Ordu.az xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Fars körfəzi ölkələri sülhə nail olmaq üçün xoş niyyət nümayiş etdirib və münaqişənin həlli məqsədilə diplomatik yollara üstünlük verməyə davam edir. Bununla yanaşı, o vurğulayıb ki, ərəb ölkələrinin İrana olan etimadının bərpası əsas problemlərdən biri olaraq qalır.
Bundan əvvəl bəzi KİV-lərdə Səudiyyə Ərəbistanının ərəb monarxiyaları ilə İran arasında danışıqlara ev sahibliyi edə biləcəyi barədə məlumatlar yayılmışdı. Lakin “The National”ın mənbələri belə müzakirələrin hələ tez olduğunu bildiriblər.
Qəzet qeyd edib ki, ABŞ ilə İran arasında daha əvvəl əldə olunmuş çərçivə razılaşmasına baxmayaraq, regionun bir çox ölkəsi Tehrana ehtiyatla yanaşır. Rəsmi şəxslər dəfələrlə İranın həyata keçirdiyi raket zərbələrindən sonra etimadın bərpasının vacibliyini vurğulayıblar.
2026-cı il iyunun 25-də Bəhreyndə ABŞ ilə Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının birgə nazirlər görüşünün yekununda təşkilatın baş katibi Casim Məhəmməd əl-Budeyvi bildirib ki, İranla gələcəkdə əldə olunacaq istənilən razılaşma ərəb monarxiyalarının təhlükəsizlik tələblərini nəzərə almalıdır.
ABŞ-nin dövlət katibi Marko Rubio isə tərəfdaşlarını əmin edib ki, danışıqlar prosesində qəbul ediləcək istənilən qərar zamanı region ölkələrinin maraqları nəzərə alınacaq.
Sevinc Əliyeva
Ordu.az