Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, iyunun 18-i səhər saatlarında Ukraynaya məxsus PUA-lar həftənin əvvəlindən bəri ikinci dəfə Moskva Neft Emalı Zavoduna hücum edib.
Sobyanin teleqram kanalında yazıb ki, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Onun sözlərinə görə, vurulan PUA-ların qalıqları “Sadovod” ticarət mərkəzinin ərazisinə düşərək binalardan birinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Moskva meri bildirib ki, gecə saat 04:00-dan səhər saat 08:00-dək davam edən hücum zamanı hava hücumundan müdafiə sistemləri Moskva ətrafında və şəhərin üzərində Ukraynaya məxsus təxminən 180 PUA-nı məhv edib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə bildirib ki, paytaxta qarşı həyata keçirilən kütləvi hücum zamanı Jukovski şəhərinin Qaqarin küçəsində bir PUA çoxmənzilli yaşayış binasına çırpılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb və sakinlərin təxliyəsi həyata keçirilir.
Lyubertsı şəhərində PUA qalıqları fitnes mərkəzinə və sənaye zonasında yerləşən obyektlərdən birinə zərər vurub. Bundan başqa, “Belaya Daça” ticarət mərkəzinin damında yanğın baş verib.
Elektrostal yaxınlığında PUA qalıqları fərdi yaşayış evinə ziyan vurub, nəticədə bir qadın yaralanıb. Şəhərin özündə isə bir avtomobil yanıb. Çexov rayonunun Masnovo-Jukovo kəndində PUA bağ evinin üzərinə düşərək onu tamamilə dağıdıb. Burada da xəsarət alan olmayıb.
Eyni zamanda ötən gecə Rostov vilayəti də təxminən 60 PUA-nın hücumuna məruz qalıb. Vilayət rəhbəri Yuri Slyusarın sözlərinə görə, Qukovo şəhərinə endirilən zərbə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.
Rəsmi məlumatda iki kommersiya obyektində yanğın baş verdiyi bildirilsə də, “Astra” nəşri şahidlərin paylaşdığı görüntülərə əsaslanaraq şəhərdə səkkiz rezervuara malik neft bazasının yandığını qeyd edib.
Bundan əvvəl Ukrayna PUA-ları 2026-cı il iyunun 16-da da Moskva Neft Emalı Zavoduna zərbə endirmişdi. “Reuters” agentliyinin məlumatına görə, hücumdan sonra “Qazprom Neft” şirkətinə məxsus müəssisənin fəaliyyəti dayandırılıb və xam neft emalı tamamilə dayandırılıb.
Agentliyin mənbələrindən biri bildirib ki, zavodun yaxın günlərdə daha aşağı güclə yenidən fəaliyyətə başlaması planlaşdırılır.
“Energy Intelligence” analitiklərinin hesablamalarına görə, iyunun əvvəlindən etibarən Ukrayna PUA-larının neft emalı müəssisələrinə mütəmadi hücumları nəticəsində Rusiyada neft emalı həcmi sutkada 4 milyon bareldən aşağı düşüb ki, bu da son 21 ilin ən aşağı göstəricisidir.
Analitiklərin məlumatına əsasən, hazırda Rusiyanın neft emalı güclərinin təxminən üçdə biri, yəni sutkada 2,14 milyon barel həcmində istehsal potensialı fəaliyyətsiz vəziyyətdədir.
Mütəxəssislər hesab edirlər ki, Ukraynanın Rusiyanın enerji sektoruna qarşı həyata keçirdiyi kampaniya ölkəyə ciddi zərər vurub və onu tarixinin ən ağır yanacaq böhranlarından birinə doğru aparır.
Sevinc Əliyeva
Ordu.az