Ermənistan ABŞ-ın bölgə siyasətindən niyə narahatlıq keçirir? – DETALLAR

2019/07/7dfa8-1563866777.jpg
Oxunub: 24446     15:48     23 İyul 2019    
“Respublikaçı Tramp administrasiyası xarici siyasət çərçivəsində dəyərləri deyil, iqtisadi ticarət amillərini prioritet hesab edir. Bu baxımdan da Ermənistanın iqtisadi cəlb ediciliyi təəssüf ki, o qədər də böyük deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə politoloq Narek Minasyan deyib.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən “Tərəfdaşların imkanlarının möhkəmləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan 2018-ci maliyyə ili ərzində 58,6 milyon dollar alıb, 2019-cu maliyyə ili ərzində isə 42,9 milyon dollar vəsait alacağı gözlənilir.


“Bu həcmdə yardım narahatedicidir və 2018-ci il ərzində eyni layihə çərçivəsində Ermənistana edilən yardım 4,2 milyon dollar təşkil edib, 2019-cu il üçün isə 2,8 milyon dollar nəzərdə tutulub. Hər iki tərəfə ayrılan maddi yardımın böyük miqdarda fərqi yalnız İran amili ilə bağlı ola bilər. Azərbaycana ayrılan yardımın əsas hissəsi məhz cənub sərhədlərinin möhkəmləndirilməsi və inkişafını nəzərdə tutur. Bu ABŞ-ın indiki administrasiyasının İran ətrafında halqanın daraldılması strategiyasına uyğun siyasətdir”, - deyə erməni politoloq bildirib.

O qeyd edib ki, Azərbaycana edilən yardımın həcminin artırılması ABŞ-da fəaliyyət göstərən Azərbaycan lobbisinin səylərinin nəticəsidir: “Azərbaycan lobbisi istənilən üsulla azadlığa dəstək aktının 907 qətnaməsindən yan keçmə yollarını axtarırlar”.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın ABŞ-a səfəri və İran məsələsindəki təzyiqlərlə bağlı verdiyi bəyanata münasibət bildirən Minasyan qeyd edib ki, erməni məmurun ABŞ-a səfəri hələ də davam edir və bu barədə yekun dəyərləndirmə etmək nisbətən mürəkkəbdir.

“Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin məntiqində müəyyən dəyişikliklərin baş verməsinə zərurət var. Buna görə də parlament diplomatiyası müəyyən əhəmiyyətə malikdir. Tramp administrasiyasının həyata keçirtdiyi xüsusiyyətlər, Ermənistan hakimiyyətinə qarşı irəli sürdüyü prioritetlər Ermənistan-ABŞ gündəliyinə yenidən baxılması zərurətini açıq-aydın ortaya qoyub.

ABŞ konqresinin Ermənistanın yeni hakimiyyətinə qarşı münasibətinin aydın şəkildə müsbət olduğuna dair fikir mövcuddur, lakin Tramp administrasiyasının müsbət münasibətinə nail olmaq üçün görüləcək işlər çoxdur. Birmənalı şəkildə müsbət və ya mənfi münasibət haqqında danışmaq o qədər də doğru deyil. Məsələ sırf siyasidir, indiki mərhələdə bir tərəfdən ABŞ-ın Respublikaçılar, digər tərəfdən Demokratlar partiyasının dəyərlərinin aliliyi və siyasi prioritetləri ilə qarşılaşırıq”, - deyə politoloq Trampın etibarını qazanmaq üçün Ermənistan hakimiyyətinə yol göstərməyə çalışıb.

Politoloq hesab edir ki, bu qüvvələr üzərində erməni lobbi qurumlarının təsir səviyyəsi ilə də qarşı-qarşıya qalıblar.

“Eməni lobbi qurumları müxtəlif amillərdən asılı olaraq, müqayisə üçün məhz demokratlarla daha çox bağlıdır. Demokratlar Konqresin nümayəndələr palatasında üstünlük təşkil edir. Senatda isə üstünlüyü Respublikaçıların təşkil etdiyi qeyd olunur. Respublikaçı Tramp administrasiyası xarici siyasət çərçivəsində dəyərləri deyil, iqtisadi ticarət amillərini prioritet hesab edir. Bu baxımdan da Ermənistanın iqtisadi cəlb ediciliyi təəssüf ki, o qədər də böyük deyil. İstənilən halda siyasi sistemin bu müxtəlifliyini nəzərə almağın zəruriliyi və bu kimi mərkəzlərdən hər biri ilə təmaslar zamanı ümumi maraqlara əsaslanmış müxtəlif yanaşmalara üstünlük verilməsi düzgündür”, - deyə Minasyan sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin