“Altınay Savunma” “Eurosatory 2026” sərgisində texnologiya və imkanlarını beynəlxalq ziyarətçilərə təqdim edib

2026/06/1782477415.jpg
Oxunub: 272     16:36     26 İyun 2026    
Türkiyənin milli müdafiə layihələri üçün yerli və orijinal mühəndislik həlləri hazırlayan “Altınay Savunma Teknolojileri” “Eurosatory 2026” sərgisində iştirak edərək texnoloji imkanlarını beynəlxalq ziyarətçilərə nümayiş etdirib.

Ordu.az xəbər verir ki, müdafiə sənayesində qlobal transformasiya, artan əməkdaşlıq tələbləri və təchizat zəncirinin inkişafı baxımından mühüm platforma hesab olunan “Eurosatory 2026” çərçivəsində “Altınay Savunma” çoxsaylı işgüzar görüşlər keçirib.

Şirkət sərgi zamanı kritik alt sistemlər, hərəkətə nəzarət texnologiyaları, silah sistemləri, insansız sistemlər və müxtəlif platformalar üçün hazırladığı həllər barədə beynəlxalq ziyarətçilərə ətraflı məlumat verib.

35 ildən artıq mühəndislik təcrübəsinə malik olan “Altınay Savunma” quru, dəniz və hava platformaları üçün hazırladığı yüksək texnologiyalı həlləri nümayiş etdirib. Şirkət həm milli, həm də beynəlxalq istifadəçilərin əməliyyat tələblərinə cavab verən məhsul ailələrini təqdim edib.

Türkiyə Silahlı Qüvvələrinin inventarında və dost, müttəfiq ölkələrdə istifadə olunan həllərini sərgiləyən şirkət sahədən əldə edilən ehtiyaclara əsaslanan yerli mühəndislik yanaşmasını beynəlxalq platformada nümayiş etdirib.

Sərgi çərçivəsində keçirilən görüşlər zamanı ixrac imkanları, birgə istehsal modelləri, təchizat zənciri üzrə əməkdaşlıqlar və müxtəlif bazarlara yönəlmiş potensial layihələr müzakirə olunub.

“Eurosatory 2026” “Altınay Savunma” üçün texnoloji imkanlarını qlobal müdafiə ekosistemində tanıtmaq və yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm platforma olub.

Şirkət bildirib ki, hazırladığı yüksək texnologiyalı həllərlə Türkiyənin müdafiə sənayesinin mühəndislik potensialını beynəlxalq səviyyədə təmsil etməyə və qlobal müdafiə ekosisteminə töhfə verməyə davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altınay-Savunma   Eurosatory-2026  


Bizi "telegram"da izləyin