Ərdoğan-Putin görüşü: Kim kimdən nə istəyəcək?

2023/08/1693216458.jpg
Oxunub: 6071     15:01     28 Avqust 2023    
Bir müddətdir ki, Rusiya və Türkiyə prezidentlərinin görüşəcəyi haqda informasiyalar yayılsa da, nədənsə məsələ uzanır, yaxud uzadılır…

Hətta bir müddət öncə Türkiyə prezidenti rusiyalı həmkarının Ankaraya gələcəyini, ondan az sonra isə Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüş barədə razılaşdıqlarını açıqlasa da, liderlərin nə vaxt, harada bir araya gələcəyi hələlik məlum deyil. TASS-ın diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, Türkiyə Prezidenti sentyabrın 4-də Rusiyanın Soçi şəhərində Vladimir Putinlə görüşəcək. Ehtimala görə. görüşün əsas müzakirə predmeti “Taxıl sazişi”dir…

Təbii ki, iki lider arasında çoxdan gözlənilən və planlaşdırılan rəsmi görüş gerçəkləşəcəyi halda, burada müzakirəyə bir mövzunun çıxarılması, heç də inandırıcı görünmür.

Hərçənd, Rusiyanın “Taxıl Sazişi”ndəki funksiyasını birtərəfli qaydada dondurması bu günkü dünyada qida çatışmazlığının fonunda kiçik, yaxud məhdud əhəmiyyətli məsələ sayıla bilməz. Amma bu mövzu ilə yanaşı Türkiyə və Rusiya üçün istər strateji baxımdan, istərsə də qlobal geopolitik cəhətdən mahiyyətcə çox böyük məsələlər var ki, bunların da prezidentlər arasında danışıq masasına çıxarılacağı şəksizdir…

Təxminən bir ay əvvəl Ərdoğanla mümkün görüşü haqda danışan Vladimir Putinin türkiyəli həmkarının onu Türkiyəyə dəvət etməsinə toxunub. Rusiya prezidentinin açıqlamasındakı bir detalın iki maraqlı məqamına nəzər yetirək.

Vladimir Putin həmkarının onu yaxın keçmişdə Türkiyədə keçirilən seçkilərdən əvvəl Ankaraya dəvət etdiyini bildirib. O isə bu səfərin siyasi “spekulyasiya” kimi anlaşıla biləcəyini ehtimal etdiyindən, görüşün seçkilərdən sonrakı tarixə keçirilməsinə üstünlük verdiyini açıqlayıb: “Bu, nə ona, nə də mənə lazım deyil, razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq” deyib.

Putin seçki öncəsi Türkiyəyə getməkdən imtina etməklə, prezidentliyə namizəd olan Ərdoğanı istər Türkiyədaxili siyasi arenada, istərsə də beynəlxalq sferada qınaqlardan və təzyiqlərdən qorumağa çalışıb.

“Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik” deməklə Putin ifadə etmək istəyib ki, o, Ərdoğanı güclü lider kimi qəbul edir və seçkilərdə onun yenidən seçiləcəyinə əmin olub, eyni zamanda, onunla növbəti dəfə prezident kimi görüşməyi arzuladığını ifadə edib.

Təbii ki, liderlər arasında qarşılıqlı ehtiram və inam onların rəhbərliyik etdiyi ölkələrin ictimai-siyasi həyatında, iqtisadi əlaqələrində çox ciddi rol oynayır.

Digər tərəfdən, Rəcəb Tayyib Ərdoğanın da Vladimir Putinlə görüşəcəklərinə dair açıqlamaları onu deməyə əsas verir ki, Türkiyə prezidenti də həmkarına xüsusi sayğı ilə yanaşır. Görünən odur ki, Türkiyə lideri ölkəsi ilə Rusiya arasında hələ də açıq qalan sualların, həm də həllini gözləyən regional məsələlərin, bunlarla yanaşı, gərginliyə doğru inkişaf etməkdə olan və beynəlxalq aləm tərəfindən diqqət mərkəzində saxlanılan hərbi-siyasi proseslərin ətrafında Putinlə müəyyən mənada dil tapa biləcəyinə ümid bəsləyir.

