Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyan bildirib.
Onun sözlərinə görə, Paşinyanın atası savadsız adamdır və nə dediyini heç özü də bilmir.
“Nikol Paşinyanın atası İcevanda baş verən məlum hadisələr haqqında danışaraq, bəyan edib ki, çox təəssüfedicidir ki, şüursuz insanları məcbur etdilər. Bu onların təşkil etdikləri deyil, bu, yuxarılardan – Nikolun düşmənləri olan “Respublikaçılar” tərəfindən təşkil olunur. Əslində Nikola aid olan və Nikolun arvadı tərəfindən rəhbərlik edilən qəzet yetərli deyil, indi də Paşinyanın atası İcevanda baş verən hadisələri Respublikaçıların üzərinə yıxmaqla əsassız və absurd təbliğata başlayıb. Baş verən hadisələrdən həftələr sonra nəhəng hüquq mühafizə sisteminə malik olan və üzərimizə atılan iddialara dair ciddi bir sübut belə əldə etməyən paşinyanlar bütün ailəliklə rüsvayçı və saxta kampaniyalarını davam etdirirlər”, - deyə erməni partiya sədri bildirib.
O qeyd edib ki, xatırladılan fikrin digər bir təhlükəli məqamı isə “Nikolun düşmənləri” ifadəsidir.
“Ölkə daxilində nə bizim düşmənlərimiz var, nə də Paşinyanı düşmən kimi nəzərdən keçirmirik. Belə bir söz Paşinyanın atasının dodaqlarından gələn nifrət nitqinin klassik ifadəsidir. Bu, məhz Paşinyana narahatlıq verməlidir. “Şüursuz insanlar” ifadəsini isə ümumiyyətlə şərh etmədən sadəcə xatırladıram ki, məhz həmin “şüursuz insanlar” sizin oğlunuzu hakimiyyətə gətirib. Bir dost kimi Nikola çağırış edirəm. Öz ailə üzvlərini siyasətdən uzaq saxlasın. Bu nə insani, nə də siyasi baxımdan doğru deyil. Əgər arvadını siyasətdən uzaq saxlamaq artıq mümkün deyilsə, heç olmasa ailəsinin digər üzvlərini uzaq saxlasın. Bu insanları hədəf edərək, siyasi mübarizəyə soxmaq lazım deyil”, - deyə Aşotyan Paşinyana məsləhət verib.
Alpər Mövludoğlu
Ordu.az