaq üçün sakitcə Ermənistandan uzaqlaşır. Qafqaz üzrə ekspert bəyan edib ki, Kreml Türkiyə-Azərbaycan xəttinin bir parçası olmaq istəyir.

WP yazıb ki, Rusiya Qarabağdakı vəziyyəti izləyə bilməyib, çünki o, ötən il fevralın 24-də Putinin göstərişi ilə başlayan Ukrayna müharibəsinə diqqət yetirib.

Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupundan Olesya Vartanyan da Rusiya sülhməramlı qüvvələrinin bölgədəki qoşunlarının xüsusən Ukrayna müharibəsindən sonra öz təsirlərini tədricən itirdiyini bildirib.

Xəbərdə Laçın dəhlizinin 10 aya yaxındır ki, tam gücü ilə istifadə edilmədiyi iddia edilib və vəziyyətə müdaxilə edilməməsi Qarabağ ermənilərini qəzəbləndirdiyi bildirilib. Qarabağda, Ağdərədə yaşayan 26 yaşlı Artur Babayan yaranmış vəziyyətə görə Kremli günahlandırsa da, “Bütün dünya baş verənləri izləməklə kifayətlənir” deyib.

Digər tərəfdən təhlildə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son vaxtlar regionda baş verən proseslərdə aktiv rol oynamadığına diqqət çəkilib. KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan, həmçinin Rusiya və Ermənistan daxildir.

WP Ermənistanın zamanla KTMT-dən uzaqlaşaraq Qərbə yaxınlaşdığını, təşkilatın hərbi təlimlərində iştirak etmək əvəzinə ABŞ ilə birgə təlimlərdə iştirak etdiyini, Ukraynaya humanitar yardım göndərdiyini və bunun Moskvanı qəzəbləndirdiyini yazıb.

Xəbərdə “Bəziləri hesab edir ki, İrəvanın Rusiyadan onilliklərdən bəri asılılığını azaltmağa çalışdığı bir vaxtda Putin Nikol Paşinyanı yeni Qərb tərəfdaşları axtarışına görə cəzalandırmağa çalışır” kimi qiymətləndirmə də yer alıb.

Azərbaycanın Qarabağ əməliyyatı

Azərbaycan Xocavənddəki Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda dövlət qurumuna məxsus yük maşınının minanın üstündən keçməsi nəticəsində iki mülki şəxsin həlak olduğu, hadisə yerinə gedən polis maşınında olan 4 nəfərin də minaya düşərək həyatını itirdiyi barədə məlumat vermişdi.

Bakı rəhbərliyi minaların erməni separatçılar tərəfindən qoyulduğunu əsas gətirərək, sentyabrın 19-da Qarabağda antiterror tədbirlərinə başlayıb. Təxminən 24 saat davam edən əməliyyatdan sonra erməni separatçı qruplar silahlarını yerə qoyublar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da əməliyyatın nəticəsindən razı qaldıqlarını ifadə edib və deyib: “Azərbaycanın əməliyyatı Ermənistan dövləti ilə deyil, Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir”.

Antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin 5 hərbi qulluqçusu həlak olub. Azərbaycanın Baş Prokurorluğu rus hərbi qulluqçuları daşıyan yük maşınına təsadüfən atəş açıldığını bildirib.

Qarabağdakı qondarma qurumun ləğvi

Atəşkəsdən sonra regionun Azərbaycana reinteqrasiya prosesini planlaşdırmaq üçün sentyabrın 21, 25 və 29-da Bakı və İrəvan administrasiyaları arasında görüşlər keçirilib.

Proseslə bağlı danışıqlar davam edərkən, Ermənistanın Qarabağdakı qondarma qurumunun “rəhbəri” Samvel Şahramanyan sentyabrın 28-də verdiyi bəyanatda qondarma qurumun mövcudluğunun 2024-cü il yanvarın 1-ə qədər başa çatacağını bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Antiterror  


Bizi "telegram"da izləyin