Şübhəsiz ki, bu görüşün müzakirə predmetləri arasında iki ölkənin iqtisadi-ticari əlaqələri, “Taxıl sazişi”, Rusiya-Ukrayna müharibəsi, Qara dəniz hövzəsindəki ümumi mənzərə, Suriya, NATO-nun Şərqə doğru “baxışı”, Cənubi Qafqazda regional məsələlər, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi, Azərbaycan-Ermənistan sülh danışıqları, o cümlədən Zəngəzur dəhlizi, Laçın yolu, Rusiya-İran-Türkiyə münasibətləri, Yaxın Şərqdəki vəziyyyət, eləcə də birgə və regional enerji layihələrinin müzakirəsi var.

Söz yox ki, 2012-ci ildə Rusiyadan Suriyaya yük aparan təyyarənin rəsmi Ankara tərəfindən endirilməsi və qanunsuz hərbi yük daşımaq iddiası ilə saxlanması, 2015-ci ildə Türkiyənin hava sərhəddini pozan Rusiyaya məxsus döyüş təyyarəsinin vurulması, təxminən bir il sonra isə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinin fonunda münasibətlər kifayət qədər gərginləşsə də, son illər Türkiyə-Rusiya münasibətlərinin kökündə dayanan ən ümdə məsələ-iki ölkə arasındakı iqtisadi maraqlar əlaqələrin yenidən inikişaf etdirilməsinə təkan verib.

Moskva-Ankara münasibətlərində hər hansısa ziddiyətli məqam, yaxud da gərginlik yaransa belə, tərəflər iqtisadi maraqların bundan xələl görməməsi üçün mümkün bütün variantlardan istifadə edirlər. Bu istiqamətdə sabitliyin qorunmasında iki ölkənin biznes dairələrinin yerli hökumətlərə təsiri də az rol oynamır. Bu da təbii ki, başqa istiqamətlərdə əməkdaşlığa müsbət təsir göstərir.

Statistikaya görə, ticarət sahəsində Türkiyənin ən böyük tərəfdaşları arasında Rusiya Almaniyadan sonrakı yeri tutur. Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin həcmi ötən ilin sonunda 60 milyard dollara yaxın idi.

İndiki halda, Rusiyanın bir çox beynəlxalq sankisyalarla üz-üzə qaldığı, Türkiyədə isə lirənin dollara münasibətdə dəyərini qoruya bilmədiyi, eyni zamanda, dünyada iqtsadi böhranın dərinləşdiyi, yaxud hansısa strateji maraqlar naminə dərinləşdirildiyi bir vaxtda, iki ölkə arasında iqtisadi-ticari münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi qaçılmazdır.

Buna görə də, Ərdoğan-Putin görüşündə əsas mözularından biri kimi əlaqələrin müzakirə olunacağını ehtimal etmək olar.

Məhz bu əlaqələrin fonunda digər məsələlərin də “çək-çevir” ediləcəyini söyləmək mümkündür.

Rusiyada Vladimir Putininin, Türkiyədə isə Ərdoğanın dövlət və hökumət başçıları olduğu dövr iki ölkə üçün də səciyyəvi hesab olunur. Ankara və Moskva arasındakı strateji əhəmiyyətə malik sazişləri nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, müəyyən nöqtələrdə bir-birinə zidd mövqe tutsalar da, daha əhəmiyyətli mövzularda iki ölkə arasındakı əməkdaşlıq sabit qalır, bəlkə də inkişaf edir. Buna, Türkiyədə 22 milliyard dollar dəyərində “Akkuyu” AES-nin Rusiya tərəfindən inşasını, ümumilikdə 31 mlrd. kubmetr qaz nəql edən “Mavi axın” və “Türk axını” qaz kəmərlərinin tikintisini, habelə Türkiyənin Rusiya istehsalı olan S-400 HHM sistemlərinə 2,5 mlrd. dollar xərcləməsini misal göstərmək olar.

Ankara və Moskva arasındakı əsas danışıq mövzularından biri də Suriyadır.

Məlum olduğu kimi, Moskva Suriyanın əsas müttəfiqidir, Ankara isə rəsmi Dəməşqlə nəinki “isti” münasibətlərə malikdir, hətta müəyyən bir dövrdə Suriyadakı mövcud hakimiyyətə qarşı hərbi-siyasi çağırışları dəstəkləyib.

Putin və Ərdoğan arasında baş tutan ötən danışıqlarda bu məsələ ətrafında Türkiyənin mövqeyində “yumşalma” nəzərə çarpsa da, nəticələrdə köklü dəyişiklik yoxdur. Güman ki, növbəti görüşdə də Suriyadakı hərbi-siyasi vəziyyət, rəsmi Dəməşqin ətrafında cərəyan edən proseslər, həmçinin ölkədə baş verən sosial-iqtisadi katastrof liderlər arasında müzakirəyə çıxarılacaq.

Moskva və Dəməşq arasında milyardlarla dollar dəyərində silah müqaviləsinin mövcudluğunu da nəzərə alsaq, bu qənaətə gələ bilərik ki, bu mövzu ətrafında prezidentlərin növbəti görüşləri üçün də danışılmalı “bənd”lər qalacaq.

Düzdür, Türkiyə və Rusiya uzun danışıqlardan sonra 2016-cı ildə Suriya ərazisində atəşkəs haqqında razılaşmanın imzalanmasına nail oldular. Nəticədə üç sənəd -Suriya hökuməti və silahlı müxalifət arasında Suriya ərazisində atəşkəs haqqında razılıq, atəşkəs rejiminə nəzarətlə bağlı birgə tədbirlər haqqında və Suriya münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin başlanması ilə bağlı anlaşma imzalandı. Suriyada hərbi əməliyyatların dayandırılmasının monitorinqini həyata keçirən Türkiyə-Rusiya barışıq komissiyası təsis olundu.

Bütün bunların fonunda, Ankara və Moskva prinsipial məsələlərdə dil tapmamış kimi görünür və bu məsələdəki fərqli mövqelərin yaxınlaşacağı, yaxud üst-üstə düşəcəyi bundan sonra da uzun müddət üçün inandırıcı gəlmir.

Türkiyə və Rusiya arasında həm qarşılıqlı maraq kəsb edən, həm də ziddiyətli qalan məsələlərdən biri də ikinci Qarabağ müharibəsindən sonrakı vəziyyətdir.

Müharibədən dərhal sonra bəzi təhlilçilər hesab edirdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını silah gücünə Ermənistan Ordusundan azad etməsi Rusiya və Türkiyə arasında hərbi qarşıdurma yaradacaq. Amma belə olmadı. Müəyyən məqamlarda, Ankara və Moskvanın mövqeyində tam olmasa da, qismən yaxınlaşma sezilir. Burada isə ən əsas amil, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın ölkəsini Rusiyanın “təbəəçiliyi”ndən “xilas etmək” istəyi və bu yöndə apardığı siyasətdir.

Ermənistanın baş naziri Nikol Paşinyanın bir çox siyasi addmları bu qarşıdurma ehtimalının çoxalmasına əsas sayıla bilsə də, Ərdoğan və Putin sonu bəlli olmayan proseslərə görə aralarındakı münasibəti “soyuq müharibə”yə çevirmək istəmədilər.

Qarabağ məsələsindəki son durumla bağlı Azərbaycan və Türkiyə ilə dialoq aparan Moskva, regionda sabitliyin bərpa olunması və qorunmasında maraqlı olduğu görüntüsünü yaradır, bunun fonunda Ankara ilə müzakirələrə loyal yanaşdığını ifadə edir. Söz yox ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması yaxın perspektiv üçün Moskvanın xeyrinədir və bu məsələdə əsas vasitəçi qismində çıxış etməyə çalışan Kreml, görünür ki, dünyadakı proseslərin fonunda Cənubi Qafqazı əhatə edən növbəti strateji hədəflərə çatana qədər Türkiyə ilə qurduğu əlaqələrin kölgəsində vaxt udmağa çalışır. Bunun müqabilində isə Moskva Ankaradan Tehranla münasibətlərin diplomatik sferadan tərəfdaşlıq müstəvisinə keçirilməsini, ən yaxşı halda, Ermənistan və Cənubi Qafqaz məsələsi ətrafında NATO təmsliçisi kimi Türkiyə ilə əməkdaşlığa marağın təmin olunmasını, Yaxın Şərqdəki münaqişə ocaqlarının, həmçinin dövlətlərarası münasibətlərin sahmana salınmasında Ərdoğan hakimiyyətinin səylərinin artırılmasını və müəyyən güzəştlərə gedilməsini istəyə bilər. Bunlara nail olmaq, Moskva üçün Cənubi Qafqazda və regional məsələlərdə “nəfəs genişliyi”nə təminatdır.

44 günlük müharibədən əvvəlki dövrdə Ankara və Moskva arasındakı təmasların nəticələrinə diqqətlə nəzər yetirsək, görərik ki, Rusiya Türkiyə ilə Suriya, Liviya və İraq regionundakı siyasi məsələlər ətrafında xeyli irəliləyiş əldə edib. Təbii ki, nə Ankara, nə də ki Moskva sözügedən ölkələrdəki maraqlarından imtina etməyib. Deməli, gözlənilən Ərdoğan-Putin görüşündə bu regional proseslərin sintezini özündə cəmləyən birgə qərarlar, yaxud növbəti raunda saxlanılan ziddiyyətlərə işıq düşəcək.

Bu iki ölkə arasinda digər ziddiyyət doğuran məqamlardan biri də Krımın mövcud hərbi-siyasi vəziyyəti və statusudur.

Türkiyə Ukrayna ərazisi olan yarımadanın Rusiya tərəfindən ilhaqından sonra beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Krımın Rusiyaya birləşdirilməsinə razı olmayacağını bəyan edib. Eyni zamanda buranın əhalisinin əsasını təşkil edən tatarlara dəstəyi davam etdirəcəyini bildirib.

Liderlərin görüşündə Krımla yanaşı Ukraynadakı müharibə, tərəflərin danışıq masasının ətrafına çağırılması, bunun üçün tərəflərin keçməli olduğu yol və digər məsələlərin də müzakirə olunacağı şübhəsizdir. Təbii ki, istər Moskva, istər Kiyev, istərsə də Ankara gözəl anlayır ki, hazırda Ukraynanın silah və sursatla təmin olunması, Kiyevin döyüş texnikası və hərbi vasitələrlə təchizi bölgənin hələ uzun müddət münaqişə zonası olacağından xəbər verir. Bu müharibənin dayandırılması, danışıqlar üçün razılıq əldə olunması baxımından təbii ki, ən unikal vasitəçi Türkiyədir. O həm də müharibənin öz ağuşuna aldığı Qara dəniz hövzəsi ölkəsidir. Qara dəniz üzərindəki bütün iqtisadi imkanların münaqişə səbəbindən “suya düşməsi” təkcə Rusiya və Ukrayna üçün deyil, həm də Türkiyə üçün saysız çətinliklər yaradır və təhlükə mənbəyinə çevrilir. Tərəfləri dəfələrlə danışığa çağıran Ankara Qara dənizdə itirilən iqtisadi imkanları da Moskva ilə müzakirə edəcək və Kiyevlə də bu istiqamətdə danışıqlar aparacaq. Hərçənd, Ərdoğan-Putin danışıqlarından bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukrayna Prezidenti ilə görüşü proqramlaşdırılmış adi tədbir deyildi.

Az qala, bütün dünyanın Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etdiyi dövrdə Avropa İttifaqına üzvlüyü hədəfləyən və NATO üzvü olan Türkiyənin Rusiya əleyhinə hər hansı bir tədbir görmədiyini nəzərə alsaq, ümid etmək olar ki, növbəti danışıqlarda Ərdoğan rusiyalı həmkarını bəşəriyyətin xeyri üçün atılacaq bir addıma razı sala bilər. Bu, təbii ki, iyulun 17-də faktiki olaraq dayandırılan “Taxıl sazişi”nə Rusiyanın yenidən qayıdışıdır. Burada təşəbbüsün Rusiyaya aid yerinə yetirilməyən hissəsinin təmin olunması məsələsini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Ankara sazişin Rusiyaya aid hissəsinin yerinə yetiriləcəyinə təminat verməli olacaq. Bu təminatın yerinə yetirilməsi isə BMT üzvü olan və Türkiyə ilə münasibəti o qədər də yaxşı hesab edilməyən Avropa ölkələrindən asılıdır. Ehtimal etmək olar ki, Moskva və Ankaraya xoş münasibət bəsləməyən həmin ölkələr Rusiya-Türkiyə əməkdaşlığında çat yaratmaq üçün bu təminatı “siyasi alət”ə çevirə bilərlər. Güman etmək olar ki, Ərdoğan-Putin görüşündə Rusiyanın sazişə qayıdışı da müzakirə ediləcək.

