Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni hərbi qulluqçuları əlverişli mənzillər verilməsi ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarılmasını tələb ediblər. Keçmiş erməni hərbçilər qanun layihəsinin bu şəkildə qəbul olunmasına qarşı çıxıblar.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi hazırladığı layihəyə əsasən dövlət dəstəkli proqram əsasında zabit heyətindən olan hərbi qulluqçular Ermənistan ərazisində mənzil və ya yaşayış evini əlverişli və güzəştli şərtlərlə uzunmüddətli ipoteka krediti yolu ilə əldə edə bilərlər.
Belə ki, Ermənistan hökuməti bu gün keçirdiyi iclasında hərbi qulluqçuların mənzil təminatı ilə bağlı qərarda dəyişikliklər aparmaq niyyətindədir. Əvvəlki qanunda, erməni hərbi qulluqçuların təqaüdə çıxması və mənzillə təmin edilməsi qeyd olunurdusa, hazırkı dəyişikliklərdə mənzil sertifikatı və digər üsullarla təmin ediləcəkləri bildirilir.

Bu isə təqaüddə olan erməni hərbçiləri qane etmir. Çünki bu sertifikatlar 1 il müddətinə müəyyən məbləği əhatə etməklə verilir. Həmin vəsait İrəvanda dəyərin 50%-i, bölgələrdə isə dəyərin 100 və ya 90%-i həcmi ilə ölçülür.
Etirazçılar qeyd edir ki, Paşinyanla görüş zamanı onlara vəd edilib ki, qanun layihəsinin bəndlərinə yenidən baxılacaq. Lakin heç bir dəyişiklik edilmədən qanun layihəsinin hökumətin müzakirəsinə çıxarılması onları məyus edib.
Keçmiş erməni zabitlər bildiriblər ki, görüş zamanı 50-dən artıq təkliflə çıxış ediblər, lakin heç biri nəzərə alınmadan qanun layihəsi müzakirəyə çıxarılıb.

Alpər Mövludoğlu
Ordu.az