22-24 avqust tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən 15-ci BRICS sammitində İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir, Argentina və Efiopiya BRICS-ə tamhüquqlu üzv kimi dəvət edilib. Bu ölkələrin tamhüquqlu üzvlüyü 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Birqütblü sistemdən çoxqütblü sistemə keçid dövründə alternativ axtarışda yüksələn yeni güclərin əməkdaşlığı ilə ortaya çıxan bu qrup, həm də inqilabdan sonra ABŞ-nin rəhbərlik etdiyi Qərb hegemonluğuna qarşı axtarışda olan İranın xarici siyasət yanaşmaları ilə paraleldir.
Bu baxımdan İranın xüsusilə 2021-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzvlüyünə qəbul edildikdən sonra BRICS-ə üzv olması mövcud hökumətin xarici siyasəti və diplomatiyası üçün uğur hekayəsi kimi qeydə alınıb. Həsən Ruhani hökumətinin ABŞ-nin rəhbərlik etdiyi Qərbin normallaşma səyləri istiqamətində imzaladığı nüvə razılaşmasından sonra İran quruluşu ölkəni transformasiya etmək siyasətlərinə ciddi müqavimət göstərdi və xarici siyasətdə oxun dəyişməsinə qarşı sərt tədbirlər görüldü. Bu vəsilə ilə Ruhani hökumətini mümkün qədər məhdudlaşdıran quruluş inqilabın prinsip və məqsədlərinə uyğun hərəkət edən İbrahim Rəisini hakimiyyətə gətirməklə sözügedən prosesi aradan qaldırdı.
ABŞ-nin 2018-ci ilin may ayında Donald Tramp administrasiyasında nüvə sazişindən birtərəfli qaydada çıxması və maksimum təzyiq siyasəti çərçivəsində İrana qarşı ağır sanksiyalar tətbiq etməsi nəticəsində ölkə həm iqtisadiyyat, həm də təhlükəsizlik baxımından ciddi təhdidlərlə üzləşib. Təsiri gündən-günə dərinləşən iqtisadi böhranın gətirdiyi siyasi, sosial və təhlükəsizliyi təhdid edən riskləri nəzarətdə saxlamaq və idarə etmək üçün Tehran yeni çıxış yolları axtarırdı. Bu istiqamətdə Çinlə 25 illik hərtərəfli strateji əməkdaşlıq müqaviləsi, ŞƏT-ə üzvlük və Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı başda olmaqla Körfəzdə problemləri olan BƏƏ və Bəhreyn kimi ölkələrlə normallaşma proseslərindən sonra BRICS-ə üzvlük yuxarıda qeyd olunan riskləri azaltmaqla yanaşı, həm də xarici siyasətdə qurulan nizamın aktiv dövrə daxil olduğunu göstərir.
Üzvlüyün mümkün iqtisadi təsirləri
Dünya əhalisinin 42 faizini və qlobal iqtisadiyyatın 26 faizini təşkil edən BRICS üzvlərinin 2030-cu ilə qədər qlobal məhsulun yarısına çatması gözlənilir. İranın da içində yer aldığı belə bir quruluşun əldə edə biləcəyi imkan, şübhəsiz ki, Tehrana iqtisadi əlaqələrini inkişaf etdirmək üçün səmərəli platforma yaradır. ABŞ-nin sanksiyaları baxımından Çin və Rusiya ilə ortaq taleyi paylaşan İranın Rusiya ilə hərbi və təhlükəsizlik sahəsində, Çinlə iqtisadi sahədə geniş əməkdaşlıqdan əlavə, BRICS-in digər üzvləri ilə də ikitərəfli iqtisadi əlaqələri var. Lakin hazırkı şəraitdə ABŞ sanksiyalarının təzyiqini qismən azaltmağa töhfə versə də, bu üzvlük İranın üzləşdiyi dərin iqtisadi çöküşləri aradan qaldırmaq gücünə malik deyil.
ABŞ sanksiyaları ilə yanaşı, İran həmçinin çirkli pulların yuyulması, terrorizmə dəstək və insan haqlarının pozulması kimi səbəblərə görə Maliyyə Fəaliyyət İşçi Qrupunun (FATF) qara siyahısına salınıb. Ona görə də ölkə xarici investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşir. Uzun illərdir ölkədə mühüm müzakirə mövzularından birinə çevrilən FATF-a üzvlük məsələsi də quruluşun qeyd-şərtləri səbəbindən Düzənin Faydalarının Diaqnozu Şurasında (DFDŞ) gözlədilir.
