Havada, yerdə və dənizdə: “Orbiter” taktiki PUA-ları ailəsi – HƏRBİ ESKPERT (II Yazı)

2018/05/16_1525679577.jpg
Oxunub: 2371     15:45     07 May 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Hazırda dünyada 3 milyondan çox uçan aparat mövcuddur ki, bunun da təxminən 90 faizi hərbi və hərbi-texniki məqsədlərlə istifadə olunur. 2016-ci ildə PUA bazarının illik döriyyəsi 6 milyard dollardan az idisə, 2022- ci ildə bu rəqəmin 22 milyarddan çox olacağı proqnozlaşdırılır. Bu templərlə inkişaf edən digər bir sahə tapmaq mümküm deyil. Bu çərçivədə Müdafiə Sənayesi Nazirliyinin belə bir perspektiv bazardan kənarda qalması təəccüblü olardı. Əsasən PUA-ların 70 faizı sırf hərbi məqsədlərlə istifadə olunur. Məlumatların toplanması, quru və dəniz sərhədlərinin qorunması, terrorçularla mübarizə və s. ilə yanaşı təcili hərbi tibbi yardım, fövqəladə hallar zamanı ərazilərə nəzarət kimi tədbirlərdə PUA-ların rolu və tətbiq sferası ildən-ilə genişlənir. Dünyada ən sürətlə inkişaf edən sahələrdən biri olan PUA bazarında ölkəmiz də təmsil olunur.

Yarandığı qısa müddət ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri 1200 adda müxtəlif növ silah sitemlərinin, optik cihazların, minaların, aviasiya bombalarının, zirehli maşınların, kəşfiyyat-patrul maşınlarının, "Orbiter-2M, 2B, 3B və "Orbiter-4", "Aerostar-BP" və "Zərbə" tipli pilotsuz uçuş aparatlarının və digər avadanlıqların kütləvi istehsal prosesini tam mənimsəyiblər.


Bu gün nazirliyin müəssisələri rəqabətə davamlı, yüksək dəqiqliyə malik, ən müasir silah, sursat, optik vasitələr və s. məhsullar istehsal etməklə həm Milli Ordunun, həm də digər güc strukturlarının sifarişlərini yerinə yetirmək iqtidarındadır.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də müştərək hərbi sənaye müəssisələrinin yaradılması üzrə beynəlxalq əməkdaşlığa da böyük diqqət yetirilir. Buna əyani sübutu kimi, İsraildən olan Aeronautics Defense Systems Ltd. şirkəti ilə birgə yaradılan PUA-ların istehsalı müəssisəsini göstərmək olar.

Bu yazıda MSN-nin müəssisələrindən birində istehsal edilən "Orbiter" PUA-larının nümunələri barədə əldə etdiyimiz məlumatları Sizinlə bölüşməyə cəhd edəcəyik. Belə ki, yaradılan yeni nəsil PUA-lar uğurla sınaqdan keçirilib və istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də həmin tip silahların daha da təkmilləşdirilməsi istiqamətində intensiv işlər daim davam etdirilir. Azərbaycan Ordusu arsenalında olan yerli silahlardan cəbhə bölgəsində və təlimlərdə döyüş təyinatı üzrə uğurla istifadə edir.

"Orbiter" ailəsi

2011-ci ildən Azərbaycanda istehsal edilən "Orbiter" mini, daşınan PUA-ları taktiki səviyyədə istifadə üçün nəzərdə tutulub. "Orbiter" PUA-ları mükəmməl imkanlara malik etibarlı platformadır. Əsas təyinatı hərbi obyektlər haqqında məlumat toplamaq, kəşfiyyat, müşahidə aparmaq və hədəfləri izləməkdir.


Bu sinifdən olan aparatlar "uçan" qanad sxeminə əsaslanır, səssiz elektrik mühərrikləri ilə təcniz olunur. Onlar çox aşağı optik, termal, akustik və radiolokasiya görüntüsünə malik olduqları üçün aşkar edilməyən PUA-lar sinfinə aid edilirlər. PUA- nın standart avadanlıqlarına müasir elektron optik və infraqırmızı kameralar, rabitə və məlumat vasitələri daxildir. Kürək cantalarında belə daşına bilən aparatların döyüş vəziyyətinə gətirilməsi və istənilən formada-maşından, katapultdan, əldən, "roqatkadan" və s. buraxılması ortalama olaraq 7- 10 dəqiqəyə qədər vaxt tələb edir. PUA-nın yerdən idaəolunması bir nəfər operator tərəfindən kompakt blok vasitəsilə həyata keçirilir. Daşınması və istifadəsi sadə və rahatdır. Orta hazırlıqlı əsgər 1-2 saatlıq hazırlıqdan sonra aparatı idarə edə bilir. Tapşırıqlar yerinə yetiriləndən sonra PUA operatorun komandası ilə göstərilən koordinatlara qayıdır, paraşütünü açır, arxası üstə çevrilərək çoxsaylı istifadə üçün nəzərdə tutlan yastıqlar üzərində yerə enir. Bir neçə dəqiqə ərzində akkumlyator batareyalarını dəyişdikdən sonra PUA yenidən döyüş fəaliyyətə hazır olur. Fəaliyyətlər tamamlandıqdan sonra PUA təkrar çantaya yerləşdirilir. On min saatlarla uçuş resursuna malik "Orbiter" ailəsinin ölkəmizdə lisenziya əsasında istehsal olunan konkret modellərinə, onların fərdi və fərqli texniki xüsusiyyətlərinə nəzər salaq.

"Orbiter 1K"


"Orbiter 1K" PUA-sı partlayıcı yük daşımaq üçün uyğunlaşdırılan gövdəyə malikdir və özünü döyüş əməliyyatlarında müsbət tərəfdən göstərən əvvəlki aparatların müsbət cəhətlərini özündə birləşdirir. "Orbiter 1K" ən az çəkiyə, qanad açılımına, fəaliyyət radiusuna və yükdaşıma xüsusiyyətinə malikdir. Cəmi 30 sm yüksəkliyi və 1 metr uzunluğunda olan mini PUA-nın qanad açılımı 2.2 metrdir. 5500 metr yüksəklikdə və 50 km radiusda kəşfiyyat xarakterli vəzifələri yerinə yetirə bilir. 6.5 kq çəkisi olan "Orbiter 1K" 1.5 kq faydalı yüklə 140 km/saat maksimal sürət toplaya bilir. Uçuş müddəti 2-3 saatdır. Bütün görüntülər və əldə edilən video və telemetrik kəşfiyyat məlumatları 12 saatlıq həçmə malik sərt diskə (bu funksiya digər modellərdə əvəz edilib) yazılır.


Bu PUA-lar hərbi məqsədlər, quruda, dənizdə və havada kəşfiyyat vəzifələrinin yerinə yetirmək üçün nəzərdə tutulub.

"Orbiter 1K" PUA-larının uçuşu avtomatik idarəetmə sistemi ilə təchiz olunub.

"Orbiter 1K" aşağıdakı texniki imkanlara malikdir:


- Kiçik hədəflərə məsafədən zərbə imkanı;
- 1-2 kiloqrama qədər xüsusi yük (partlayıcı) daşımaq imkanı;
- Mini EO/IR cihazlarından ibarət kameraların quraşdırılma imkanı;
- Havaya buraxılmanın müxtəlif sadə üsulları;
- Avtomat paraşüt və təhlükəsizlik yastığı;
- Aşkar edilən görüntülərin yüksək HD formatda onlayn ötürülməsi;
- Analoq və rəqəmsal kommunikasiya üçün nəzərdə tutulan orta mənzilli konfiqurasiya;
- Sistem sənaye standartlarına, o cümlədən video axını üçün H.246, idarəetmə üçün isə NATO-nun STANAG 4586 standartlarına tam uyğun gəlir.


"Orbiter-2B"


"Orbiter-2B" mini PUA-sı tammiqyaslı aşağı intensivlikli müharibə, şəhər şəraitində qarşıdurmalar zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsini və dəstəklənməsini həyata keçirə bilər.

"Orbiter-2B" mini PUA-ları həmçinin dəniz və quru sərhədlərinin qorunması vəzifələrinin də yerinə yetirilməsində istifadə oluna bilər. Bu sistemlər lisenziya sahibi olan şirkət tərəfindən hazırlanan çoxsaylı hava aparatlarının proqram təminatına uyğun istismar edilir və buna uyğun nəzarət olunur.

PUA-nın proqram təminatı müxtəlif platformalı vasitələrə xidmət etmək üçün nəzərdə tutulub və NATO-nun STANAG 4609 standart interfeysinə uyğun gəlir.


"Orbiter-2B" mini PUA-larının çəkisi 9.5 kq, uzunluğu 1 metr, qanad açılımı isə 3 metrdir. Bəzən PUA-nın adında rast gəldiyimiz M və K hərfləri modernizə və ya kombinə edilən variantlar mənasını daşıyır. Bu hərflərin korpusun və mühərriklərə aidiyyatı olmur, adətən real vəzifələrə uyğun daşınan faydalı yükün tərkibində dəyişiklik edilir.
Rəqəmsal əlaqəli sistemin çalışma müddəti 4 saata qədər uzadılıb; yükgötürmə qabiliyyəti 1,5 kq-a qədər, fəaliyyət radiusu isə 100 km qədər artırılıb. Fəaliyyət yüksəkliyi 5500 metr, sürəti 130 km/saatdır.

"Orbiter-2B" mini PUA-larının əsas texniki xüsusiyyətləri aşağıdakılardır:

- Rahat sökülür və daşına bilir;
- Maşınlara quraşdırıla bilir;
- Gündüz/gecə rejimi üçün ikili faydalı yük daşıya bilir;
- Kamera ilə uça bilir;
- Tez bir zamanda, cəmi 7 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir;
- Sadə konstruksiya, kiçik dönmə radius;
- Səssiz elektrik mühərriki;
- Kiçik siluet və gizlin əməliyyat aparmaq qabiliyyəti;
- Avtomatik havaya buraxıla bilir;
- Təkrar istifadə edilə bilir ;
- Buludlu və digər məhdud görmə şəraitində yüksək görüntü əldə edir;
- Uzunmüddətli və dözümlüdür;
- Geniş işçi diapazonu müvcuddur;
- Pnevmatik katapult, təhlükəsizlik yastığı və bərpa olunan paraşütə malikdir;
- Dəniz əməliyyatlarında belə çoxsaylı istifadəsi edilən komplektə sahibdir;
- Avtonom vəzifələri yerinə yetirərkən GPS ilə və ya onsuz dəqiq naviqasiya;
- Hərəkət edən nəqliyyat vasitələrinə və digər hədəflərə kilidlənmə və nəzarət;
- Şifrəli rəqəmsal məlumat ötürülməsi kanalı, tezliklərin sıçrayışlarla dəyişdirilməsi;
- Görüntü və məlumatların ətraflı emailı;
- Uçuş zonasından yayınmanı hiss edir;
- A2AD mühitində işləyə bilir;
- Uçuş göyərtəsinə ehtiyac yoxdur;
- Dəniz əməliyyatları üçün rahat istifadə;
- Gəmilərin göyərtə sistemlərinə inteqrasiya imkanı.


"Orbiter-2B"pilotsuz uçan aparatları üçün tövsiyə olunan daşınan faydalı yükün tərkibi aşağıdakılardan ibarətdir:

D-STAMP: gündüz (CCD) rejimli elektro optik kamera;
UZ-STAMP: gecə (soyudulmayan FLIR) sabit kamera;
M-STAMP: ikiqat gündüz (CCD) və gecə (soyudulmayan FLIR) sabit elektro optik kamera;
HD-Lite: fotoqrametrik xəritəçəkmə və 3D modelləşdirmə modulu.


1.2 kq çəkiyə malik çoxsensorlu M-STAMP termal kameraları PUA-ya geniş müşahidə imkanları ilə bərabər avtomatik olaraq hədəfə kilidlənmək, konkret koordinatı və ya nöqtəni izləmək, daramaq və ya mozaika rejimində rəngli video əldə etmək imkanı verir.


GPS və datalink olmadan vəzifərini yerinə yetirməsi, hərəkət edən nəqliyyat vasitələrinə nəzarət və izlənilməsi, uçuş zonasından yayınmanı tanıması, A2AD mühitində çalışa bilməsi, bu PUA-ların daşıya biləcəyi faydalı yüklərin və daxili sistemlərin üstun cəhətlərindəndir. Hazırda, İsrail və Azərbaycandan başda Finlandiya, İrlandiya, Meksika, Polşa, Serbiya və Uqanda "Orbiter-2B" mini PUA-larının xidmətlərindən yararlanır.

"Orbiter-3B"


"Orbiter-3B" PUA-ları özündə qabaqcıl əməliyyat prosesini və maddi-texniki təminat tədbirlərinin kəskin şəkildə azalmasını müvəffəqiyyətlə birləşdirə bilən kiçik taktiki PUA-dır. Bu "Orbiter-3" aparatları daha üst taktiki eşalonların maraqlarında fəaliyyət göstərmək üçün nəzərdə tutulur. Əsas təyinatı daha uzun müddətdə kəşfiyyat, aşkaretmə, müşahidə aparmaq, lazer hədəf göstərmək (İSTAR sistemi) və taktiki dəstək verməkdən ibarətdir. 2014-cü ildən "Orbiter-3B" kimi istehsal edilən PUA-lar 7 saat ərzində 5800 metr yüksəklikdə 150 km radiusda fəaliyyət göstərə bilir və sələflərindən fərqli olaraq rəqəmsal katalitik konvektor ilə təchiz olunur. 20 kq çəkisi olan bu aparatlar 5 kq-a qədər faydalı yük, o cümlədən lazer hədəf göstərən sabit çoxsensorlu elektron optik cihazları daşımaq qabiliyyətindədir. Əvvəlki modellərdən daha böyük ölçüləri və geniş imkanları ilə fərqlənir. Daşınan faydalı yüklər arasında görüntü kameraları ilə lazer hədəf göstəricisi yer alır. Bu, "Orbiter-3B" PUA-larının əvvəlki versiyalardan fərqləndirən ən əsas üstünlüyü hesab olunur. Sistem sənaye standartlarına, o cümlədən video axını üçün H.246, idarəetmə üçün isə NATO-nun STANAG 4586 standartlarına tam uyğun gəlir.


Bu sistemlər lisenziya sahibi olan şirkət tərəfindən hazırlanan çoxsaylı hava aparatlarının proqram təminatına uyğun istismar və nəzarət olunur.

"Orbiter-3B" STUAS aparatlarının əsas texniki xüsusiyyətləri aşağıdakılardır:


- Rahat sökülür və daşına bilir;
- Maşınlara quraşdırıla bilir;
- Faydalı yüklər gündüz və gecə, istənilən hava şəraitində effektivdir;
- Tez bir zamanda, cəmi 7 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir;
- Sadə konstruksiya, kiçik dönmə radiusu;
- Səssiz elektrik mühhəriki;
- Kiçik siluet və gizlin əməliyyat aparmaq qabiliyyəti;
- Avtomatik havaya buraxıla bilir;
- Təkrar istifadə edilə bilir;
- Buludlu və digər məhdud görmə şəraitində yüksək görüntüyə malikdir;
- Uzunmüddətli və dözümlüdür;
- Geniş işçi diapazonu müvcuddur;
- Pnevmatik katapulta, təhlükəsizlik yastığına və bərpa olunan paraşütə malikdir;
- Dəniz əməliyyatlarında belə çoxsaylı istifadəsi mümkündür;
- Avtonom vəzifələri yerinə yetirərkən GPS ilə və ya onsuz dəqiq naviqasiya fəaliyyətini həyata keçirə bilir;
- Hərəkət edən nəqliyyat vasitələrinə və digər hədəflərə kilidlənərək onları nəzarətdə saxlayır.
Əlavə funksiyaları:
- Görüntüləri ətraflı emal edir;
- Dəniz əməliyyatları üçün rahat enmə;
- Gəmilərin göyərtə sistemlərinə inteqrasiya imkanı.


"Orbiter-3B" pilotsuz uçan aparatları üçün tövsiyə olunan daşınan faydalı yükün tərkibi aşağıdakılardan ibarətdir:

D-STAMP soyudulan lazer tuşlayıcısı ilə üç fazalı gecə və gündüz rejimli sabit elektron optik kamera;
T-STAMP: gündüz (CCD) rejimli elektro optik kamera;
UZ-STAMP: gecə (soyudulmayan FLIR) sabit kamera;
M-STAMP: ikiqat gündüz (CCD) və gecə (soyudulmayan FLIR) sabit elektro optik kamera;
HD-Lite: fotogrametrik xəritəçəkmə və 3D modelləşdirmə modulu.



Təhlükəsizlik xüsusiyyətləri:

GPS və datalink olmadan belə vəzifərini yerinə yetirməsi, hərəkət edən nəqliyyat vasitələrinə nəzarət və izlənilməsi, uçuş zonasından yayınmanı tanıması, A2AD mühitində çalışa bilməsi və daşıya biləcəyi faydalı yüklərin geniş çeşidi, bu PUA-ların üstun cəhətlərindəndir.

Bəhs etdiyimiz hər 3 pilotsuz uçan aparatların texniki xüsusiyyətlərini müqayisə etdikdə, onların bir çoxunun oxşar olması hər üç məhsulun eyni sinifdən olması ilə bağlıdır. Lakin təbii ki, fərqli cəhətlər də yox deyildir. Daha yeni olan "Orbiter-3B" sələflərindən fərqli olaraq rəqəmsal katalitik konventer, D-STAMP soyudulan lazer tuşlayıcılı üçfazalı gecə və gündüz rejimli sabit elektron optik kamera ilə təchiz olunub və daha üst taktiki idarəetmə orqanı tərəfindən istifadə edilməsi nəzərdə tutulub. Bu isə istənilən hava şəraitində, gecə və gündüz aviasiya, artilleriya və zərbə PUA-larının hədəfə yönləndirilməsində ən mühüm rol oynayan detaldır. Çəkisi 20 kq-a, fəaliyyət radiusu 150 km-ə artırılan PUA artıq havada 7 saat qala bilir. Fəaliyyət yüksəkliyi 5800 metrə qədər yüksəlib. Daşıya biləcəyi faydalı yükün kütləsi isə 3 dəfədən çox artırılaraq 5 kq-a çatdırılıb. Hazırda yerli silah mühəndislərimiz zərbə tipli PUA-ların daha mükəmməl versiyalarının seriya istehsalını həyata keçirir.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orbiter-1K   Orbiter-2B   Orbiter-3B  


Bizi "telegram"da izləyin