Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
“Önəmli olan budur ki, İranın sərbəst buraxılan aktivlərindən İran azad şəkildə və müəyyən etdiyi formada, lazım olan məhsulların təmin olunması üçün istifadə edə bilər”, - deyə o bildirib.
Bəqai qeyd edib ki, İran sərbəst buraxılan aktivlər haqda sərfəli və ölkənin mənafeyinə uyğun şəkildə xərclənməsi üçün qərar verəcək.
Nazirlik rəsmisi bildirib ki, İranın Kənd Təsərrüfatı Nazirliyi və ölkənin digər aidiyyəti qurumları müəyyən etdikləri formada, qiymət və keyfiyyətə əsasən məhsul idxalı haqda qərar verəcəklər. Bu istiqamətdə hər hansı məhdudiyyət yoxdur.
Bəqai qeyd edib ki, İranın xam neft satışı haqda icazələr ötən gündən qüvvəyə minib. Digər hallarda da İranın məhdudlaşdırılmış və ya dondurulmuş əmlakının xərclənməsi haqda məsələlər müəyyənləşib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.
Ordu.az