G7 ölkələri Trampı İran razılaşmasına görə üç dəfə təbrik edib

2026/06/1781718005.jpg
Oxunub: 181     12:12     18 İyun 2026    
“Böyük Yeddilik” ölkələrinin liderləri İran münaqişəsinin tənzimlənməsi ilə bağlı əldə olunan razılaşmaya görə ABŞ Prezidenti Donald Trampı birgə bəyanatda üç dəfə təbrik ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransada keçirilən G7 sammitinin yekununda qəbul olunan birgə bəyanatda Trampın ünvanına üç ayrı təbrik ifadəsi yer alıb. Mənbələrin sözlərinə görə, bu addım ABŞ liderinin rəğbətini qazanmaq məqsədi daşıyıb.

Anonim diplomat bildirib ki, bu, G7 daxilində mövcud olan “kövrək balansı” qorumaq üçün düşünülmüş addım olub. Onun sözlərinə görə, sammit iştirakçıları bununla Trampa dəstəklərini nümayiş etdiriblər.

Məlumata görə, ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri 2026-cı il iyunun 14-də Vaşinqton və Tehran arasında Yaxın Şərqdə davam edən müharibənin dayandırılmasına yönəlmiş razılaşmanın əldə olunduğunu təsdiqləyiblər.

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər Tehranın nüvə proqramını da müzakirə edəcəklər. Bundan əlavə, iyunun 15-dən etibarən İranın dəniz blokadasının dayandırılması və bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların tam dayandırılması nəzərdə tutulur.

ABŞ və İsrailin İran əleyhinə hərbi əməliyyatlara 2026-cı il fevralın 28-də başladığı bildirilir.

İyunun 17-də Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla Versal sarayında keçirdiyi görüşdən sonra Vaşinqton və Tehran arasında memorandumun imzalandığını bir daha təsdiqləyib.

Qeyd edək ki, G7 sammiti 2026-cı il iyunun 15-dən 17-dək Fransanın Evian-le-Ben kurort şəhərində keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin