İlk öncə 2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən 14,5 mm çaplı "İstiqlal" snayper tüfəngindən başlayaq.
MSN-nin "Telemexanika" zavodunun yerli mütəxəssisləri tərəfindən hazırlanan “İstiqlal” snayper tüfəngi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını bir çox göstəricilərinə görə geridə qoyur.
"İstiqlal" Azərbaycanın istehsal etdiyi ilk milli atıcı silahdır.Təsnifatına görə iri çaplı snayper tüfəngləri sinifinə (bu sinifə çapı 9 mm-dən 20 mm-ə qədər olan snayper tüfəngləri daxildir) daxildir. Bir qayda olaraq, bu nümunələr məsafə uzaqlığı, məhsuldarlığı, yüksək güllə enerjisi, ölçüləri, çəkisi və s. kimi göstəricilərinə görə adi snayper tüfənglərini əhəmiyyətli dərəcədə geridə qoyur.
Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malik olan "İstiqlal" iri çaplı snayper tüfənglərinin əsas təyinatı düşmənin aşağıdan uçan və ya dayanan helikopter və təyyarələrini, yüngül zirehli və zirehsiz texnikasını, qorunan atəş nöqtələrini, üzunmüddətli atəş nöqtələrinin müşahidə cihazlarını, partlamayan aviasiya, artilleriya və mühəndis sursatlarını, idarəetmə, kəşfiyyat , rabitə və nəqliyyat vasitələrini sıradan çıxarmaqdan, eyni zamanda düşmənin canlı qüvvəsini, xüsusilə komandir və snayper heyətini məhv etməkdən ibarətdir.
Hal-hazırda MSN-də bu sahədə yeniliklər üçün kifayət qədər müxtəlif tipli maraqlı həll yolları müvcuddur. "İstiqlal", əllə doldurulan və uzununa çəkilən sürüşən çaxmaqlı sxem əsasında hazırlanmış iriçaplı snayper tüfəngdir. Belə ki, ilkin versiyada 33 kq çəkiyə malik olan "İstiqlal" tüfənginin hazırda çəkisi 20 kq-a bərabərdir. Dəzgah üzərində quraşdırıla bilir. Bu silahların uzunluğu 2015 mm-dir. Bu silahın optik nişangahı 8 qat yaxınlaşdırma özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 °S temperatur diapazonunda istifadə oluna bilir. 2 min metr məsafədə isə beton hasarı dəlib keçə bilir. Darağın tutumu 5 patrondan ibarətdir.
Həmçinin zireh dələn və yandırıcı patronların da istifadəsi nəzərdə tutulub. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür. "İstiqlal" snayper tüfəngi hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə bölgəsində uğurla istifadə olunur. "İstiqlal" müxtəlif sərgilərdə nümayiş olunub və sərgi iştirakçılarının geniş marağına səbəb olub.
"İstiqlal" snayper tüfəngini Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Bolqarıstan, İordaniya silahlı qüvvələrində, bəzi mənbələrin məlumatına görə bir sıra MDB və NATO ölkələrində də istifadə olunur.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az