ADEX 2026 sentyabrın 30-da qapılarını açacaq

2026/06/1782222803.jpg
Oxunub: 221     17:40     23 İyun 2026    
Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi - ADEX 2026-nın 2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçiriləcəyi açıqlanıb.

Ordu.az xəbər verir ki, tədbirə güclü beynəlxalq marağın olacağı və iştirakçı sayında əhəmiyyətli artımın gözlənildiyi bildirilib.

Regionun ən nüfuzlu müdafiə sənayesi sərgilərindən biri hesab edilən ADEX dünyanın müxtəlif ölkələrindən hərbi rəhbərlər, hökumət rəsmiləri, müdafiə sənayesi istehsalçıları və sektor nümayəndələri üçün mühüm platforma kimi qiymətləndirilir.

Sərgiyə dövlət səviyyəsində maraq da davam edir. Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi olaraq sərgini ziyarət edir və iştirakçılara müraciət ünvanlayaraq tədbirin strateji əhəmiyyətini vurğulayır.

ADEX 2024 sərgisində 270 şirkət, 14 milli stend, 53 beynəlxalq hərbi nümayəndə heyəti və 9 min 304 ziyarətçi iştirak edib. Sərgi ümumilikdə 20 min 23 kvadratmetr sahəni əhatə edib.

Təşkilatçıların məlumatına görə, ADEX 2026 üçün ayrılmış sərgi sahələrinin demək olar ki, hamısı aylar öncədən rezerv edilib. Bu isə həm sərgiyə olan qlobal marağın, həm də regional müdafiə bazarına tələbatın artdığını göstərir.

ADEX 2026-nın daha çox beynəlxalq iştirakçı, rəsmi hərbi nümayəndə heyəti və müdafiə sənayesi təmsilçisini qəbul edərək regionun aparıcı müdafiə və təhlükəsizlik platformalarından biri mövqeyini daha da gücləndirməsi hədəflənir.

Türkiyə yenə də sərginin ən diqqətçəkən iştirakçı ölkələrindən biri olacaq. Azərbaycan və Türkiyə arasında uzun illərə söykənən dostluq və strateji tərəfdaşlıq müdafiə, aviasiya və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verir.

Məlumata görə, ADEX 2026-da ASELSAN, ROKETSAN və TUSAŞ başda olmaqla təxminən 40 Türkiyə müdafiə sənayesi şirkəti iştirak edəcək və Türkiyə milli stendi ilə sərgidə geniş təmsil olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADEX-2026   Azərbaycan  


Bizi "telegram"da izləyin