Niger parlamentinin sədri: "Azərbaycanın enerji resursları ilə bağlı təcrübəsindən istifadədə maraqlıyıq"

2026/06/1782214391.jpg
Oxunub: 130     15:16     23 İyun 2026    
Niger Azərbaycanın enerji resurslarından səmərəli istifadə istiqamətində təcrübəsindən faydalanmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu Niger Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Milli Məclis sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Görüşdə ölkələr və parlamentlər arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qanunverici orqanlarımızın beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlığı qeyd olunub. O cümlədən, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı kimi təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti ifadə edilib.

Spiker Sahibə Qafarova qonağa 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Parlament Şəbəkəsi 5 il ərzində həm institusional inkişaf, həm də beynəlxalq nüfuzunun artması baxımından böyük inkişaf yolu keçib.

Mamoudu Haruna Cinqarey Azərbaycanın əldə etdiyi nailiyyətləri təqdir edərək deyib ki, bir çox ölkələr onilliklər ərzində belə Azərbaycanın son illərdə qazandığı uğurlara nail ola bilməyiblər.

Məsləhət Şurasının sədri Nigerin Azərbaycan və Milli Məclis ilə münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu söyləyərək ölkənin bir çox sahələrdə, o cümlədən enerji resurslarından səmərəli istifadə istiqamətində təcrübəsindən faydalanmaq istədiklərini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Azərbaycan  


Bizi "telegram"da izləyin