İzmirdə Gənclik və Aviasiya Festivalı başlayıb

2026/06/1780748748.jpg
Oxunub: 283     16:24     06 İyun 2026    
Türkiyə Hərbi Hava Qüvvələrinin yaradılmasının 115-ci ildönümü münasibətilə təşkil olunan Gənclik və Aviasiya Festivalı İzmirdə öz işinə başlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən təşkil edilən festival Çiğli rayonunda yerləşən 2-ci Əsas Reaktiv Aviasiya Baza Komandanlığında keçirilir.

Aviasiya mədəniyyətinin gənc nəslə tanıdılması və vətəndaşların Türkiyə aviasiyasını yaxından tanıması məqsədilə təşkil olunan tədbirə İzmir və ətraf vilayətlərdən şagirdlər və ailələri dəvət olunublar.

Çoxsaylı ziyarətçilərin qatıldığı festivalın açılış mərasimi şəhidlərin xatirəsinin yad edilməsi və Türkiyə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasim zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu, Milli Müdafiə Universitetinin Hərbi Hava Məktəbinin kursantları və keçmiş komandanlarla birlikdə Hərbi Hava Məktəbinin marşını ifa edib.

Tədbir daha sonra Hərbi Hava Qüvvələrinin inventarında yer alan hava vasitələrinin uçuş zolağı üzərindən keçidi ilə davam edib. Ordu generalı Kadıoğlu keçid edən hava vasitələrini salamlayıb.

Festival çərçivəsində Türkiyə Aeroklubunun paraşüt nümayişləri, yerli istehsal olan GÖKBEY çoxməqsədli helikopterinin nümayiş uçuşu və “Türk Ulduzları” aviasiya qrupunun akrobatik çıxışları təqdim olunub.

Həmçinin Hərbi Hava Qüvvələri tərəfindən şəxsi heyətin xilas edilməsi üzrə təlim də icra edilib. Tədbir ərazisində qurulan stendlərdə Hərbi Hava Qüvvələrinin istifadə etdiyi hava vasitələri, eləcə də müdafiə sənayesi şirkətlərinin hazırladığı məhsul, texnologiya və platformalar nümayiş etdirilib.

Festival iştirakçılarına simulyator uçuşları, mini konsertlər və müxtəlif əyləncə proqramları da təqdim olunur. Bildirilib ki, gün ərzində və sabah davam edəcək festival çərçivəsində HÜRKUŞ təlim təyyarəsi, HÜRJET reaktiv təlim təyyarəsi və SOLOTÜRK nümayiş proqramları ilə çıxış edəcək.

Tədbirə ailəsi ilə birlikdə Denizlidən gələn Beyazit Serikan festivalın uşaqların gələcək karyerasına müsbət təsir göstərəcəyinə inandığını bildirib. İzmirli 6-cı sinif şagirdi Mustafa Çağan Uğur isə Türkiyə ordusunun və mühəndislərinin hazırladığı məhsulları yaxından görməyin qürurverici olduğunu qeyd edib.

Festival sabah başa çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İzmir   Türkiyə   Festival  


Bizi "telegram"da izləyin