Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, rəsmi sənədlərdən məlum olub ki, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 3-cü təlim taborunun komandiri Norayr Xaçatryan 2018-ci ilin parlament seçkilərində hərbi hissənin bir qrup müddətli xidmət hərbi qulluqçularını “Çiçəklənən Ermənistan” partiyasından (ÇEP) deputatlığa namizədi Arayik Ağababyanın lehinə səs verməyə məcbur edib.
Buna görə onun barəsində işlər məhkəməyə verilib. Xaçatryana qarşı qabaqlayıcı tədbir olaraq iltizam alınmaqla ölkədən çıxmama barədə tədbir görülüb.
Nəşr qeyd edir ki, ordunu siyasi proseslərə qoşmaq ölkənin ən yanlış addımıdır.
“Yaranmış vəziyyətlə əlaqədar olaraq əməkdaşımız Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Ağababyandan məlumat almağa çalışıb. Lakin onun telefonuna zəng çatmayıb. Əlbəttə, hüquq mühafizə orqanları tərəfindən bu faktın aşkarlanması təqdirəlayiq olardı. Ona görə ki, ordu siyasi proseslərdən uzaq durmalı və müdaxilə etməməlidir. Lakin yaxşı olardı ki, Ağababyanın adının yanında digər deputatların adları da düzülərdi”, - deyə “Joğovurd” əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az