Odur ki, FATF İranın üzləşdiyi digər struktur problemi kimi BRICS-ə üzv ölkələrlə iqtisadi əlaqələri sağlam əsasda inkişaf etdirməsinə maneə olacaq. Əslində, FATF İranın ikitərəfli əlaqələr çərçivəsində iqtisadi əlaqələri olan üzv ölkələrlə (Çin, Hindistan, Rusiya kimi) ticarət əlaqələrini gözlənilən səviyyədə inkişaf etdirməsinə də maneələr yaradıb.
BRICS-in regional normallaşmaya təsiri
“Ərəb baharı” zamanı və ondan əvvəl ərəb dünyasında, xüsusən də İran və Körfəz ölkələrində baş verən mənfi hadisələr bölgənin gərginlik mərkəzinə çevrilməsinə səbəb oldu. BRİCS-in yeni üzvlərin qəbulu və genişlənmə siyasətinə uyğun olaraq, İranla birlikdə üzvlüyə qəbul etdiyi Səudiyyə Ərəbistanı, BƏƏ və Misir kimi ölkələrlə Tehran arasında Çinin vasitəçiliyi ilə son vaxtlar başlayan normallaşma prosesini gücləndirəcək təsir yaratması mümkündür.
Tehran, Ər-Riyad, Əbu-Dabi və Qahirə arasında başlayan siyasi-diplomatik yaxınlaşma və BRICS-in yardımçı rolu ilə bu ölkələr arasında iqtisadi münasibətlərin daha da sürətlənməsi mümkündür. Tərəflər arasında iqtisadi əlaqələrin yaxın gələcəkdə ideal səviyyəyə çatacağı gözlənilməsə də, sonrakı proseslərdə bu platformanın töhfəsi ilə iqtisadi əlaqələrin gedişatı və ölçüsü yaxşılaşdırıla bilər.
İran, Səudiyyə Ərəbistanı və BƏƏ enerji mənbəyi ölkələri olaraq həm OPEC kimi ortaq platformaya, həm də digər üzv ölkələrlə ayrı-ayrı enerji əməkdaşlığı əlaqələrinə malikdir. Bu kontekstdə bu ölkələr arasında həm əməkdaşlıq, həm də rəqabət var. “Ərəb baharı”ndan sonra Çinin liderliyi ilə başlayan yumşalma və normallaşma Çinin lokomotiv rolunu oynadığı iqtisadi əməkdaşlıq platforması sayəsində bu ölkələrin yaxınlaşmasına müsbət təsir göstərə bilər.
Nəticə etibarilə İranın BRICS-ə üzv olması ŞƏT-ə üzvlükdən sonra Rəisi hökumətinin xarici siyasətində yeni bir uğur kimi qeydə alınsa da, əslində bu, inqilabdan sonra quruluşun ölkəni yerləşdirməyə çalışdığı xarici siyasət anlayışına uyğun bir inkişafdır. Quruluş Haşimi Rəfsəncani hökuməti ilə başlayan, Xatəmi və Ruhani hökumətləri ilə davam edən xarici siyasətdəki “ox sürüşməsi”ni Rəisi hökuməti ilə yenidən yoluna qaytardı.
“Ərəb baharı” prosesində regional səviyyədə hərbi və geosiyasi nailiyyətlər əldə edən Tehran yeni xarici siyasəti çərçivəsində bu qazanclarını siyasi və diplomatik addımlarla təsdiqləmək istəyir. Bu kontekstdə ikitərəfli əlaqələr çərçivəsində Çin, Rusiya və Hindistanla əlaqələrini gücləndirən İran ŞƏT və BRICS kimi regional və beynəlxalq platformalara üzv olması sayəsində siyasi və diplomatik manevr imkanlarını təkmilləşdirə biləcəyi sahələr yaradır.
Tehran bu münasibətlə ABŞ-nin sanksiyalarının təzyiqini azaltmağa çalışsa da, bu səylər İranın gündən-günə dərinləşən iqtisadi, sosial və siyasi problemlərinə daimi həll yolları verməkdən uzaqdır.
Asif Cəfərov
Ordu.az