Polşa Prezidenti Navrotski ASELSAN-ın texnologiyaları ilə tanış olub

2026/06/1782222918.jpg
Oxunub: 245     17:45     23 İyun 2026    
Polşa Prezidenti Karol Navrotski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfəri çərçivəsində ASELSAN-ın Gölbaşı Texnologiya Mərkəzini ziyarət edib.

Ordu.az xəbər verir ki, səfər zamanı Navrotskini Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və ASELSAN-ın baş direktoru Ahmet Akyol müşayiət edib.

Nümayəndə heyətinə ASELSAN tərəfindən radioelektron mübarizə, radar, hava hücumundan müdafiə sistemləri, rabitə və elektro-optik sahələrdə hazırlanmış milli texnologiyalar barədə məlumat verilib.

Səfər zamanı çıxış edən Karol Navrotski Türkiyə ilə Polşa arasında müdafiə sənayesi əməkdaşlığının strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Türkiyə və Polşanın müdafiə sənayesi sektorları arasındakı əməkdaşlıq əvəzolunmazdır. Onilliklərdir strateji tərəfdaş kimi bir-birimizə bağlıyıq. 2025-ci ildə Türkiyə ilə imzaladığımız müqavilədən sonra daha güclü ittifaq qurmağa hazırıq. Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə formalaşmış ASELSAN köklü şirkətdir. Təcrübələrimizi bölüşməliyik”, - deyə Navrotski bildirib.

Polşa Prezidenti həmçinin ASELSAN-ın Polşadakı fəaliyyətini və yerli tərəfdaşlarla əməkdaşlığını yüksək qiymətləndirib.

Məlumata görə, son dövrdə Türkiyə ilə Polşa arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusilə radioelektron mübarizə və qabaqcıl müdafiə sistemləri istiqamətlərində sürətlə inkişaf edir.

Qeyd edək ki, ASELSAN ilə Polşa arasında əməkdaşlığın son nümunələrindən biri 2025-ci ilin dekabrında radioelektron mübarizə sistemləri üzrə təxminən 410 milyon dollar dəyərində ixrac müqaviləsinin imzalanması olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ASELSAN   Navrotski  


Bizi "telegram"da izləyin