Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə naziri Davit Tonoyan Birləşmiş Krallığın səfiri Cudit Farnuortu və Avropa Şurasının İrəvan ofisinin rəhbəri Natalia Vutovonu cəmi bir neçə gün öncə qəbul edib.
Görüş zamanı “İnsan Haqları və Ermənistan Silahlı Qüvvələrində qadınlar” proqramına start verilib və həyata keçirilməsinə dair məsələlər müzakirə edilib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, layihənin məqsədi Silahlı Qüvvələrdə insan haqlarının daha səmərəli qorunması, qadın hərbi qulluqçular üçün bərabər şəraitin yaradılmasının təmin edilməsi, Müdafiə Nazirliyinin insan haqları və xeyirxahlıq mərkəzinin imkanlarının inkişafına yardım etməkdir.
Nazirlikdə Tonoyanın qadınların bu sistemə daxil olması barədə səsləndirdiyi bəyanatı yüksək sözlərlə alqışladıqları bir vaxtda, əks tərəfdən diqqətsizlik və səhlənkar fəaliyyət nəticəsində qadın erməni hərbi qulluqçuların əmək hüququ pozulur.

Belə ki, 40 yaşlı Adrine Melkonyan 14 ildir ki, İrəvandakı “N” saylı hərbi hissədə işləyir və son 9 il ərzində stansiya rəisi vəzifəsində olub. Cari ilin mart ayında Adrine Melkonyan öd kisəsindən əməliyyat olunanadək hər şey yaxşı olub.
Qanunauyğun olaraq, cərrahiyyə əməliyatından sonra erməni hərbi qulluqçu komandanlığa yazılı müraciət edərək xidmətini davam etdirmək istədiyini və komandirin də məhdudiyyətlə xidmət etməyə icazə verdiyi qeyd edilir. Lakin aprel ayında kəşfiyyat idarəsinə göndərilən müraciət hələ də masa üzərində qalmaqda davam edir.
O qeyd edir ki, kəşfiyyat idarəsində müraciət 2 ay masa üzərində qalır. Lakin idarə onu Baş Qərargaha, oradan da hospitala göndərilməsini təmin etməliydi. Hospitalda hərbi xidmətə yararlı hesab olunmalı idi. Lakin bu aydın məsələ o qədər uzadılıb ki, artq sənədin hüquqi təqdimetmə müddəti başa çatıb. Bununla da hərbi tibb komissiyası Adrine Melkonyanın hərbi xidmətə yararsız hesab olunması barədə qərar verib.
Onun sözlərinə görə, onun arayışı baş qərargaha iyunun 20-də çatıb. Həkimlər məsləhət görüb ki, məktubla Müdafiə nazirinə müraciət etsin və müraciətində bildirsin ki, komissiya onu yararlı hesab edir, sadəcə Baş Qərargahın ucbatından məcburi olaraq yararsız yazılıb.
“Müdafiə nazirinin görüşünə yazılmaq üçün getdim. Qəbul otağında dedilər ki, nazir hərbi qulluqçuları deyil, yalnız vətəndaşları qəbul edir. Məsləhət gördülər ki, Baş Qərargah rəisinin yanına gedim. Oradan da dedilər ki, 1 ay sonra sizin növbəniz çatacaq. Həmin bir ay artıq mənə lazım deyildi. Nazirlikdən də ümidlərimi kəsdim”, - deyə o şikayətlənib.
Adrine kimi hazırda 7-8 qadın hərbi qulluqçu var. Sabiq hərbi qulluqçunun himayəsində 3 azyaşlı uşağın olduğu vurğulanır.
Vəkil Hayarpi Sarkisyan bildirib ki, “yararsız” damğası hərbi qulluqçunu ömrü boyu izləyəcək. O, mülki həyatda da iş tapmaqda çətinlik çəkəcək. Bu o deməkdir ki, vətəndaş iş qabiliyyətli deyil.
Məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə edilən müraciətə cavab olaraq deyilib ki, məsələni daha ətraflı izah etmək üçün nazirliyə dəvət edirlər. Nazirlikdə məsələnin nə olduğunu bildikdə işıqlandırlmasının qəti əleyhinə çıxış ediblər. Kəşfiyyat idarəsinin rəis müavini Arsen Kotoyan söhbət zamanı 40 yaşlı Adrine Melkonyanın əvəzinə daha gənc kadr işə qəbul edə biləcəklərini ifadə edib.
Qeyd edilib ki, hadisə ilə bağlı araşdırma aparılır, araşdırmanın nəticələri 10-12 gündən sonra məlum olacaq.
Alpər Mövludoğlu
Ordu.az