Ordu.az xəbər verir ki, şirkətin Türkiyə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim etdiyi açıqlamaya əsasən, sifarişin ümumi dəyəri 1 milyon 65 min 866 ABŞ dolları təşkil edir.
Məlumata görə, müqavilə çərçivəsində həyata keçiriləcək təhvil prosesinin 2026-2029-cu illər ərzində tamamlanması planlaşdırılır.
Şirkət sifarişi verən müştərinin kimliyini və layihənin hansı müdafiə sistemi və ya alt sistemlərini əhatə etdiyini açıqlamayıb. Bununla belə, yeni müqavilənin şirkətin maliyyə göstəricilərinə müsbət təsir göstərəcəyi bildirilib.
2005-ci ildə yaradılan SDT müdafiə elektronikası, radioelektron mübarizə, radar texnologiyaları, rabitə sistemləri, tapşırıq kompüterləri, avionik həllər və kosmik texnologiyalar sahəsində fəaliyyət göstərir.
Şirkətin hazırladığı RF siqnal analiz sistemləri radar siqnallarının aşkarlanması, təhlili və istiqamətinin müəyyənləşdirilməsi üçün istifadə olunur. Portativ COMINT sistemləri isə rabitə kəşfiyyatı və siqnal analiz imkanları təqdim edir.
SDT həmçinin ASELSAN ilə əməkdaşlıq çərçivəsində hazırlanan SARPER milli sintetik aperturlu radar sensoru üzərində işləyib. Bu sistem hazırda ANKA pilotsuz uçuş aparatlarında istifadə olunur.
Şirkət son illərdə radioelektron mübarizə, sensor birləşdirmə texnologiyaları, tapşırıq kompüterləri, peyk rabitə sistemləri və kritik müdafiə elektronikası layihələri ilə Türkiyənin müdafiə sənayesində önəmli mövqeyə sahib olub.
Sevinc Əliyeva
Ordu.az