Tayvan HDQ yeddi gəmini istismardan çıxarmağı planlaşdırır

2026/06/Ekran-1780728147.jpg
Oxunub: 264     10:35     06 İyun 2026    
Tayvan administrasiyasının Hərbi Dəniz Qüvvələri donanmanın modernləşdirilməsi proqramı çərçivəsində beş ədəd “Chi Yang” sinfinə məxsus freqatı və iki ədəd “Ching Chiang” sinfinə məxsus patrul gəmisini istismardan çıxarmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyinin yaxın günlərdə parlamentə təqdim edəcəyi hesabatda qeyd olunub.

Məlumata görə, sənəddə gəmilərin mərhələli şəkildə silahlanmadan çıxarılması cədvəli və bu proseslə bağlı əlavə tədbirlər əks olunacaq.

“Chi Yang” sinfinə məxsus sualtı qayıqlara qarşı mübarizə freqatları əvvəlcə ABŞ-də 1960-1970-ci illərdə “Knox” sinfinə məxsus gəmilər kimi inşa olunub. Daha sonra onların səkkizi 1990-cı illərdə Tayvan administrasiyasına təhvil verilib.

“Ching Chiang” sinfinə məxsus korvetlər isə Tayvanın CSBC gəmiqayırma zavodu tərəfindən istehsal olunub. İyunun 1-də “Chu Chiang” gəmisinin istismardan çıxarılmasından sonra bu sinifdən yalnız iki gəmi xidmətdə qalıb.

Müdafiə Nazirliyi bildirib ki, köhnə gəmilərin istismardan çıxarılması yerli istehsal olan daha yüngül, daha səmərəli və müasir platformaların xidmətə qəbulunu sürətləndirəcək.

Yeni nəsil gəmilərin əsas xüsusiyyətləri sırasında “hava-hava” raketləri ilə təchiz edilmiş hava hücumundan müdafiə imkanları və inkişaf etdirilmiş sualtı qayıqlara qarşı mübarizə sistemləri yer alacaq.

Nazirliyin hesabatında quru qoşunlarının modernləşdirilməsi istiqamətində HIMARS raket sistemlərinin, özüyeriyən haubitsaların, M1A2T tanklarının, TOW 2B tank əleyhinə idarəolunan raketlərinin, səkkiztəkərli zirehli platformaların və pilotsuz uçuş aparatlarının silahlanmaya qəbulunun da xüsusi vurğulandığı bildirilib.

Hərbi Hava Qüvvələri isə F-16V qırıcıları, “Patriot”, “Sky Bow” və NASAMS hava hücumundan müdafiə sistemləri, eləcə də radar şəbəkələrinin hesabına hava müdafiə imkanlarının gücləndirildiyini qeyd edib. Bu sistemlərin birlikdə “Tayvan Günbəzi” adlandırılan müdafiə arxitekturasının formalaşdırılmasına xidmət etdiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   HDQ   Gəmi  


Bizi "telegram"da izləyin