Düzdür, Ankara Moskvanı “Taxıl sazişi”nə qaytarmaq üçün dilə tuta bilər. Hətta bunun üçün BMT-dən təminat da ala bilər. Amma çox sadə məntiqi hesablamalara söykənsək deyə bilərik ki, Ukraynanı silahlandıran Qərb Rusiyaya tətbiq etdiyi və Moskvanın sözügedən sazişdən çıxmasına səbəb olan sanksiyalara düzəliş etmək fikrinə düşməyəcək. Bunun Ankara-Moskva əlaqələrinə necə təsir edəcəyini demək çətin olsa da, bir fakt məlumdur ki, “Taxıl sazişi”nin icrası dünyanın bəzi ölkələrində aclıq təhlükəsinin aradan qaldırılmasında mühüm rol oynamaqla yanaşı, həm də Qara dəniz hövzəsində gərginliyin azalmasına qismən də olsa, zəmin yaradırdı…

Dəfələrlə Vladimir Putininin, eləcə də digər rusiyalı rəsmilərin elan etdiyi kimi, “NATO-nun Şərqə doğru genişlənmək istəyi” Moskvanın narahatlığına səbəb olsa da, Şimal Alyansı bu istqamətdə cəhdlərini əsirgəmir. Təbii ki, Rusiyanın narahatlığını çoxaldan amillərdən biri Finlandiya və İsveçrənin alyansa üzv olmasıdır. Bunu özü üçün təhdid hesab edən Moskva Türkiyənin İsveçin NATO üzvlüyünə etiraz etməsinə çox ciddi yanaşır, dolayısı ilə, NATO-nun Rusiyanın sərhədlərinə gəlib çıxmaması üçün Ankaranın etirazlarından maksimum yararlanmağa və bu qərarı dəstəkləməyə çalışır.

Düzdür, iyulun 11-12-də baş tutan NATO zirvəsindən sonra Rusiya-Türkiyə münasibətlərində gərginlik yarandığı deyilir, amma bu, sadəcə Moskvanın “emosional” davranışıdır. İsveçin NATO-ya üzv olması məsələsində Türkiyə mümkün müqaviməti göstərdi....

Ehtimal etmək olar ki, Soçidə gözlənilən 4 sentyabr görüşündə bu mövzunun aktuallığına da “göz gəzdiriləcək”.

S-400 HHM sistemlərinin Ankaraya tədarükü istisna olaraq, bütün əlaqələr və münasibətlərə rəğmən NATO ölkəsi olan Türkiyənin Rusiya ilə hərbi tərəfdaşlıq istiqamətində aktivliyi müşahidə edilmir. Bunu təbii ki, Şimal Alyansının ortaya atdığı tələblərdən biri kimi aiymətləndirmək olar. NATO standartlarına məxsus hərbi vasiətələrin NATO və istehsalçının icazəsi olmadan qeyr-alyans ölkələrinə satılması qadağandır.

Son illər hərbi sənayedə və döyüş vasitəsi olan PUA-ların istehsalında Türkiyənin əldə etdiyi nailiyyətlər söz yox ki, Moskvanın nəzərindən yayınmır. Ukraynada apardığı müharibədə İranın “Şahed”lərindən geniş istifadə edən Rusiyanın Türkiyə istehsalı olan hava döyüş vasitələrinə marağı danılmazdır. Hərbi sənayedə birdən-birə inanılmaz nəticə əldə edən Türkiyə istehsal etdiyi məhsullara öz standartlarını tətbiq edir. Bu da həmin vasitələrin qeyri-alyans ölkələrinə satılmasında münbit şərait yaradır.

Bazara yeni REM, rabitə vasitələri, müxtəlif silahlar, raket sistemləri təqdim edən Türkiyənin PUA-ları söz yox ki, Kremlin diqqətini çəkir.

Getdikcə güclənən Türkiyənin öz standartları ilə istehsal etdiyi döyüş vasitələrinə Rusiyanın “müştəri gözü” ilə baxacağı, yaxud birgə istehsal üçün əməkdaşlığa can atması qaçılmazdır.

Mümkündür ki, Türkiyə-Rusiya arasında hərbi-strateji əməkdaşlığa meyl yaransın və proses sürətlənsin... Bu, ancaq Ukrayna məsələsində sülh əldə olunduqdan sonra mümkündür. Rusiya-Ukrayna müharibəsinin başa çatması bölgədə sülhün bərqərar olmasına müsbət mənada xeyli təsir göstərəcək...

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ərdoğan   Soçi  


Bizi "telegram"da izləyin