İran uzun müddət Qərb sanksiyalarının aradan qaldırılması üçün çalışırdı və 2015-ci ilin payızında bu sanksiyaların ləğv edilməsi faktı bayram kimi qəbul edildi. Əsas odur ki, İran neft bazarına qayıda bildi və xaricdən istehlak mallarını, eləcə də avadanlıq və texnologiyaları sərbəst şəkildə əldə etməyə başladı. Bəli, İran nüvə silahı olmadan geri qayıtdı. Bu, hətta bir çox hallarda milli iqtisadiyyat üçün xeyirlidir. Artıq İranın dayanıqlı energetikası, tam qabiliyyətli sənaye kompleksi və müasir nüvə texnologiyalarının inkişafı üçün yaxşı imkanları mövcuddur. İranın iqtisadi blokadasının belə bir şəkildə başa çatmasında əsas rolu isə əslində Rusiya oynadı.
Bir çox insan iddia edir ki, Rusiyaya İranın nüvə layihəsini "yəhərləməyə" təsadüf, yəni İslam inqilabı kömək etdi. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin rejimi dövründə Sovet İttifaqının bunu etməyə daha geniş imkanları mövcud idi. Lakin qeyd etmək vacibdir ki, müəyyən şərtlər olmadan İran layihəsi Rusiyanın əlinə keçə bilməzdi.
İranın uzun illik iqtisadi əməkdaşlıq ənənəsi əvvəlcə Rusiya İmperiyası, sonra isə Sovet İttifaqı ilə davam edib. Bu proses ittifaqın dağılmasından sonra da davam etdi. Bu tərəfdaşlığa iqtisadi və siyasi əks-təsir yalnız xaricdən, ilk növbədə ABŞ və İsraildən deyil, həm də Rusiya və İranın daxilindən də göstərildi.
Belə hesab edilir ki, İranın nüvə proqramı alman konserni "Kraftwerk Union AG" (Siemens/KWU) tərəfindən başladılıb. Həqiqətən, Fars körfəzinin sahilində kəşfiyyat işlərinə ilk başlayan almanlar olub. Lakin çox az insan indi xatırlayır ki, onlar üçün ərazini həqiqətən sovet mütəxəssisləri hazırlayıb. 70-ci illərin əvvəllərində onlar yüksək səviyyəli danışıqlar üçün geoloji kəşfiyyat işləri apararaq layihə öncəsi sənədləri hazırlayıblar. O dövrdə Yaxın Şərqdə ilk AES tikmək istəyən İran şahı Məhəmməd Rza Pəhləvi əslində nüvə proqramını kiminlə başlayacağı barədə tərəddüd etmirdi.
İkinci Dünya müharibəsi dövründə atasını taxtda əvəz edən 35-ci gənc İran şahı Məhəmməd Rza Pəhləvi Sovetlərə dərin hörmət bəsləyirdi. Bu Tehranda 1943-cü ildə müharibədən sonrakı dövrdə dünya şərtlərini müzakirə etmək üçün keçirilən "Böyük Üçlük" konfransının təhlükəsizliyini təmin edən sovet qoşunları ilə də əlaqəli deyildi.
O zaman Tehranda işləyən diplomatlardan biri deyirdi: "Şahın liderlərlə görüşmək arzusu Çörçill və Ruzvelt tərəfindən rədd edildiyi halda, Stalin şərq ənənələrinə uyğun olaraq ev sahibi olan gənc şahla qısamüddətli görüş keçirməyi özü təklif etdi".
İran rəhbəri Stalinin bu hörmətini unutmadı, SSRİ-nin iqtisadi yardımını və rus əsgərlərinin İranda necə davrandığını da unutmadı. 1941-ci ilin payızında SSRİ İrana girdi, lakin ingilislərdən fərqli olaraq, işğalçı hesab edilmədilər. Uzun illər Məhəmməd Rza Pəhləvi Moskva ilə iqtisadi və mədəni əlaqələri davam etdirdi.
Sovet tərəfindən İranda nüvə elektrik stansiyası qurulmasına aid danışıqlarda SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin iştirak edirdi. Onunla birlikdə, İran nümayəndələri Novovoronej nüvə stansiyasını da ziyarət etdilər. Lakin o dövrdə sovet atom alimlərinin nailiyyətləri şahın ambisiyalarına tam cavab vermirdi. SSRİ yalnız VVER-440 reaktorları olan enerji bloklarına malik idi. Daha qabaqcıl və güclü VVER-1000 isə daha sonra istifadəyə verildi.
Mövcud Sovet reaktorları zəif olmasından başqa, İran tərəfinin daha bir tələbini təmin etmirdi: onların yardımı ilə dəniz suyunu təmizləmək mümkün deyildi. Bu, İranın cənub-şərq bölgələri üçün çox vacib bir məsələ idi. Lakin bu, əsas məsələ deyildi. Sovet versiyasına qarşı bir başqa amil də rol oynayıb. Ruslar İranın müdafiə sahəsində tədqiqat aparmaq üçün kiçik fürsət əldə etmələri barədə bir şey eşitmək belə istəmirdi. SSRİ 1968-ci ildə imzalanan Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin şərtlərinə qətiyyətlə riayət edirdi.
Tehranda, SSRİ ilə paralel olaraq əlbəttə Fransa, Almaniya və Yaponiyanın təklifləri də dəyərləndirilirdi. Yalnız almanlar İran danışıqlarda kifayət qədər açıq bir şəkildə "gələcəkdə hər şey mümkündür" deyə bildilər. Və ya demək olar ki, hər şey. Onlar mövcud "Biblis" AES bazasında "KWU" layihəsini təqdim etdilər.
1000 MVt gücündə enerji blokunun əsas üstünlüyü, gündəlik 100 min kub metrə qədər nəhəng su təmizləyici qurğu kimi kimi istifadə edilə bilməsində idi."Kraftwerk" mühəndisləri gələcək su təmizləyici qurğunun fəaliyyətini maket üzərində rəhbərliyə də nümayiş etdirdilər. Əlbəttə ki, böyük bir su çatışmazlığı içində olan Buşehr əyaləti üçün bu seçim çox cəlbedici idi. Layinəyə nüvə reaktorlarının baş konstruktoru akademik Nikolay Dollejal rəhbərlik edirdi.
İran tərəfi qəti şəkildə inanmaq istəmirdi ki, VVER-1000 parametrlərinə sahib eyni tipli sovet reaktoru, stansiyanın inşaat işlərinin əvvəlində hazır olacaq.
Alimlərin heç biri diplomatları inandıra bilmədilər ki, mürəkkəb konstruksiyanın konkret mərhələsinin başlanğıcında yeni reaktor öz yerini alacaq. Bu vədlərə inanan yalnız Aleksey Kosıgin idi, lakin onun mövqeyi də həlledici olmadı. Yeni reaktorun gücləndirilməsindən bəhs edilsə də, SSRİ reaktorunun su təmizləyə bilməməsindən proses arxa plana keçirilirdi.
Belə ki, Tehranın alman tərəfdaşı 1975-ci ildə inşaata başlayan zaman şahın xüsusi sərəncamı ilə nüvə elektrik stansiyalarının tikintisi üçün ərazi dəniz sahilindəki Buşəhr seçildi. Fars körfəzi sahilindəki əyalət şəhəri dərhal dünyanın nüvə alimlər üçün bir ziyarətgaha çevrildi və ərazini konslafer kimi hasara aldılar. Almaniyadan peşəkar mühəndislər az olsa da, reaktorların güclü beton işlərini əsasən Türkiyə və Yuqoslaviyadan olan podratçı şirkətlər həyata keçirirdi. İran üçün əsas almanların sifarişi uçuz və keyfiyyətli yerinə yetirməsi idi. Sonradan həqiqətən də məlum oldu ki, sifariş kifayət qədər keyfiyyətlidir, çünki heç bir detal sökülərək yenidən qurulmadı.
1979-cu ildə İranda İslam inqilabı baş verdi. Alman şirkəti böyük miqyaslı tikinti layihəsinin əsas hissəsini başa çatdırdı. Layihə üçün ayrılan 7 milyard alman markalasının 5 milyardı sərf edildi. Buşehrə gətirilən avadanlıqların heç biri sonradan sovet mühəndislərinin işinə yaramadı. Hər şey partladıldı, dağıdıldı. Ərazidə nəsə qalmışdısa, onlar da yenidən inşaat başlayana qədər yararsız hala düşdü.
İnqilab nəticəsində ABŞ İrana qarşı sanksiyalar tətbiq etdi, Almaniyanın "Siemens" şirkətinin də bütün bölmələri, o cümlədən "Kraftwerk" məcburən bu məhdudiyyətlərə dəstək verdi. İranın yeni rəhbərliyi faktiki olaraq qonşu İraq ilə müharibəyə məcbur edildikdən sonra hamı Buşehr atom elektrik stansiyasının layihəsinə birdəfəlik son verildiyini düşünürdü.
Bundan başqa, inşa edilən nüvə elektrik stansiyasını İraqın Hərbi Hava Qüvvələri bir neçə dəfə raket və bomba hücumlarına məruz qoydular. Qoruyucu qat, dəmir-beton və polad konstruksiyalar bir neçə yerdən deşildi, kabellər zədələndi, kommunal şəbəkələri dağıdıldı. Artıq ərazi qorunmur, bina və qurğular məhv edilirdi. Təbiətin də obyektə heyfi gəlmədi.
