Erməni deputat: “Konstitusiya Məhkəməsi hansı qərarı qəbul etsə də, seçkilər qeyri-legitim və saxtalaşdırılmış olaraq qalacaq”

2026/06/1782491449.jpg
Oxunub: 203     20:24     26 İyun 2026    
Ermənistanın “Hayastan” alyansının deputatı Geğam Manukyan bildirib ki, Konstitusiya Məhkəməsinin iyulun 4-də qəbul edəcəyi qərardan asılı olmayaraq, bu il keçirilən parlament seçkiləri Ermənistan tarixində qeyri-legitim və saxtalaşdırılmış seçkilər kimi qalacaq.

Ordu.az xəbər verir ki, o, bu barədə iyunun 26-da Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən müxalif qüvvələrin birgə etiraz aksiyası zamanı danışıb.

Manukyanın sözlərinə görə, seçkilər genişmiqyaslı saxtakarlıqlar, inzibati resurslardan istifadə, qanunsuzluqlar, eləcə də yüzlərlə vətəndaşın və seçki qərargahı əməkdaşlarının saxlanılması səbəbindən Ermənistan xalqının tarixində tamamilə qeyri-legitim və saxtalaşdırılmış seçkilər kimi qalacaq.

Erməni deputat bildirib ki, hakimiyyətin seçki manipulyasiyaları səsvermə günü ilə yekunlaşmayıb və bu gün də davam edir.

“Bu yaxınlarda məlum oldu ki, hakimiyyət iyulun 2-də parlamentin növbədənkənar iclasında təcili qaydada Seçki Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır. Nəticədə sosial səbəblərdən aylarla xaricdə yaşayan və işləyən yüz minlərlə soydaşımız seçkilərdə iştirak hüququndan məhrum ediləcək”, - deyə Manukyan bildirib.

O əlavə edib ki, ölkə rəhbərliyi hər gün qanunları pozur.

Manukyan hazırda etiraz aksiyalarına qoşulmayan vətəndaşlara təhlükəsizlik hissinin aldadıcı olduğunu bildirib.

“Heç kim düşünməsin ki, bu gün evində oturduğu üçün təhlükəsizlikdədir. Bunu unudun. Nikol əvvəlki illərdə olduğu kimi hər birinizin qapısını döyəcək”, - deyə deputat vurğulayıb.

Nümunə kimi o, ailə səbəbilə bir neçə günlük Ermənistana gələn vətəndaşların məcburi şəkildə 25 günlük hərbi təlim toplanışlarına göndərilməsini göstərib.

Onun fikrincə, hakimiyyət bu addımları yalnız öz hakimiyyətini qorumaq məqsədilə atır və bununla ordunun, eləcə də ön xəttin nüfuzuna zərbə vurur.

Manukyan axtarışlar və müstəntiqlərin təzyiqləri təhlükəsinə baxmayaraq, hakimiyyət dəyişikliyi uğrunda aparılan seçki kampaniyasında sona qədər iştirak edən tərəfdarlara təşəkkür edib və müxalifətin yekun qələbə qazanacağına əmin olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin