Ordu.az xəbər verir ki, bu barədə “Krasnaya zvezda” nəşri məlumat yayıb.
“Rusiya prezidentinin 22 noyabr 2017-ci il tarixli əmri ilə buna qədər Rusiyanın Suriyada yerləşən qruplaşmasına rəhbərlik edən general-polkovnik Sergey Surovkin Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunub”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi müavinləri vəzifələrinə buna qədər Şimal donanmasının qərargah rəhbəri vəzifəsini daşıyan Rusiya Qəhrəmanı, vitse-admiral Aleksandr Moyiseyev və buna qədər Mərkəzi Hərbi Dairəsinin ümumqoşun ordusunun 2-ci qvardiyasının rəhbəri və Rusiyanın Suriyadakı qruplaşmasının qərargah rəhbəri vəzifəsini daşıyan general-mayor Gennadi Jidko təyin olunublar.
Bununla da 51 yaşlı Sergey Surovkin Rusiya və SSRİ tarixində Rusiya və SSRİ aerokosmik qüvvələrinə rəhbərlik edən ilk ümumqoşun komandiri oldu.
Qeyd edək ki, Surovkin Omskda ali ümumqoşun komandanlıq peşə məktəbini, Frunze adına Baş Qərargah Akdemiyasını bitirib. Əfqanıstan, Tacikistan və Çeçenistanda xidmət edib. 2013-cü ilin oktyabr ayında Şərq Hərbi Dairəsi ordusunun komandanı, 2017-ci ilin martında isə Rusiyanın Suriyadakı qruplaşmasının rəhbəri təyin olunub.
Ağalar Qəribov
Ordu.az