Andrey Yatskin: "Azərbaycan deputatlarının Dövlət Duması seçkilərini müşahidə etməsini gözləyirik"

2026/06/1781765941.jpg
Oxunub: 143     10:31     18 İyun 2026    
Rusiya Azərbaycan Milli Məclisinin deputatlarının Dövlət Dumasına seçkilərin monitorinqində iştirakını gözləyir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında bildirib.

"Bu il bizdə böyük seçki ilidir və Dövlət Dumasından olan həmkarlarımız da seçki kampaniyasına hazırlaşırlar. Ümid edirik ki, Azərbaycan parlamentinin deputatları da sentyabrda keçiriləcək seçkilərin monitorinqində fəal iştirak edəcəklər", - o bildirib.

A.Yatskin qeyd edib ki, iki ölkənin liderləri - Vladimir Putin və İlham Əliyev parlamentlərarası komissiyanın işinə böyük əhəmiyyət verirlər.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın istiqamətini məhz dövlət başçıları müəyyən edir, parlamentlər isə əldə olunmuş razılaşmalara uyğun olaraq qarşılıqlı fəaliyyəti ardıcıl şəkildə inkişaf etdirirlər.

Federasiya Şurası sədrinin birinci müavini vurğulayıb ki, komissiyanın iclasları müntəzəm olaraq keçirilir və parlamentlərarası əməkdaşlığın mühüm elementidir.

"Komissiyanın iclasları ildə iki dəfə – biri Azərbaycanda, digəri isə Rusiyada keçirilir. Belə bir qrafikə riayət edən bəlkə də təkcə bizik. Adətən bəzi komissiyalar ildə bir dəfə heç toplanmaya da bilər. Bizdə isə müntəzəmlik öz təsdiqini tapır", - o bəyan edib.

Yatskin həmçinin qeyd edib ki, tərəflər qəbul edilən qərarların icrasını diqqətlə izləyirlər.

"Biz qərarlarımızın icrasına müntəzəm olaraq nəzarət edirik. Onlar formal və ya protokol xarakteri daşımır. Protokollarda məsul şəxslər artıq müəyyən edilib və bu gün bir sıra çıxışlarda bu işin nəticələri təqdim olundu", - o bildirib.

Qeyd edək ki, RF Federal Məclisinin doqquzuncu çağırış Dövlət Dumasına seçkilər 2026-cı il sentyabrın 20-nə təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yatskin   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin