Ordu.az xəbər verir ki, bu barədə OSINT analitiki Mark Krutov peyk görüntülərinə əsaslanaraq məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna müharibəsinin başlanmasından bəri Moskva ətrafında ən azı daha üç oxşar ərazi yaradılıb və həmin məntəqələrdə S-300 və S-400 zenit-raket kompleksləri yerləşdirilib.
“The Insider” nəşri də digər OSINT tədqiqatçısı “Jembob”a istinadən yazır ki, hakimiyyət orqanları Kuntsevo meşə massivində yeni S-400 yerləşdirmə zonası yarada bilər.
“Sentinel-2” peykinin görüntülərində Pavlov küçəsində yerləşən “Medik” stadionunun yaxınlığında təmizlənmiş və hamarlanmış geniş ərazi görünür. Analitiklərin fikrincə, bu sahə Moskvanın qərb hissəsindəki ən yüksək nöqtələrdən birində yerləşir və hava hücumundan müdafiə sistemləri üçün uyğun mövqedir.
“Jembob” hesab edir ki, ərazi qanadlı və ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş S-400 komplekslərinin yerləşdirilməsi məqsədilə hazırlanır. Bununla belə, o qeyd edib ki, peyk görüntüləri kifayət qədər dəqiq olmadığından bu məlumat hələ tam təsdiqlənməyib.
Krutovun sözlərinə görə, Kuntsevo meşəsində artıq hava hücumundan müdafiə sistemləri üçün xüsusi beton platformalar hazırlanıb. Yerli sakinlər isə may ayında park ərazisində aparılan ağac kəsimlərinə etiraz aksiyaları keçiriblər.
Məlumata görə, qorunan təbiət ərazisində işlər iyunun ortalarında başlayıb və 2026-cı il iyunun 21-nə olan vəziyyətə əsasən meşəlikdə 290x150 metr ölçüdə düzbucaqlı sahə açılıb.
Qeyd olunur ki, oxşar obyektlər daha əvvəl Moskvanın digər bölgələrində də yaradılıb. 2023-cü ildə Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının keçmiş təcrübə sahələrində, həmçinin “Sokolniki”, “Losini Ostrov” və “İzmaylovo” parkları yaxınlığında S-400 sistemlərinin yerləşdirildiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi və Moskva meriyası Kuntsevo meşəsində aparılan işlərlə bağlı hələlik rəsmi açıqlama verməyib.
Sevinc Əliyeva
Ordu.az