Ordu.az xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşma uzunmüddətli sənaye tərəfdaşlığının başlanğıcı kimi qiymətləndirilir.
müqavilə Parisdə 2026-cı il iyunun 15-dən 19-dək keçirilən EUROSATORY 2026 sərgisi çərçivəsində imzalanıb. EODH bu sərgidə ilk dəfə quru platformaları üçün inteqrasiya edilmiş modernizasiya sistemlərini nümayiş etdirib.
“Doureios” nəşrinin məlumatına görə, müqavilə 8×8 “Boxer” quru platformaları ailəsinin istehsalını əhatə edir və EODH ilə KNDS arasında təxminən 200 milyon avro dəyərində, on il müddətini əhatə edən yeni əməkdaşlığın başlanğıcını qoyur.
Qeyd edək ki, 2025-ci il mayın 2-də EODH quru nəqliyyat vasitələri sektoruna fokuslanacaq EODH DYNAMICS adlı yeni şirkət yaratdığını açıqlamışdı. Yeni qurumun elmi-tədqiqat və təcrübə nümunələrinin hazırlanmasından tutmuş seriyalı istehsala qədər geniş fəaliyyət sahəsini əhatə etməsi planlaşdırılır.
“Army Recognition” nəşrinin məlumatına görə, şirkətin əsas məqsədi Yunanıstan və müttəfiq ölkələrin silahlı qüvvələrinin zirehli döyüş maşınları, dəstək avadanlıqları və modernizasiya edilmiş sistemlərə artan tələbatını qarşılamaqdır.
Şirkətin açıqlamasında bildirilib ki, EODH DYNAMICS Avropanın sənaye inteqrasiyasını gücləndirmək istiqamətində daha geniş təşəbbüsün tərkib hissəsi kimi fəaliyyət göstərəcək.
Açıqlamada qeyd olunub: “EODH-nin Avropa müdafiə ekosistemində formalaşmış mövqeyinə əsaslanaraq, yeni şirkət qitənin sənaye suverenliyi üçün vacib olan imkanların inkişafında mühüm rol oynamağı hədəfləyir. Mövcud sinerjilərdən, strateji tərəfdaşlıqlardan, əməkdaşlıq sazişlərindən və qüvvədə olan çərçivə müqavilələrindən istifadə etməklə yerli, Avropa və beynəlxalq bazarlarda əsas oyunçulardan birinə çevrilməyi planlaşdırır”.
Hazırda tikintisi davam edən sənaye müəssisələri 10 min kvadratmetr ərazini əhatə edəcək və süni zəka ilə robot texnologiyaları da daxil olmaqla qabaqcıl avadanlıqlarla təchiz olunacaq.
“Preconstructa SA” şirkətinə təhvil verilmiş layihə çərçivəsində yaradılacaq müəssisədə kəsmə, qaynaq, emal, nəqliyyat vasitələrinin yığılması, rənglənməsi, sınaqdan keçirilməsi, qüllələrin və uzaqdan idarə olunan silah sistemlərinin istehsalı, eləcə də atəşə nəzarət sistemlərinin, elektron və elektro-optik komponentlərin inteqrasiyası üçün xüsusi sahələr fəaliyyət göstərəcək.
Şirkət həmçinin bildirib ki, tələb olunan sənaye avadanlıqlarının alınması prosesi artıq davam edir.
Sevinc Əliyeva
Ordu.az