İranın yeni lideri Ayətullah Xomeyni və onun tərəfdarları Şah Məhəmməd Rza Pəhləvidən az iddialı lider deyildilər. Bundan əlavə, İran iqtisadi baxımdan Qərbdən asılı olmayan tam müstəqilliyini təmin etmək məcburiyyətində idi. Bu isə tez-gec İranın AES layihəsinə geri dönəcəyini vəd edirdi.
Və bu baş verdi. "Müqəddəs müdafiə" (İraq ilə hərbi qarşıdurma) bir növ ölkənin xroniki xəstəliyinə çevrilməyə başladığında Tehranda Almaniyanın AES layihəsinin müəllifləri ilə yenidən əlaqə qurmağa çalışdılar. Lakin əvvəlcə "Siemens" şirkəti düşünmədən layihədən qəti şəkildə imtina etdi. Ardınca Karlsruhda qərargahı yerləşən "EnBW" alman atom qrupundan rədd cavabı gəldi. Əlacsız qalan İran hakimiyyəti məcburən SSRİ-ni xatırladı. Nə qədər acı da olsa deməliyik ki, bu zaman baş verən Çernobıl faciəsi Moskvanın əlinə oynadı: Tehran inanırdı ki, Sovet nüvə mühəndisləri bu fəlakətdən sonra öz qərarlarında daha məsuliyyətli olacaqlar.
SSRİ Atom Enerji naziri Viktor Mixaylov bu barədə deyirdi: "Nüvə alimlərinin üzərində hələ də "Çernobıl kopromatının" kölgəsi yer alırdı, AES inşaatçıları Çernobıl hərəkətsizliyindən kritik bir zamanı yaşayırdılar. Nüvə elektrik stansiyalarının qurulması qabiliyyətinə tələbat yox idi, onlar cəmiyyətin nifrətini qazanaraq yaşayırdılar. Lakin peşəkarlar anlayırdılar ki, daxili qırılma prosesi nəticəsində işlərindən kənarda qalan parlaq atom elitasını, mütəxəssisləri qoruyub saxlamaq lazımdır. Bu Kremldə də başa düşülürdü".
Göründüyü kimi İran sifarişinin Rusiya nüvə sənayesini xilas etdiyini söyləyənlər tamamilə haqlıdırlar. Rusiya ilə İran arasındakı münasibətlərin bütün qeyri-müəyyənliyinə baxmayaraq, Atom Energetikası naziri Viktor Mixaylov və onun komandasının səyləri imkan verdi ki, Moskva Tehrana bu layihə üçün razılıq versin. Rusiyanın İraqa və şəxsən Səddam Hüseynə tam sədaqət nümayiş etdirməsinə davam etməsinə baxmayaraq danışıqlar baş tutdu. Gördüyünüz kimi, opponentlər nazir Mixailovu boş yerə "nüvə şahini" adlandırmırdılar...
SSRİ-nin VVER-1000 reaktorunun inşası uğurlu vaxtında, yəni İranla danışıqların dalana dirəndiyi vaxtda tamamlandı. Eyni zamanda Çin, Tyanvan AES-in tikintisi üzrə Rusiya ilə danışıqların davam etməsinə dair məlumatları gizlətmirdi.
Bəzi mənbələr İranın atom məsələsi ilə bağlı Fidel Kastro ilə məsləhətləşmələr apardığı barədə məlumatlar yayıblar. Commandantenin Azadlıq adasında başa çatmayan "Xuraqua" AES və nüvə mərkəzinin tikintisinə şəxsən nəzarət etdiyi haqqında informasiyalar olsa da, onları təsdiq edəcək dəlillərimiz yoxdur.
Lakin eyni illərdə Buşehr AES-i Liviya lideri Muammər Qəddafinin ziyarət etdiyi dəqiqdir. Bu səfər yalnız siyasət məqsədli deyildi. O zaman, İran tərəfi öz nüvə enerji sənayesinin inkişafı üçün bir neçə seçim nəzərdən keçirirdi, buna görə də Liviyanın "Tajura" nüvə mərkəzin layihəsi də planlaşdırılan "Buşehr" AES üçün analoq ola bilərdi.
Səksəninci illərin ikinci yarısında Rusiyalı ekspertlər sözün əsl mənasında "Buşehr" AES meydançasına axın etdilər. Bu səfərlərin əksəriyyəti Mərkəzi Asiya və ya Qafqaz səfərləri adı altında həyata keçirilirdi. Neft embarqosu şəraitdə İran hakimiyyəti "nüvə müstəqilliyi" əldə etmək üçün hər cür səy göstərirdi.
(Ardı var…)
Yazı Aleksey Podımovun məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az