“Jamanak”: Paşinyan kabinetinin hətta 1 illik fəaliyyətindən sonra belə aydın strategiyası yoxdur

2019/07/rus15-1564213088.jpg
Oxunub: 5527     15:36     27 İyul 2019    
“Bu yanaşmanın sübutu təəssüfdoğurucu həqiqətdir. Paşinyanın rəhbərlik etdiyi kabinetin hətta 1 illik fəaliyyətdən sonra belə uzun müddətli siyasi fəlsəfə və ideologiya yaradılması və bunun həyata keçirilməsi imkanlarına dair aydın strategiyası yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.

Nəşrə görə, əgər Ermənistan hökumətinin son 1 illik fəaliyyətinin xüsusiyyətləri təhlil etməyə çalışılsa, bu halda 3 əsas yanaşma üzərində dayanılacaq.

“Bu yanaşmalar qısa müddətli populist qərarların verilməsi, statistika manipulyasiyası və plagiat fəaliyyətlərdir. Bu yanaşmanın sübutu təəssüfdoğurucu həqiqətdir. Paşinyanın rəhbərlik etdiyi kabinetin hətta 1 illik fəaliyyətdən sonra belə uzun müddətli siyasi fəlsəfə və ideologiya yaradılması və bunun həyata keçirilməsi imkanlarına dair aydın strategiyası yoxdur. Bütün məsələlər zəncirvari məntiqlə bağlıdır. Yəni biri digərinin davamı, yaxud səbəblərinin təzahürüdür. Strategiyanın olmaması qısa müddətli populist qərarların verilməsi, statistik manipulyasiya, plagiat isə siyasi fəlsəfə və ideologiya anlayışının olmaması ilə bağlıdır.

Strategiyanın olmaması, xüsusilə son günlərdə Ermənistanın şimal-şərqində meşə oğurluğu probleminin partlayışa səbəb olması ilə büruzə verdi. Bu hadisə dövlət üçün ciddi imtahan idi və ölkəni idarə edən komanda bu imtahandan keçmədi. Problem və onun ətrafında yaranan mübahisələr fonunda Paşinyan kabinetinin məişət mühitinin qorunması və ətraf mühitin problemləri ilə bağlı strategiyasının olub-olmadığı müəyyən edilmədi. Sanki belə bir strategiya ümumiyyətlə yoxdur və hökumət siyasi məqsədyönlülük və maraqlara əsasən ayrı-ayrı problemlərə reaksiya verir. İcevan meşələrinə gəldikdə kəskin reaksiya verilməsi məqsədəuyğun olsa da, Amulsar mədəni məsələsində fəaliyyətsiz sükut davam edir. Birinci halda meşə ilə bağlı məsələdə dövləti şantaj etmək olmaz deyilirsə, ikinci halda dövləti nəinki şantaj etmək, hətta buna həvəsləndirməyin də mümkün olduğu nəzərə çarpır”, - deyə erməni nəşri bildirib.

Nəşr qeyd edir ki, bu məntiqlə Ermənistan hakimiyyətinin fəaliyyəti reytinqin xilas edilməsi səylərinə doğru dəyişikliyə uğrayıb.

“Bu cəmi bir nümunədə göstərilsə də, sözsüz ki, problem bütün sahələrdə təhsildən tutmuş mədəniyyətə, o cümlədən iqtisadiyyatadək mövcuddur. Öncəki məqalələrdə qeyd edildiyi kimi, hakimiyyət komandasının əsas məqsədi yüksək reytinqi necə qoruyub saxlamaqdan ibarətdir. Hakimiyyət istənilən yolla fasiləsiz olaraq, öz reytinqini xilas etmək, xalqı tərif və minnətdarlığın bitmədiyi atəşfəşanlığa cəlb etmək istəyir. Məsələ görülən işlər deyil, bu işlərin ətrafında qaldırılan süni hay-küy, heç bir əsası olmayan populizm və lovğalıqdır. Həmçinin hökumətin məcburi etməli olduğu xidmətlərin yaxşılıq əlaməti kimi təqdim edilməsidir”, - deyə “Jamanak” vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin