Tramp İrana qarşı “tam hərbi qələbə” əldə olunduğunu iddia edib

2026/06/1781943648.jpg
Oxunub: 263     12:19     20 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranla son qarşıdurma fonunda Vaşinqtonun hərbi gücdən istifadə imkanlarının məhdudlaşdırılmadığını və ABŞ-nin İrana qarşı tam üstünlük qazandığını iddia edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.

Jurnalist Stiv Kaputonun prezident səlahiyyətlərinin sərhədləri ilə bağlı sualını cavablandıran ABŞ Prezidenti hərbi məsələlərdə heç bir məhdudiyyət görmədiyini bildirib.

“Belə məhdudiyyətlər yoxdur. Heç bir məhdudiyyət yoxdur. Mən hələ belə bir nəticəyə gəlməmişəm. Bilirəm ki, onlar mövcuddur, amma əslində heç bir sərhəd yoxdur. Hərbi baxımdan biz onları tamamilə məğlub etmişik”, - deyə Tramp bildirib.

O iddia edib ki, ABŞ İran üzərində ciddi təzyiq yaradıb, o cümlədən dəniz blokadası tətbiq edib və bunun İran Hərbi Dəniz Qüvvələri üçün ağır nəticələri olub.

Tramp bu vəziyyəti regiondakı daha geniş təhlükəsizlik məsələləri ilə də əlaqələndirib. O, ABŞ-nin Hindistan və Pakistan arasında gərginliyin artmasının qarşısını almaqda mühüm rol oynadığını və söhbətin potensial nüvə qarşıdurmasından getdiyini bildirib.

“Pakistan məndən davam etməməyi xahiş etdi, çünki onlar çox yaxın idilər. Mən dedim ki, onları bəyənirəm. Mən iki nüvə dövləti olan Pakistan və Hindistanı dayandırdım. Pakistanın Baş naziri dedi ki, Tramp 50 milyon insanın həyatını xilas edib. Amma mən hesab edirəm ki, bu rəqəm daha çoxdur”, - deyə ABŞ Prezidenti qeyd edib.

Onun sözlərinə görə, həmin böhran zamanı tərəflər nüvə silahından istifadəyə çox yaxın olublar və onun müdaxiləsi böyük fəlakətin qarşısını alıb.

İranla mümkün razılaşmalar məsələsinə toxunan Tramp mövcud çərçivə razılaşmasının faktiki olaraq “qeyd-şərtsiz kapitulyasiya” olduğunu iddia edib.

“Bəli, ola bilsin ki, bu, elə qeyd-şərtsiz kapitulyasiyadır. Onların ordusu yoxdur. Hər şey dənizin dibindədir. Onların 159 gəmisi var idi”, - deyə o bildirib.

ABŞ Prezidenti həmçinin iddia edib ki, Vaşinqtonun həyata keçirdiyi əməliyyatlar İranın hərbi imkanlarını, o cümlədən aviasiyasını və hava hücumundan müdafiə sistemlərini ciddi şəkildə zəiflədib.

“Biz onların hərbi hava qüvvələrini məhv etdik. Biz onların hava hücumundan müdafiə sistemlərini məhv etdik. Bunun sayəsində biz orada tam sərbəst uça bilirdik. Hər şeyi sıradan çıxardıq. Onlar heç nə edə bilmirdilər”, - deyə Tramp bildirib.

O əlavə edib ki, İran rəhbərliyində və hərbi strukturlarında mühüm rol oynayan şəxslərə və obyektlərə də zərbələr endirilib ki, bu da ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə zəiflədib.

Tramp əvvəlki ABŞ administrasiyalarının daha az qətiyyətli davrandığını iddia edib və öz siyasətini Barak Obama dövründə imzalanmış İran nüvə sazişindən fərqli yanaşma kimi təqdim edib. O, həmin sazişi “fəlakət” adlandırıb.

ABŞ Prezidenti vurğulayıb ki, həyata keçirilən əməliyyatlar İranın hərbi infrastrukturunun bir hissəsinin “tamamilə məhv edilməsinə” gətirib çıxarıb və güc faktorunun diplomatiya və münaqişələrin nəticələrini müəyyənləşdirdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin