Ermənistanın sabiq müdafiə naziri: “Hadisələrin hazırkı istiqamətdə inkişaf etməsi ölkəni təhlükəli vəziyyətə sürükləyir”

2026/06/1781768998.jpg
Oxunub: 264     11:51     18 İyun 2026    
“Yüksək dövlət vəzifələrində çalışan şəxslərin əsas problemi öz postlarından yapışıb qalmaqdır. Hakimiyyətə gələnlər zaman keçdikcə həmin vəzifələrlə o qədər bağlı olurlar ki, sonradan onları bu mövqelərdən uzaqlaşdırmaq son dərəcə çətinləşir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq müdafiə naziri, “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, general-mayor Arşak Karapetyan Ermənistanın “Past” nəşrinə müsahibəsində bildirib.

Karapetyan qeyd edib ki, ölkədə yaranmış vəziyyətdən çıxış yolu hakimiyyətin tam şəkildə dəyişdirilməsidir. Onun fikrincə, son səkkiz il ərzində mövcud hakimiyyətin istifadə edə biləcəyi bütün müsbət resurslar artıq tükənib.

“Bir neçə yerdə asfalt çəkməklə dərin problemləri uzun müddət gizlətmək mümkün deyil. Xüsusilə də cəmiyyət yaxın gələcəkdə iqtisadi çətinliklərin nəticələrini birbaşa hiss edəcək”, - deyə o bildirib.

Müsahibədə Ermənistanın xarici iqtisadi istiqamətinin dəyişdirilməsi və ənənəvi bazarların itirilməsi məsələsinə də toxunulub.

Karapetyan vurğulayıb ki, təxminən 300 il ərzində erməni məhsullarının əsas satış bazarı olmuş Rusiya bazarının tədricən bağlanması təhlükəsi mövcuddur.

“Bu, sadəcə sərhəd-keçid məntəqələri ilə bağlı məsələ deyil. Bu, strateji itkidir. Sabah sərhədlər yenidən açılsa belə, Ermənistan məhsullarının həmin bazarda artıq yeri olmayacaq”, - deyə o qeyd edib.

Erməni general-mayor vəziyyəti məişət nümunəsi ilə müqayisə edərək bildirib ki, bu, öz pomidorunu bazara aparıb satmağa çalışmaq kimidir, formal qadağa olmasa da, mövcud qaydalar və reallıq sərbəst ticarətə imkan vermir.

Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə də eyni mexanizm işləyir və hakimiyyətin səriştəsiz siyasəti, eləcə də Avropa bazarları ilə bağlı qeyri-real gözləntiləri ölkəni iqtisadi böhrana doğru aparır.

Karapetyan gələcək siyasi addımlarına da toxunaraq bildirib ki, hər hansı ciddi siyasi proses xalqın aydın mandatına və hüquqi əsaslara söykənməlidir.

“Bu səbəbdən “Ümumerməni Cəbhəsi” hərəkatının üzvləri hazırda İrəvanda seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə imza toplayırlar. Bu, cəmiyyətin aldadıldığını dərk etdiyini göstərən faktiki əsas olacaq”, - deyə o bildirib.

Müsahibənin sonunda Karapetyan iddia edib ki, hadisələrin hazırkı istiqamətdə inkişaf etməsi Ermənistanı təhlükəli vəziyyətə sürükləyir.

“Regiondakı dörd qonşu ölkə böyük dövlətlərin rəhbərliyi və razılığı ilə artıq xəritə üzərində ölkəmizi tort kimi bölür. Bu geosiyasi bölgüdə Ermənistanın maraqları ümumiyyətlə nəzərə alınmır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin