Ordu.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətlərində, media və informasiya mühitində, habelə hüquq-mühafizə və məhkəmə fəaliyyətində əhəmiyyətli vasitəyə çevrilib:
"Odur ki, süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır. Bu baxımdan milli insan hüquqları təsisatlarının, xüsusilə ombudsman institutlarının üzərinə mühüm vəzifələr düşür. Bu təsisatlar pozulmuş hüquqların bərpası ilə yanaşı, monitorinq, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə rəqəmsal transformasiya dövründə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli töhfə verirlər".
S.Əliyeva qeyd edib ki, Azərbaycan Ombudsmanı öz mandatı çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətini araşdırır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər verir, dövlət proqramlarının icrası prosesinin təhlilini, habelə müvafiq sahədə təşviqat fəaliyyətini həyata keçirir.
Ordu.az