Erməni siyasi xadim: “İrəvanın meri məsuliyyət daşıyır, bizə “parlamentdə boks torbasına çevriləcəksiniz” deyirdilər”

2026/06/1782216130.jpg
Oxunub: 170     16:04     23 İyun 2026    
“Ana Ermənistan” fraksiyasının üzvü Sarkis Ter-Yesayan İrəvan Şəhər Şurasında baş verən insidentə görə şəhər meri Tiqran Avinyanı məsuliyyətli hesab etdiyini bildirib.

Ordu.az xəbər verir ki, Ter-Yesayan bu barədə “News.am”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, hakimiyyət qüvvələri “Çiçəklənən Ermənistan” partiyası ilə “Ana Ermənistan” partiyasının əməkdaşlığından narahat olub və bunu öz məğlubiyyətlərinin göstəricisi kimi qəbul ediblər.

“Şəhər Şurasının iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri müxalifətə qarşı təhqiramiz ifadələr işlədiblər. Sədrliyi həyata keçirən mer müavini Armen Pambuxçyan “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib. Avinyan məsuliyyət daşıyır, bizə “parlamentdə boks torbasına çevriləcəksiniz” deyirdilər”, - deyə Ter-Yesayan qeyd edib.

Erməni müxalifətçi siyasətçinin sözlərinə görə, bundan sonra tərəflər arasında mübahisə yaranıb və hakim partiyanı təmsil edən şəxslərdən biri onların istiqamətinə butulka atıb.

Ter-Yesayan iddia edib ki, hadisədən sonra onların fraksiyasının üzvü Qriqor İskandaryan qarşı tərəfin nümayəndələri tərəfindən əhatəyə alınıb və döyülüb. O, özü müdaxilə etməyə çalışarkən zərbələr aldığını bildirib.

“Əvvəlcə mənə hücum edənlərin Şəhər Şurasının üzvləri olduğunu düşündüm, lakin sonradan onların polis və təhlükəsizlik əməkdaşları olduğunu anladım”, - deyə Ter-Yesayan qeyd edib.

Onun sözlərinə görə, insident yalnız iclas zalında deyil, daha sonra dəhlizdə də davam edib.

Ter-Yesayan bildirib ki, baş və göz nahiyəsindən zərbələr alıb və tibbi müayinədən keçəcək.

Erməni müxalifətçi siyasətçi şəhər meri Tiqran Avinyanı baş verənlərə görə günahlandıraraq iddia edib ki, Şəhər Şurasında gərginliyin yaranmasına şərait yaradılıb.

Xatırladaq ki, insident Armen Pambuxçyanın “Ana Ermənistan” fraksiyasının lideri Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham etməsindən sonra başlayıb və iclas zalında qarşıdurma ilə nəticələnib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ter-Yesayan  


Bizi "telegram"da izləyin