Ordu.az xəbər verir ki, bu barədə “Asharq al-Awsat” qəzetinə ABŞ Dövlət Departamentindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında aparılan və iyunun 25-də başa çatmalı olan danışıqlar daha bir gün uzadılıb. O bildirib ki, danışıqların beşinci mərhələsi cümə günü səhər yenidən başlayacaq.
Mənbə vurğulayıb ki, ABŞ Livanın cənubunda münaqişənin nizamlanması istiqamətində irəliləyiş əldə olunmasını dəstəkləyir.
Bundan əvvəl “Al Hadath” telekanalı xəbər vermişdi ki, İsrail xoşməramlı addım olaraq qoşunlarını Livanın cənubunda işğal altında saxladığı bir və ya iki bölgədən çıxara bilər. ABŞ vasitəçilərinin təklifi ilə həmin ərazilərdə Livan ordusunun bölmələrinin yerləşəcəyi “sınaq zonası” yaradılması planlaşdırılır.
Sınaq müddətində Livan hərbçiləri vəziyyətə nəzarəti təmin etmək və “Hizbullah” şiə təşkilatının mümkün sızmalarının qarşısını almaq bacarığını nümayiş etdirməlidirlər. Razılaşmaya əsasən, təşkilatın silahlıları Litani çayının cənubunda yerləşən bütün əraziləri tamamilə tərk etməlidirlər.
Sevinc Əliyeva
Ordu.az