Ardıcıl olaraq iki raket atıldı: Türkiyə HHM sistemində kritik məqam
Oxunub: 2452
12:00
02 Sentyabr 2023
HİSAR O+ raketinin RF başlıqlı versiyasının sahə sınaqları ötən günlərdə tamamlanıb. Bundan dərhal sonra ilk dəfə “Siper-2” raketi atıldı. Baş verənləri Türkiyənin milli Hava Hücumundan Müdafiə (HHM) sahəsində “ən kritik künclərdən biri” kimi şərh edən ekspertlərin fikrincə, Ankara xaricdən asılılığın heç vaxt qəbul edilə bilməyəcəyi bir sahədə özünü sübut etdi.
Təəssüflər olsun ki, Türkiyənin uzun illərdir xarici HHM sistemlərindən asılı olduğu hamının bildiyi bir həqiqətdir... Hətta Ankaranın ən çox ehtiyac duyduğu anlarda belə onun müttəfiqlərinin Türkiyədə olan müdafiə sistemlərini geri çəkdiyi dövrlər olub.
HHM sistemləri yerli/milli müdafiə sənayesinin ayaq üstə durmağa başladığı ilk günlərdən etibarən Türkiyə Silahlı Qüvvələrinin ən çox tələb etdiyi məhsul ailələrindən biridir. Müvafiq qurumlar tərəfindən atılan addımlardan sonra Türkiyədə aşağı mənzilli hava hücumundan müdafiədən tutmuş, yüksək və uzaq mənzilli hava hücumundan müdafiə məhsullarına qədər müxtəlif ehtiyacların tədricən inkişaf etdirildiyinin şahidi oluruq.
HİSAR və “Siper” raket ailələrindən ayrı-ayrı sevindirici xəbərlər gəldi
Ötən günlərdə bir-birinin ardınca açıqlanan iki hadisə bu sahədə inkişafın sürətlə davam etdiyini göstərir. İlk xəbər “Hisar” raket ailəsindən gəldi. HİSAR O+ kodlu Orta Hündürlükdə Hava Hücumundan Müdafiə Raket Sistemi layihəsi çərçivəsində hazırlanan Radiotezlikli (RF) Axtarış Başlıqlı HİSAR O+ Raketinin sahə sınaqları uğurla tamamlanıb.
Ertəsi gün bu dəfə “Siper” raket ailəsindən şad xəbər gəldi. “Siper-2” raketinin ilk dəfə atıldığı anın sınaq görüntüləri ictimaiyyətlə paylaşılıb. Fərqli raketlərlə irəliləmiş kimi görünsə də, bu iki inkişafı eyni əsas hədəfə yönəlmiş kritik bir məqam hesab etmək yanlış olmaz.
Özünü hədəfə doğru istiqamətləndirir
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) inventarında həm HİSAR A+, həm də HİSAR O+ HHM sistemlərinin olduğunu bildirən ekspertlər bu sistemlərdə istifadə edilən raketlərin soyudulmuş İnfraqırmızı Axtarış Başlığı (IIR) qabiliyyətinə malik olduğu məlumatını paylaşır.
Sahə sınaq kampaniyaları tamamlanan HİSAR RF (Radio Tezlik) raketinin terminal mərhələsinə çatdıqda artıq hədəf işıqlandırmasına ehtiyacı olmur. Raket hədəfi müəyyən etmək və məhv etmək üçün RF axtarış başlığındakı radarı sayəsində hədəfə doğru istiqamətlənir.
Sınaq videosunda kritik detallar var
Başlıq dəyişikliyinin sahə üçün vacib olduğunu izah edən türk ekspertlər sınaq atışındakı videoya da istinad edirlər...
Onlar videoda iki kritik sınaq olduğundan danışır və qeyd edirlər: “Biri yaxın məsafədə və aşağı hündürlükdə, digəri isə uzaq və yüksək hündürlükdə yüksək sürətli hədəflər idi. Yüksək sürətli hədəfə qarşı yaxın mənzil və aşağı hündürlük sınağında diqqət çəkən məqam raketin manevr qabiliyyəti idi. Yəni raket atıldıqdan sonra yüksək təzyiqə müqavimət göstərir və manevr edərək hədəfini vurur. Yüksək sürətli hədəfə qarşı “dual puse” qoşa zərbə mühərrikinin uzaq məsafədə və yüksək hündürlükdə işə salındığını, raketin yenidən itələmə qabiliyyətini qazandığını və terminal mərhələsində hədəfini uğurla vurduğunu gördük. Bir sözlə, RF axtarış başlığı sayəsində raket hədəfini izləyərkən müxtəlif manevrləri uğurla yerinə yetirir və hədəfini qaçırmır”.
RF başlığının HİSAR-a gəlməsi ilə sözügedən raket Dəniz Qüvvələrinə mükəmməl uyğun gəlir. Raketin İ sinfinə məxsus freqatlarda ilk istifadəsi üçün araşdırmalar davam edir.
Çox kritik bir sahədə xarici asılılıq sona çatır
RF axtarış başlıqlı raket həm gərgin radioelektron müharibə tədbirlərinə, həm də pis hava şəraitinə qarşı digər döyüş başlıqlı raketlərdən daha çox üstündür, çətin şərtlərdə belə hədəfi yüksək dəqiqliklə təyin edə bilir.
HHM sistemlərində axtarış başlığı məsələsində xaricdən asılılıq heç bir zaman qəbul edilə bilməyəcək kritik bir məsələdir. Buna görə də ASELSAN HİSAR RF raketində istifadə edilən aktiv radar axtarış başlığını hazırlayıb və kütləvi istehsalına davam edir.
“Siper-2” ilə Türkiyə tamamilə sıfırdan bir raket inkişaf etdirdi
Layihə çərçivəsində indiyə qədər “Siper Ürün-0”, “Siper Ürün-1” və “Siper Ürün-2” şəklində üç fərqli raket gördük.
“Siper Ürün-0” raketi HİSAR O+ raketinə gücləndirici, yəni əlavə mühərrik əlavə edilərək hazırlanıb. “Siper Ürün-1” isə “Siper Ürün-0”dan fərqli olaraq RF axtarış başlığına malik idi. Əsasən bu iki raket HİSAR O+ HHM raketi üzərində inkişaf etdirilən fərqli qabiliyyətlərə malik həllər idi. “Siper-2” isə tamamilə sıfırdan hazırlanmış yeni məhsuldur.
Türkiyənin hazırda S-400 batareyalarını saymasaq, uzaq mənzilli önləmə qabiliyyətinə malik müasir HHM sistemləri yoxdur. NATO kontekstində Adanada “Patriot” batareyası olsa da, Türkiyəyə məxsus deyil. Türkiyənin hüdudlarından kənardan gələ biləcək hava və raket təhdidlərinə qarşı prioritet HHM çətirinə ehtiyacı var.
Təhdidlər dəyişdikcə “Siper” də inkişaf edəcək
Türkiyə “Siper” layihəsi ilə yüksək hündürlükdə və uzaq mənzilli HHM ehtiyaclarını müxtəlif qabiliyyətli HHM raketləri ilə qarşılayacaq. “Siper-2” raketi ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE ilə ortaq şəkildə hazırlanır. Tamamilə sıfırdan hazırlanmış “Siper-2” raketi müxtəlif cəhətlərinə görə “Siper-1”dən həm fərqli, həm də oxşardır. Məsələn, “Siper-2”də gücləndirici, yəni əlavə bir mühərrik yoxdur, lakin RF axtarış başlığı istifadə ediləcək.
“Siper-1” raketinin önləmə mənzili 100 km civarında olduğu halda, “Siper-2” raketi üçün 140+ km önləmə mənzili hədəflənib və önləmə hündürlüyü paralel olaraq artırılıb. Gələcəkdə “Siper-2”nin əlavə mühərrik versiyası olarsa, bu mənzil daha da irəli aparılacaq.
Əlbəttə, ilk atış sınağının müvəffəqiyyəti məhsulun hazır olması demək deyil. İlk atış sınağında ümumilikdə müxtəlif mövzularda məlumatlar toplanır və növbəti addım hazırlanır. “Siper-1”də qazanılan təcrübə və burada istifadə olunan alt sistemlər “Siper-2”də istifadə olunacaq ki, bu da prosesi sürətləndirəcək.
Dünyada fərqli xüsusiyyətlərə malik HHM raket sistemlərinə tələbat yüksəkdir. Türkiyə müdafiə sənayesi təhlükəsizlik qüvvələrinin HHM ehtiyaclarını qarşılaya, bu bazarda əhəmiyyətli bir aktor ola bilər. Bu texnoloji imkan mövcuddur və günü-gündən təkmilləşir. Gələcəkdə sektorun bu istiqamətdə xarici tələblərə daha çox cavab verdiyini görəcəyik.