Ordu.az xəbər verir ki, bu sözləri “İşıqlı Ermənistan” partiyası fraksiyasının deputatı Arman Babacanyan “Facebook” səhifəsində Ermənistanın təhlükəsizliyi məsələsinə toxunarkən deyib.
Onun sözlərinə görə, ilk baxışdan qanunauyğun görünən bu ifadə əslində özündə bir çox narahatlıqları ehtiva edir.
“Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlama ilə çıxış edərək, Ermənistanın həyati əhəmiyyətə malik bir sıra problemlərinə, o cümlədən hazırlanma mərhələsində olan Milli Təhlükəsizlik strategiyası barədə danışıb. Qriqoryan bəyan edib ki, Milli Təhlükəsizliyin yeni strategiyasının dayağı Ermənistan Silahlı Qüvvələri, ordu hesab ediləcək. Problem ondadır ki, ölkənin təhlükəsizliyi daha çox ordunun döyüş qabiliyyətliliyi və silahla komplektləşdirilməsindən asılıdır.
Bəli, bunlar vacib, dövlət üçün həyati əhəmiyyətə malik olan məsələlərdir və bunların həlli hər hansı strategiyadan asılı olmadan təmin edilməlidir. Milli təhlükəsizlik məsələsi isə kompleks ifadədir. Burada Silahlı Qüvvələr vacib əhəmiyyət daşısa da, dayaq əhəmiyyətli olmamalıdır. Milli təhlükəsizliyin strateji dayaqları iqtisadi, sosial siyasəti təmin edən strategiyalar və ən vacib olan dövlətin xarici siyasət konsepsiyası olmalıdır. Lakin Qriqoryanın mətbuata açıqlamasında bu sahələrlə bağlı hər hansı ifadə eşidilməyib. Milli təhlükəsizlik konsepsiyasının Silahlı Qüvvələrin üzərinə atılması faktiki olaraq, əvvəlki on illiklərdə həyata keçirilən siyasətin davamı mənasını daşıyır”, - deyə Babacanyan bildirib.
O, bu qurumların ordu ilə bərabər milli təhlükəsizliyin təmin edilməsi məsələsində öz funksiyalarını yerinə yetirməli olduğunu qeyd edi: “Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətləri də eyni qaydada milli təhlükəsizliyin təmin edilməsinin dayaqları olaraq Silahlı Qüvvələri hesab edirdi, lakin bununla yanaşı ölkəni daxildən dağıdırdılar. Bunun nəticəsində ordu milli təhlükəsizlik problemlərinə və rəqibə qarşı müqavimət göstərərkən tək qalırdı. Buna sübut 2016-cı ildə baş verən aprel döyüşləridir. Buna səbəb iqtisadi cəhətdən inkişaf etmiş, rəqabətə dayanıqlı, güclü dövlətin və dövlət insitutlarının olmamasıdır. Buna görə də yeni Ermənistanda milli təhlükəsizliyin təmin edilməsi yalnız ordunun çiyinlərinə qoyula bilməz və qoyulmamalıdır. Dövlət bütün qurumları və alt qurumları ilə birlikdə bu məsələyə qulluq göstərməyi bacarmalı, ordunun yalnız ona həvalə edilmiş fəaliyyətin həyata keçirilməsi ilə məşğul olmasına şərait yaratmalıdır. İqtisadi, sosial və mənəvi cəhətdən təmin edilmiş vətəndaş olmadan, milli təhlükəsizlik kompleksinin təmin edilməsi haqqında danışmaq olmaz.
Milli təhlükəsizliyin təmin edilməsi baxımından xarici siyasətin həddindən artıq vacib əhəmiyyəti var. Bu əhəmiyyət, hətta bəlkə də, Silahlı Qüvvələrin üzərinə düşən əhəmiyyətə bərabərdir. Ermənistan elə bir xarici siyasət aparmalıdır ki, bunun nəticəsində ölkənin təhlükəsizliyi, beynəlxalq ictimaiyyətin, geosiyasi güc və mərkəzlərin marağı dairəsində düşə bilsin. Ermənistanda yalnız erməni deyil, beynəlxalq təhlükəsizliyin marağı cəmləşdirilməlidir. Onu elə təmin etmək lazımdır ki, həmin maraq Ermənistanı təxribatlardan uzaq saxlaya bilsin. Bu məsələni isə ordu yox, xarici siyasət, gərgin diplomatiya təmin edə bilər. Bu baxımdan Ermənistanın beynəlxalq aləmdə mövqe tutması həddindən artıq vacibdir. Söhbət dünya dəyərlərinin yaradılması prosesində heç olmasa Ermənistanın təvazökarlıqdan uzaq, əvəzolunmaz rolundan gedir. Məhz bu amil Ermənistanı coğrafi bölgə halından beynəlxalq münasibətlər subyektinə çevirə bilər. Onun təhlükəsizliyinə təhdid olan təhlükənin neytrallaşdırılmasının, beynəlxalq təhlükəsizlik sistemi ilə bağlı olmasını təmin edə bilər. Ermənistan bu rola yalnız keyfiyyətcə yeni dövlət, rəqabətli iqtisadiyyat və dünya standartlarına uyğun sosial təminatlı həyat tərzi yaratmaq, müasir səhiyyə və təhsil sistemi qurmaqla nail ola bilər”.
Erməni deputat hesab edir ki, Ermənistan öz təhlükəsizliyini tamamilə Rusiyanın üstünə yıxmaqla, onu Ermənistanın təhlükəsizliyindən faydalanan tərəf halına gətirir.
“Başqa cür olduğu halda Ermənistan əvvəlki hakimiyyətin fəaliyyətini davam etdirmiş olacaq. İnqilabdan sonra biz nəinki xarici siyasətdə hər hansı bir dəyişiklik görmürük, eyni zamanda əvvəlki rejimlərin yəni Köçəryan və Sarkisyan hakimiyyətlərinin həyata keçirdiyi rusiyayönlü və Rusiya qulluqlu təkxətli xarici siyasət görürük. Əslində Rusiya üçün Ermənistanın təhlükəsizliyi yalnız spekulyativ əhəmiyyət daşıyır. Rusiya istənilən geosiyasi oyunda Ermənistanın təhlükəsizliyini qurban verməyə hazırdır. Aprel döyüşlərində bunun şahidi olduq. Lakin Ermənistanın yeni hakimiyyəti bəyan edib ki, xarici siyasət sahəsində əsaslı dönüş olmayacaq. Ermənistan ictimaiyyəti hakimiyyətə dövlətin xarici siyasət kursunu dəyişməyi sifariş etmədiyini qeyd edib. Bəli ictimaiyyət belə bir birbaşa sifariş irəli sürməyib. Lakin cəmiyyət güclü, rəqabətli və inkişaf edən dövlətin qurulmasını sifariş edib. Bu isə realda xarici siyasət konsepsiyasına yenidən baxılması həyata keçirilmədən mümkün deyil. Bu problemlərə Qriqoryanın mətbuat konfransında heç bir reaksiya verilməyib. Bu şəraitdə milli təhlükəsizliyin hər hansı strategiyası, hətta ən gözəl formalaşdırma və bəyannamələrlə ifadə edilsə belə Ermənistanın real təhlükəsizlik problemlərini təmin etmək üçün canlı ola bilməz”, - deyə Babacanyan sözlərinə yekun vurub.
Alpər Mövludoğlu
Ordu.az