Şoyqu: “Saxta informasiya sızmaları 2018-ci ildə Ermənistanda geniş şəkildə istifadə olunub”

2026/06/1781763946.jpg
Oxunub: 254     10:24     18 İyun 2026    
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Qərb hədəf seçdiyi ölkələrdə siyasi rejimlərin dəyişdirilməsi məqsədilə saxtalaşdırmalardan və insanları idarə etməyə imkan verən kommunikasiya mexanizmlərindən geniş istifadə edir.

Ordu.az xəbər verir ki, Şoyqu bu barədə “İzvestiya” nəşrində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, kütlələrin səfərbər olunması, idarə edilməsi və ictimai şüurun manipulyasiyası üçün xüsusi kommunikasiya mexanizmləri yaradılır. Şoyqu qeyd edib ki, xarici kuratorlara tabe olan media qurumları və sosial şəbəkələr vasitəsilə hakimiyyətin nüfuzdan salınmasına yönəlmiş saxta informasiya axınları yayılır, əhali arasında ədalətsizlik və narahatlıq hissi formalaşdırılır.

Rusiya Təhlükəsizlik Şurasının katibi iddia edib ki, bu cür üsullar 2018-ci ildə Ermənistanda Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması məqsədilə keçirilən etiraz aksiyaları zamanı, həmçinin Serbiya və Bosniya və Herseqovinanın Serb Respublikasının rəhbərliyinə qarşı kampaniyalarda, 2024-cü ildə Gürcüstanda parlament seçkilərindən sonra və 2026-cı ilin fevral-aprel aylarında Macarıstanda seçki kampaniyası dövründə geniş şəkildə tətbiq olunub.

“Hədəf ölkələrin rəhbərliklərinin çətinlikləri və səhvləri də bu cür proseslərin həyata keçirilməsinə şərait yaradır. Köhnə sosial-iqtisadi problemlərin dərinləşməsi, əhalinin həyat səviyyəsinin aşağı düşməsi, sosial gərginliyin artması, etnik, dini və demoqrafik disbalanslar dövlətlərin sabitliyi və suverenliyi üçün ciddi təhlükə yaradır.

Səhiyyə, təhsil, gənclər siyasəti və əmək bazarında baş verən rezonanslı hadisələr də ictimai narazılığın artmasına səbəb ola bilər”, - deyə o qeyd edib.

Şoyqu buna misal olaraq 2025-ci ildə Mərakeşdə Aqadir xəstəxanasında doğuş zamanı bir qadının ölümü ilə bağlı baş verən kütləvi etirazları və Peruda cinayətkarlığın artması fonunda keçirilən aksiyaları göstərib.

Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, siyasi sistemin qeyri-şəffaflığı, hakimiyyət strukturlarında korrupsiya, məhkəmə və hüquq-mühafizə orqanlarının səmərəsiz fəaliyyəti, eləcə də hakim elitalarda avtoritar meyillərin güclənməsi də rəhbərliyin əhali arasında nüfuzunu zəiflədir.

“Rəngli inqilablar”ın əsas təşkilatçıları xarici qüvvələrdir. Bu proseslərdə Qərb qeyri-hökumət təşkilatları, fondlar, analitik mərkəzlər, könüllü hərəkatlar və dini birliklər mühüm rol oynayır.

Xarici kuratorlar həmin təşkilatlara ölkədaxili siyasi vəziyyətin monitorinqi, hakimiyyətə təzyiq strategiyalarının hazırlanması, informasiya kampaniyalarının təşkili, etiraz iştirakçılarının cəlb olunması və hazırlanması, maliyyə vəsaitlərinin bölüşdürülməsi və aksiyaların koordinasiyası kimi vəzifələr həvalə edirlər.

Hər bir “rəngli inqilab” üçün əhali üçün cəlbedici vizual təbliğat və simvolika hazırlanır”, - deyə o bildirib.

Şoyqu buna misal olaraq Ermənistandakı “məxməri inqilab”ı, eləcə də Serbiyadakı etiraz aksiyalarında istifadə olunan simvolları göstərib.

Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, “rəngli inqilab”ların başlanması ilə qeyri-hökumət təşkilatlarına, müxalif media qurumlarına, bloqerlərə və etiraz liderlərinə göstərilən xarici maliyyə və təşkilati dəstək əhəmiyyətli dərəcədə artır.

Şoyqunun sözlərinə görə, bu proseslərin əsas əlamətlərindən biri iri şəhərlərdə koordinasiya olunmuş kütləvi etiraz aksiyalarının keçirilməsi və dövlət rəhbərliyinə qarşı xarici təzyiqlərin güclənməsidir.

“İnformasiya təzyiqi hakimiyyətin nüfuzdan salınmasına və onun nümayəndələrinə qarşı zorakılığın mənəvi baxımdan əsaslandırılmasına yönəldilir. Kampaniyalarda tez-tez saxtalaşdırmalardan və səhnələşdirilmiş hadisələrdən istifadə olunur. Bunun ən parlaq nümunələrindən biri 2014-cü ildə Ukraynada baş verən “Avromaydan” hadisələri olub”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Ermənistan  


Bizi "telegram"da izləyin